Qəbələ RLS-in bundan sonrakı taleyi necə olacaq?!

12 Dekabr 2012 11:00 (UTC+04:00)

Nəhayət ki, Rusiyanın Azərbaycanda yeganə hərbi obyekti olan Qəbələ RLS-in fəaliyyətinə son qoyuldu. Xatırladaq ki, Rusiya tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib. Rəsmi Moskvanın sözügedən stansiyadan əl çəkməsi isə ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirlir.

Şərq – Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Ərəstun Oruclunun sözlərinə görə, bundan sonra RLS-in Azərbaycan tərəfinin müstəqil olaraq istismar etməsi üçün birinci həmin obyektin əhəmiyyətinə baxmaq lazımdır: "Əhəmiyyət baxımından Qəbələ RLS-ı Azərbaycan üçün böyük işlər görə biləcək texniki qurğudur. Amma hərbi strateji cəhətdən yox. Çünki, Azərbaycanın Hindistanda, Yaxın Şərqdə və yaxud da digər bölgələrdə nəsə strateji maraqları yoxdur ki, oralarda kəşfiyyat işi aparsın, radiolokasiya fəaliyyəti həyata keçirsin. Lakin Azərbaycan onu qlobal təhlükəsizlik sisteminə qoşulmaq üçün çox səmərəli şəkildə istifadə edə bilər. Çünki, Rusiya Azərbaycan ilə anlaşmadı. Əslində bu, gözlənilən idi. Çünki, bir il əvvəldən Rusiya mətbuatında stansiya məsələsinin müzakirəsi başlamışdı. Artıq o zaman da bu məsələnin sonu belə olacağı bəlli idi. Həmçinin biz də proqnozlaşdırmışdıq ki, Rusiya bundan imtina edə bilər. Çünki, ona bu stansiya lazım deyil. Belə də oldu".

Politoloqun sözlərinə görə, bir neçə il əvvəl Rusiya təklif etmişdi ki, bu stansiyanı ABŞ, Azərbaycan və Rusiya birlikdə istismar etsinlər: "Bu gün Azərbaycan onu NATO-ya təklif edə bilərmi? NATO-nun buna ehtiyacı varmı? Yaxud da ayrılıqda Türkiyəyə lazımdırmı? Bu variantların hamısından yaralanmaq olar. Amma ilk öncə Rusiya hərbçiləri oradan çıxıb gedəndən sonra stansiyanın texniki durumunun buna imkan verməsini dəqiqləşdirmək lazımdır. Çünki, biz bilmirik ki, onlar stansiyanı hansı vəziyətdə qoyub gedəcəklər. Ona görə də ilk növbədə Azərbaycan tərəfi buna ciddi təminatlar almalıdır. Təhvil – təslimi həyata keçirəndə çox ciddi nəzarət etməlidir ki, Rusiya hərbçiləri o stansiyanı ya sıradan çıxarıb, ya da hansısa önməli elementlərini söküb aparmasınlar. Çünki, bu, Azərbaycanın mülkiyyətidir. Rusiya onu icarə etdiyi kimi də işlək vəziyyətdə Azərbaycana qaytarmalıdır. Çünki, bu, müqavilə öhdəliyidir. Birinci vəzifə dediyimz kimi, oranı Rusiya hərbiçilərindən tam sağlam almaqdır. İkinci isə zamana ehtiyac olan vəzifədir ki, bu, qlobal təhlükəsizlik miqyasında maraq göstəriləcək bir stansiyadır. Maraq göstəriləcəksə, təbii ki, bu, yaxşı bir haldır. Onu artıq başqa bir şərtlərlə icarəyə vermək olar. Burada da Azərbaycan üçün ən münasib şərt stansiyanın birlikdə istismardır. Əks halda onu hansısa dövlət götürürsə, öz rəqiblərinə qarşı istifadə edə bilər. Bu da Azərbaycanı hədəfə çevirəcəkdir. Hədəfə çevrilməmək üçün stansiya birgə istismar olunmalıdır ki, fəaliyyətə nəzarət olunsun. İkinci tərəfədən bu maraq olmayacaqsa, stansiyanı təcili şəkildə demontaj etmək lazımdır ki, gələcəkdə Azərbaycan üçün problemlər yaratmasın".

Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə isə, vəziyyətin daha da gərginləşməməsi üçün Azərbaycan yəqin ki, həmin radiolokasiyanın fəaliyyətinə son qoyacaq və orada turizmin inkişafı üçün müəyyən addımlar atacaq: "Yəqin ki, Qəbələ RLS ilə bağlı Azərbaycan – Rusiya münasibətlərində son durumu yumaşaltmaq, ikitərəfli əməkdaşlıqlara xələl gətirməmək üçün o stansiya bağlanacaq. Onsuz da Azərbaycanın tək o stansiyadan istifadə etməyə gücü yoxdur. Yəni, lazım olan sayda mütəxəssisimiz yoxdur və heç Azərbaycana o stansiya lazım da deyil. Radiolokasiya SSRİ zamanlarında qurulduğu üçün SSRİ-nin maraqlarına cavab verən stnasiya idi. Sonra da SSRİ-nin varisi kimi, Rusiya bu stansiyadan öz təhlükəsizliyi üçün istifadə etdi. Dünənə qədər vəziyyət ona doğru gedirdi ki, tərəflər razılıq əldə edəcəklər və problem çözüləcək. Amma Rusiya Qəbələ RLS-dən imtina etdi. Bu isə mənim üçün gözlənilməz oldu. Bu, Rusiya siyasi rəhbərliyinin incik notları üzərində verilmiş bir qərar idi. Odur ki, bundan sonra son dərəcə diqqətli olmalıyıq. Hadisələr cəbhədəki vəziyyəti gərginləşdirə bilər. O cümlədən Azərbaycanın Rusiyada yaşayan və işləyən vətəndaşları diqqətli olmalıdır. Fikirlər söylənilir ki, bu hal Ukraynada da baş verib. Bildirilir ki, buna baxmayaraq, Rusiya ilə Ukrayna arasında heç bir problem yaşanmadı. Lakin Rusiya ilə Ukrayna arasında problemlər bu gün də mövcuddur. Rusiya Ukraynanın böyük dövlət olduğunu nəzərə alır. Amma Azərbaycanın Ukrayna və Rusiya ilə müqayisədə güc potensialı yetərincə deyil. Ona görə də Azərbaycan – Rusiya münasibətlərində gərginliklər yaşanacaq və 2013 – cü ildə bu faktoru nəzərə almalıyıq".

Sonda xatırladaq ki, Qəbələ RLS 1985-ci ildən istismara verilib. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002 - ci ildə stansiyanı Rusiyaya 2012 - ci ilə kimi il ərzində 7 milyon dollar ödəməklə icarəyə verib.