"Səfillər" romanın yeni ekran versiyas? Nyu York kinomanlarının ixtiyarına verilib

12 Dekabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dahi fransız yazıçısı Viktor Hüqonun "Səfillər" romanın yeni ekran versiyası Londondan sonra Nyu York kinomanlarının ixtiyarına verilib. 19-cu əsr fransa həyatının əks olunduğu dram-myuzikalın növbəti premyerası da məşhurların çıxışları ilə yadda qalıb. Nyu Yorkun Ziqfild teatrında reallaşan gecədə ekran əsərində əsas rolları canlandıran Russel Crou, Enn Hetvey, Amanda Seyfrid və Hyu Jekman yüzlərlə fanatlarının qarşısına çıxıblar. Bu dəfə də qırmızı xalı üzərində bir araya gələn məşhurlar dünya klassik ədəbiyyatının ən gözəl nümunələrindən sayılan "Səfillər" əsərinin yeni ekran varantının tam fərqli olduğunu bildiriblər. Eyniadlı myuzikal əsasında ekranlaşdırılan filmdə məşhur Jan Valjan rolunu Avstraliyalı aktyor Hyu Cekman canlandırıb. "Səfillər" film myuzikalında ən yaddaqalan obrazlardan biri –Fantina rolunu ifa edən istedadlı aktrisa Enn Hetvey də təəssüratlarını bölüşüb. Min bir əziyyətlə kiçik qızı Kozettanı böyütməyə çalışan Fantina əsərin ən dramatik obrazlarından hesab olunur: "Filmin psixoloji tərəflərindən biri də saçlarımı kəsməyim olub. Bunu özüm istədim. Fikirləşdim ki belə etsəm ekran əsəri daha mənalı və inandırıcı olar."
"Kral danışır" filmilə kinodünyasında möhürünü qoyan Oskarlı rejissor Tom Huper "Səfillər" dramının süjet xəttinin eyniylə əsərdəki kimi olduğunu bildirib: "Filmin myuzikal şəklində ekranlaşdırılması çoxdankı fikrim olub. Əvvəl aktyorlar öz səslərilə oxumaq istəməsələr də sonradan razılaşdılar. Bunun daha yaxşı fikir olduğunu düşünürəm."
"İlk olaraq çəkilişlərdə çətinlik çəkdim, lakin sonra tərəf müqabillərimin professional oyunu mənə kömek etdi. Bu Myuzikal karyeramda xüsusi yerə sahibdir." deyə danışan aktrisa Samanta Barks çəkiliş prosesindən aldığı zövqü də gizlətməyib.
"Səfillər" dram-myuzikalındakı bütün ifalar elə aktyorlar tərəfindən səslənib. Viktor Hüqonun "Səfillər" romanı əsasında quruluş verilən eyniadlı myuzkal isə Eleyn Bublil tərəfindən hazırlanıb. Film-myuzikalda səslənən bütün mahnılar məşhur bəstəkar Klod Mişel Şonberqin məhsuludur. 1832-ci il Parisdə oğurluğa görə həbs olunan Jan Valjan həbsxanadan qaçmağı bacarır. Bundan sonra o, polis məmnuru Javerlə revanşa hazırlaşır. Lakin hadisələr bununla yekunlaşmır. Filmin digər hissəsində Fantina ilə kiçik qızı Kozettanın həyat hekayəsi canlanır. Jan Valjanın xilas etdiyi Kozetta illər sonra Mariusla tanış olur...Sevgi, qəhrəmanlıq, dostluq və həqiqi həyat hekayəsinin əks olunduğu "Səfillər" film-myuzikalı 25 dekabrdan ABŞ kinoteatrlarında nümayiş olunur. Britaniyalı kinomanlar isə ekran əsərini 11 yanvardan izləmək şansı qazanacaqlar.