Azərbaycan Rusiyaya 1.2 milyard dollarlıq hərbi texnika sifariş verib

12 Dekabr 2012 16:28 (UTC+04:00)

Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, bu dövrdə Azərbaycan Rusiyaya böyük həcmdə aviasiya texnikaları, raket və zenit-raket kompleksləri sifariş verib. Rusiya tərəfi bu günədək sifarişlərin əhəmiyyətli hissəsinin çatdırılmasını təmin edib.

2010-cu ilin sentyabr ayında iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş helikopteri verib. Helikopterlərin və simulyatorun çatdırılması və texniki dəstəyi nəzərdə tutan müqavilənin dəyərinin 350 milyon ABŞ dolları olduğu bildirilir. Bundan başqa, Azərbaycan tərəfi eyni dövrdə Rusiya ilə 60 ədəd Mi-8MT/Mi-17 tipli helikopterin alınmasına dair müqavilə imzalayıb ki, bu müqavilənin dəyəri 600 milyon dollara yaxındır. Hazırda hər iki müqavilə üzrə helikopterlərin çatdırılması prosesi davam edir. Mi-35M tipli helikopterlərin çatdırılmasının gələn ilin ortalarınadək yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycan 2010-cu ildə həmçinin Rusiyanın "Taktik Raket Silahlanmalar" Korporasiyasına "Uran-E" gəmi raket kompleksləri sifariş verib. Şirkətin açıqladığı məlumata görə, rəsmi Bakının sifarişinin ümumi dəyəri 75 milyon ABŞ dolları təşkil edir. Azərbaycanın sifarişi üzrə komplekslərin çatdırılması 2014-cü ildə yekunlaşmalıdır.

Qeyd olunanlardan başqa, 2007-ci ildə başlanmış danışıqların yekunu olaraq, imzalanmış müqavilə çərçivəsində 2010-cu ildə Rusiyadan 2 divizion S-300 "Favorit" zenit-raket kompleksi satın alınıb. Dəyəri 300 milyon dollar olan bu müqavilə çərçivəsində alınmış komplekslər ilk dəfə 2011-ci ilin iyun ayında, Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Bundan başqa, 2010-cu ildə Azərbaycan yerli müəssisədə AK-74M avtomatının seriyalı istehsalının həyata keçirilməsi üçün Rusiyanın "İjmaş" Konsernindən 10 illik müddətə lisenziya alıb. Həmçinin Azərbaycan Silahlı Qüvvələri və digər güc strukturları tərəfindən Rusiya ilə müxtəlif müdafiə təyinatlı məhsulların alğı-satqısını əhatə edən müxtəlif müqavilələr imzalanıb.