Burak Özçivit: "Fahriyə bir dənədir"
18 May 2016 17:50 (UTC+04:00)
Türkiyənin ən yaraşıqlı və populyar
aktyorlarından olan Burak Özçivit bu aralar "Kardeşim benim" adlı
filmlə gündəmdədir. Həm prodüserliyini etdiyi, həm də gənc qızların
sevimlisi müğənni Murat Bozla birlikdə çəkildiyi üçün hər kəs filmi
səbirsizliklə gözləyir. Bu fürsəti qaçırmayan "Hürriyət"in tanınmış
müxbiri İzzət Çapa aktyordan maraqlı müsahibə alıb. Sevgilisi
Fahriyə Evcənlə Avstriya polisini təşvişə salmaqlarından, çəkiliş
meydançasında üzləşdiyi çətinliklərdən, özünə vurğunluğundan
danışan aktyor bir çox mövzuda səmimi açıqlamalar verib.
Movqe.az publika.az-a istinadən müsahibəni təqdim
edir:
- Eşq mövzusunda çəkilən filmlərdən sonra sərt
keçid etdiniz. Birdən-birə tamaşaçıları güldürməyə qərar verdiniz.
Komediya janrında uğur qazana biləcəyinizə
inanırsınız?
- Aktyorun vəzifəsi fərqli rollara bürünməyi
bacarmaqdır. İlk dəfə rol aldığım serial da komediya janrında olub.
Əslində, real həyatda da əyləncəli, deyib-gülən adamam. Ona görə
də, komediya mənə doğmadır.
- Əvvəlcə, müğənnilər Özcan Dənizlə, Mahsun
Qırmızıgül kino sahəsinə keçid etdilər. Siz isə prodüserlik
edirsiniz. Bu yeni dəbdir?
- Öz işimin rəisi olmaq fikrim yox idi. Ancaq
xəyalımdakı işləri reallaşdırmaq üçün öz şirkətimi yaratmalı oldum.
Çünki illərdir aldığım film təkliflərinin heç biri ürəyimcə
olmurdu. Öz ssenarilərimi yazıb, filmimi ərsəyə gətirməli
oldum.
- Yəni, deyirsiniz ki, pul problemim yoxdur,
istədiyim filmi çəkərəm?
- Haradadır e, o xoşbəxtlik. Hamısını kredit
götürmüşəm.
- Aktyorluq və prodüserlikdən sonra belə görünür,
səni yaxında rejissor kimi də təqdim etməli
olacağıq.
- Niyə də olmasın. Fotoqrafiya sahəsi üzrə təhsil
almışam. Ancaq özümü hazır hiss etmədən rejissorluq kreslosuna
əyləşmərəm.
- Üç il öncə də sizdən müsahibə almışdım. Onda
deyəcəyiniz sözləri diqqətlə seçirdiniz. İndi sanki bambaşqa adam
olmusunuz. Qorxularınızdan xilas oldunuz?
- Məncə, istənilən insanın qorxuları var, ancaq
önəmli olan onlarla üzləşə bilməkdir. Bunu bacardıqdan sonra
istər-istəməz cəsarətli olursan. Əvvəllər çox sıxılır, hər şeyi
problem edirdim. Bu xasiyyətimi tərgitdim. Xəyal gücüm üzündən çox
dərd çəkirdim. Çoxlu planlar qurur, onlar həyata keçməyəndə xəyal
qırıqlığı yaşayırdım. İndi bilirəm ki, 5 il sonrası üçün xəyal
qurmağa ehtiyac yoxdur, anı yaşamaq lazımdır.
- Nə olub? Niyə "Ferrarisini satan rahib" kimi
danışırsınız?
- Başa düşdüm, sən məni ələ salırsan (Qəhqəhə
çəkir) Ancaq reallıq budur ki, insan 29 yaşdan sonra çox dəyişilir.
Əvvəllər deyirdilər ki, "30 yaşdan sonra ruh halın dəyişəcək". Düzü
buna inanmırdım. Amma yaşayaraq gördüm ki, doğru imiş. Görmürsən,
necə sakit bir insana çevrilmişəm!
- Hansı aktyora, aktrisaya yaxınlaşsam, yerli
serialların çox uzunçuluq etdiyindən
şikayətlənirlər.
- Həftənin 6 günü, gündə 18 saat çəkiliş
meydanında oluram. "Çalıkuşu" 120 dəqiqə çəkirdi, biz yoruluruq
deyirdik. "Kara sevda"nın hər seriyası isə 150 dəqiqədir. İndi nə
vəziyyətdə olduğumuzu fikirləş.
- Birdən "tükənmişlik sindromu"na
yaxalanarsınız..!
- İşimi sevdiyim üçün belə bir təhlükə ilə
üzləşəcəyimi zənn etmirəm. Ancaq həm fiziki, həm də zehni baxımdan
çox yorulduğumu etiraf etməliyəm.
- Aktyor olmaq çətindir. Bu qədər işlə, sonra da
arıq qala bilmək üçün idmana get.
- Yox, qardaş, nə idmanı? İnan ki, idmana belə
vaxtım qalmır. Onsuz da buna görə arıqlamışam. Camaat arıqlamaq
üçün idman edir, mən isə idmandan uzaqlaşanda
arıqlayıram.
- Vaxtsızlıqdan şikayət edirsiniz. Belə çıxır ki,
Fahriyənin üzünü belə görmürsünüz. Heç olmasa,
məktublaşırsınız?
- Məktublaşmaq sənin dövründə qalıb. Dövr ismarış
dövrüdür. Biz çox mesajlaşırıq. Hər ikimiz kino sahəsində fəaliyyət
göstərdiyimiz üçün vəziyyətlə barışmaq asan olur. Ancaq Fahriyə
daha öncə 150 dəqiqəlik seriala çəkilməyib. Ona görə də, "Sənin
işin niyə səhərə kimi çəkir?", - deyə soruşduğu vaxtlar
olur.
- Qız haqlıdır.
- Bilirəm. Təkcə Fahriyə yox, dostlarım və ailəm
də narahatdırlar.
- İndi əksini düşün, Fahriyə sənə vaxt ayıra
bilməsə idi, qısqanclıqdan dəli olmazdın?
- Qısqanclıq etməyi çoxdan tərgitmişəm. Həm də biz
bir-birimizi yaxşı tanıyırıq. Aramızda elə problemlər ola bilməz.
Üstəlik, Fahriyə insanı başa düşəndir, ondan bir dənədir. Bu arada
müsahibənin sonu hara doğru gedir? Bəs ancaq filmdən
danışacaqdıq?
- Yaxşı, onda ən sevdiyiniz mövzuya, yəni "siz"ə
qayıdaq. Eşitdiyimə görə, gün boyu güzgünün qabağından
ayrılmırsınız.
- (Gülür) Çəkiliş meydanında olanda güzgüyə çox
baxıram. Nəzərə alsaq ki, milyonların qarşısına çıxırıq, bu, təbii
haldır. Normal həyatda təbii ki, güzgü aludəçisi
deyiləm.
- Murat Bozla filmdən sonra
dostlaşdınız?
- Yox, 7-8 ildir ki, dostuq.
- Murat zarafatcıl adamdır, olmaya bu deyib-gülən
halınızı Murada borcluyuq?
- Heç ağlıma gəlməmişdi. Ancaq ola bilər. Muradın
ən müsbət keyfiyyətlərindən biri aktyorluq haqqında məlumatlı
olmadığını açıq şəkildə deməsidir. Heç utanıb-çəkinmir. Çəkiliş
meydanına gələndə dedi ki, "Mən bu işi bilmirəm, mənə kömək edin".
Biz də əlimizdən gələni etdik. Qəribə adamdır.
- Muradla film çəkmək haradan ağlınıza
gəldi?
- Muradla yemək yeyirdik. Uzun müddətdir ki,
üzərində düşündüyüm film layihəsindən bəhs etdim. Mənimlə işləmək
istəyib-istəmədiyini soruşdum. Sağ olsun, heç ssenarini oxumadan
razılaşdı. Dedi ki, "sənə güvənirəm".
- Eşitdiyimə görə, Vyana şəhərində sevgilinizlə
əsl macəra yaşamısınız. Nə baş verib?
- Haradan eşitmisən? Bu hadisə yalnız Avstriya
mətbuatında yayımlanıb. Biz də təəccübləndik. Deməli, Fahriyə ilə
yeni ili qarşılamaq üçün 2 günlük Vyanaya getmişdik. Gəzib
əyləndikdən sonra, orada çəkdirdiyimiz fotoşəkli "Instagram"da
paylaşdım. Otelə qayıdanda qapıda ən az 30-40 nəfərin olduğunu
gördük. Hamı bizdən avtoqraf istəyirdi. Otel səlahiyyətliləri
qələbəliyi yarıb bizi zorla liftə mindirə bildilər. Bir müddət
otağımızdan çıxmadıq. Aşağıdan gələn dava-dalaş səslərini
eşidirdik. Sən demə, insanlar yanımıza gəlmək istəyirmiş. Otel
işçilərinin rəngi qaçmışdı, çox qorxurdular, deyirdilər ki,
"buralarda belə şeylər olmur". Qələbəlik daha da böyüyübmüş, ən az
700-800 nəfər varmış.
- Castin Biber kimi adamsınız...
- (Gülür) Bir saat otağımızda gözlədik. Yeni il
gecəsi belə küçələrində polisin olmadığı Vyana bizim üzümüzdən
qarışdı. Otelə 11 maşınla 65 polis gəldi, qələbəliyi dağıtdılar.
Sonra bizi oteldən götürüb hava limanına apardılar. Yolda
soruşdular ki. "siz kimsiniz və necə olur ki, burada bu qədər
tanınırsınız?" Əslində, biz də bunların necə baş verdiyini
bilmirdik. Ancaq polis təşvişə düşmüşdü, çünki şəhərdə əsla belə
hadisələr olmurmuş. Bir sözlə, Qanuni Vyananın qapılarına kimi gedə
bildi, ancaq şəhəri biz fəth etdik (Gülür).