Azərbaycan-Rusiya münasibətlərinə heç bir xələl gəlməyəcək

12 Dekabr 2012 18:16 (UTC+04:00)

Son zamanlar gündəmin əsas məsələlərindən biri də Qəbələ RLS-in bağlanması və bunun Bakı ilə Moskva arasında münasibətləər hansı formada təsir göstərəcəyi ilə bağlıdır. Bir çox ekspertlər stansiyanın bağlanmasının ikitərəfli münasibətlərə mənfi təsir etməyəcəyini desə də, bunun əksini söyləyənlər də var.

Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Elman Abdullayev Mövqe. Az-a açıqlamasında aşağıdakıları bildirib: "Məsələ ondadır ki, Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında saziş var idi. Bu sazişin də müddəti 9 dekabr 2012-ci ildə başa çatıb. Buna qədər aparılan danışıqlarda isə icarə haqqı ilə bağlı Azərbaycan və Rusiya tərəfi razılığa gələ bilmədi. Bu səbəbdən Rusiya tərəfi bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə nota verdi. Stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən dayandırılması barədə nota ilə bildiriş elədi. Halbuki, aparılan intensiv danışıqlarda Azərbaycan tərəfi öz növbəsində Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirmişdi.

Stansiyanın bağlanmasının isə ikitərəfli münasibətlərə mənfi təsir edə biləcəyinə inanmıram. Çünki, Azərbaycan-Rusiya münasibətləri çox geniş spektrli münasibətlərdir. Bu münasibətlər mehriban qonşuluq prinsipləri çərçivəsində həyata keçirilir. Bizim münasibətlərimiz indi yüksək, dinamik səviyyədə inkişaf edir. İnanmıram ki, stansiyanın bağlanması ikitərəfli münasibətlərə mənfi təsir etsin. Bunun qarşılıqlı əməkdaşlığı heç bir mənfi təsiri olmayacaq".