Rusiyada hələ də yeni RLS razılaşmasına ümid edirlər

13 Dekabr 2012 08:45 (UTC+04:00)

Bağlandıqdan sonra belə geniş müzakirə predmetlərindən birinə çevrilən Qəbələ RLS ətrafında yeni ziddiyyətli məqamlar meydana çıxır. Məlum olur ki, Azərbaycan danışıqlar prosesini davam etdirmək niyyətində olsa da, Rusiya rəsmi Bakı tərəfindən müvafiq müraciətin olmadığını iddia edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviçin açıqlamalarından da bunu görmək olar: "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Qəbələ Radiolokasiya Stansiyasının statusu, istifadə prinsipləri və şərtləri haqda sazişin fəaliyyət müddəti 2012-ci ilin dekabrın 9-da başa çatdığı üçün Rusiya tərəfi dekabrın 10-dan bu stansiyanın istismarını dayandırıb. Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə vaxtında müvafiq nota təqdim edib". Nazirliyin rəsmisi Azərbaycandan Qəbələ RLS-in icarə müddətinin uzadılması haqda danışıqları bərpa etmək təklifi daxil olmadığını vurğulayıb. Lakin məsələ ilə bağlı Azərbaycan XİN-in yaydığı bəyanatda əslində, danışıqların davam etdirilməsi ilə əlaqədar müraciətin olması diqqətə çatdırılıb.

Elə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Qəbələ RLS-in istismarını dayandırmasına münasibəti bildirərkən belə bir müraciətin olduğunu təsdiq edib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib ki, Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olub: "Lakin obyektin icarə haqqı çox az olduğundan bizim şərtimiz oldu ki, bu məbləğ artırılsın. Bunu isə Rusiya qəbul etmədi və RLS-in istismarını dayandırdı".

İndilikdə isə Rusiya tərəfinin açıqlamaları belə qənaətə gəlməyə əsas verir ki, Kreml RLS-in fəaliyyətinin dayandırılmasında əsas məsuliyyət daşıyan tərəf kimi yalnız Azərbaycanı göstərməyə çalışır. Bu səbəbdən RLS-lə bağlı danışıqların getməsinə rəğmən, prosesin davam etdirilməsi üçün Bakının heç bir təşəbbüsdə bulunmadığına dair ziddiyyətli açıqlamalar verir. Lakin Rusiyada yeni RLS razılaşmasına ümid edənlər də var. Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Boris Reznik bildirib ki, hələ bütün ümidlər tükənməyib: "Həyat davam edir, yeni razılaşmanın imzalanması imkanları qalmaqdadır. Mən gələcəyə ümidlə baxıram. Azərbaycanla münasibətlərimiz o dərəcədə yaxşıdır ki, bu cür hadisələr gərginlik yaratmamalı, yaxud inamsızlığa səbəb olmamalıdır. Biz əsrlər boyu əməkdaşlıq etmişik. Bu, bəhanə ola bilməz. Siyasi xadimlərimiz, Xarici Işlər Nazirlikləri və digər qurumlarımız müvafiq sahə üzrə lazımi razılaşmaya nail olacaqlar".

Lakin rusiyalı hərbi icmalçı Aleksandr Qolts hesab edir ki, Moskvanın qərarı ikitərəfli əlaqələrə mənfi təsir göstərək. Eyni zamanda o, Rusiya arasında danışıqların davam etdiriləcəyini də istisna etməyib: "Bu məsələ hərbi-texniki səviyyədən siyasi müstəviyə keçib. Aydındır ki, Rusiya Azərbaycanla hərbi əlaqələri kəsmək istəməzdi. Azərbaycan ərazisində bu kimi obyektin mövcud olması belə əlaqələrin yəqin ki, ən açıq təzahürü, bir növ rəmzi olub". Aleksandr Qoltsun sözlərinə görə, Qəbələ RLS Rusiya üçün mühüm əhəmiyyət kəsb etsə də, Moskva Azərbaycandakı radar stansiyasına istənilən icarə haqqını ödəməyə hazır olmadığını göstərib.

O, BBS-yə açıqlamasında deyir ki, indiyədək Rusiya və Azərbaycan arasında Qəbələ RLS sayəsində az da olsa, hərbi əməkdaşlıq vardı. Bu müqavilənin ləğv olunması isə Bakı və "hərbi müttəfiqi" İrəvan arasında balansın saxlanılmasına çalışan Rusiya üçün yeni vəziyyət yaradır: "Xatırladım ki, Azərbaycanın son 20 il ərzində daim düşməni olan Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Kollektiv təhlükəsizlik müqaviləsinə əsasən, Ermənistanla Azərbaycan arasında münaqişə baş verərsə, Rusiya birmənalı şəkildə Ermənistan tərəfində çıxış etməlidir. Bunu da təsəvvür etmək çətindir".

Aleksandr Qoltsun sözlərinə görə, Rusiya ərazisində Qəbələnin bütün funksiyalarını daha az xərclə həyata keçirməyə qadir olan yeni nəsil radarların tikilməsindən sonra bilavasitə Rusiya təhlükəsizliyinin təmin edilməsi baxımından Qəbələ stansiyasının sırf hərbi əhəmiyyəti azalıb.

Lakin bu fikirlərin əksini düşünənlər, o cümlədən Qəbələ stansiyasının Rusiyaya verilməməsini "Putinə şillə" kimi qəbul edənlər də var. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı bildirir: "Putin çox kinli siyasətçidir. Putin hakimiyyətə gələndə məlum idi ki, Azərbaycan ona RLS-i vermək istəmir və buna görə məbləği artırıb". Ekspert düşünür ki, Qəbələ RLS əslində Rusiyaya lazım deyil, amma o, bu baza ilə Azərbaycanda hərbi varlığını bildirirdi.

Azərbaycanın son illərdə Qəbələdə turizm obyektlərini tikməsi və bura milyonlarla dollar investisiya yatırılmasını ekspert rəsmi Bakının müqavilənin artırılmasında maraqlı olmamasının göstəriciləri hesab edir. Dövlət rəsmiləri isə, münasibətlərdə heç bir dəyişiklik gözləmir. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Rusiya və Azərbaycan arasında münasibətlərin normal qaydada davam etdiyini deyib: "Azərbaycan tərəfi RLS-in icarə müddətinin və haqqının artırılmasını təklif edib. Rusiya sadəcə olaraq bu təklifi qəbul etməyib".