Qızıl külçələr Azərbaycanda da dəbə minir

13 Dekabr 2012 08:51 (UTC+04:00)

Hazırda dünyanın ən aparıcı valyutalarının məzənnəsinin tez-tez dəyişməsi fonunda qızıla olan maraq əhəmiyyətli dərəcədə artmaqdadır. Məhz bu səbəbdəndir ki, statistika qızıl alışının getdikcə artdığını göstərir. Lakin əvvəlki dövrlərdən fərqli olaraq insanlar qızıldan hazırlanan bəzək əşyalarının alışına elə də böyük maraq göstərmirlər.

Səbəb isə çox sadədir. Baha qiymətə alınan belə məhsulları sonradan zərgərlər, qızıl ticarətçiləri yalnız "lom" qiymətinə götürürlər. Bu səbəbdən belə qızıl əşyaları necə deyərlər, dar günün yarağı olmur. Elə Azərbaycanın qızıl satışını həyata keçirən ticarət mərkəzlərinin timsalında bunu görmək olar. Bu səbəbdən elə "lom" qızılın alışına maraq son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Belə qızıl qismində isə külçə qızıllar daha münasib sayılır.

Onu da bildirək ki, son bir il ərzində isə qızılın qiymət artımı kreditə görə ödənilən faiz dərəcəsini də üstələyib. Odur ki, külçələri kreditlə almaq nağd pul verib almaqdan daha sərfəlidir. Qızıl külçələrin qiyməti dünya bazarında qızılın qiymətindən, eləcə də Mərkəzi Bankın valyuta məzənnələrindən asılıdır. Məsələn, bu gün 5 qramlıq külçələr vətəndaşlara təxminən 325 manata satılır. Bu da onun qramının 65 manat olması deməkdir. 10 qarmılıq qızıl külçənin qiyməti isə 646 manatdır. 500 qarmlıq qızıl külçə üçün isə 31866 manat ödəmək lazım gəlir.

Beləliklə, daha yüksək çəkiyə malik külçələr nisbi olaraq alıcılara daha ucuz başa gəlir. Banklarda satılan qızılın əyarı yüksək olduğu üçün mağazalarla müqayisədə satış qiyməti bir qədər bahadır. Ölkəmizdə artıq bir sıra banklar əhaliyə həm qızıl külçələr alışını, həm də onları saxlmaq üçün xidmətlərini təklif edirlər.

Misal üçün "Bank Standard" əhaliyə İsveçrə istehsalı olan qızıl külçələrin satışı üzrə xidmətlər təklif edir. Satışda ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100, 250 və 500 qram çəkidə olan qızıl külçələr mövcuddur. Qızıl külçələrin istehsalçı zavod tərərfindən verilən xüsusi keyfiyyət sertifikatı var. Hər bir külçənin üzərində seriya nömrəsi və istehsalçının adı qeyd olunub. Həmişə qiymətdə olan qızılın külçə formasında alınması eləcə də çox effektiv və qazanclı pul yerləşdirilməsi sayılır. Alınan külçəni etibarlı yerdə saxlamaq üçün "Bank Standard"da mövcud olan xüsusi seyflər də icarəyə verilir.

"Bank Respublika" da əhaliyə Rusiya istehsalı olan qızıl külçələrin alqı-satqısı üzrə xidmətlər təklif edir. Bank ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100 və 250 qram çəkidə olan qızıl külçələr təklif edir. Hər qızıl külçə onun göstəriciləri qeyd edilmiş xüsusi sertifikata malikdir.

Qızılın tarix boyu və həmçinin son illərdə mütəmadi olaraq qiymətinin artmasını nəzərə alaraq, qızıl külçə almağın pul vəsaitinin effektiv yerləşdirilməsi hesab etmək olar. Son il ərzində qızılın qiymət artımının, kreditə görə ödənilən faiz dərəcəsini üstələməsini nəzərə alaraq qızılın kreditə alınması da sərfəli ola bilər.

"Bank Respublika" qızıl külçənin satışı ilə yanaşı onların alışını da həyata keçirir. Bu, müştərilərə imkan verir ki, alınmış qızıl külçəni operativ qaydada bankda nağd pula çevirsinlər və qızılın qiymətinin artdığı halda əlavə gəlir əldə etsinlər. Burada da müştəri aldığı qızıl külçəni onun maksimal təhlükəsizliyi üçün "Bank Respublika"da bank seyfini icarəyə götürərək seyfdə saxlaya bilər. Hazırda "Bank Respublika" Azərbaycanda bu xidmətləri göstərən 3 özəl bankdan biridir. Araşdırmalar isə insanlarıq qızıl külçələr alınması və onların saxlanmasına marağının əhəmiyyətli dərəcədə artdığını göstərir.

Onu da qeyd edək ki, elə ayrı-ayrı dövlətlər də qızılın alışını artırmaqdadır. Çünki, son illər valyuta birjalarında baş verən proseslər ölkələrin qızılla yığımlarının həcminin artmasına gətirib çıxarıb. Qeyd edək ki, qızıl-valyuta ehtiyatları yüksək likvidli aktivlərdir.

Onlar dövlətin pul-kredit tənzimlənməsi orqanlarının nəzarəti altında olur. Istənilən anda ödəmə balansı defisitini maliyyələşdirmək, valyuta bazarlarında milli valyutanın məzənnəsinə təsir göstərən intervensiya və ya analoji məqsədlər üçün istifadə oluna bilər. Hazırda qızıl ehtiyatlarına görə, ABŞ liderdir. Amerikanın 8134 ton qızıl ehtiyatı var. İkinci sırada Almaniya gəlir. Bu ölkənin qızıl ehtiyatları 3396 ton təşkil edir. Qızıl ehtiyatlarının həcminə görə sonrakı yerlərdə 2 451 tonla İtaliya, 2435 tonla Fransa, 1054 tonla Çin, 1040 tonla İsveçrə, 937 tonla Rusiya qərarlaşıb.

Azərbaycan da qızıla böyük sərmayə yatırır. Məlumdur ki, Dövlət Neft Fondu qızılın alınmasına 2012-ci il fevralın 1-dən başlayıb. Hazırda DNF-in ümumi qızıl ehtiyatları təxminən 11 ton təşkil edir. Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq "JP Morgan" bankının London anbarı seçilib. Fondun alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib. Artıq Fondun London birjasında aldığı qızıl külçələrin ilk partiyasının ilin sonunadək Azərbaycana gətirilməsi planlaşdırılır. Alınmış qızıl ehtiyatının 1 ton həcmində ilk partiyası ilin sonunadək Bakıya gətirilərək saxlanmaq üçün Mərkəzi Banka təhvil veriləcək.