Metropolitendə vahid gediş kartından istifadə olunmayacaq

13 Dekabr 2012 08:57 (UTC+04:00)

Bakı Metropolitenində vahid gediş kartından istifadə olunmayacaq. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, Bakı Metropolitenində vahid yerüstü və yeraltı ictimai nəqliyyat üçün gediş kartının tətbiqi nəzərdə tutulmayıb.

O deyib ki, vahid gediş kartının tətbiqi, ilk növbədə, texniki səbəblərdən mümkün deyil. Metro kartı ayrıdır və bu ayrı olaraq qalacaq.

Tağı Əhmədov bildirib ki, Bakı Metropoliteni gələn ilin sentyabrınadək iki yeni stansiyanı - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır. Onun sözlərinə görə, indi stansiyaların ərazilərindən köçürülmə prosesi həyata keçirilir. Ancaq bu proses çox çətin (məhkəmələr vasitəsilə) gedir, buna görə stansiyaların istismara verilməsi ləngiyə bilər. Qeyd edək ki, Metropoliten 2016-cı ilədək "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Təzə Günəşli" stansiyalarını açmaq niyyətindədir.