Qarabağ danışıqları tam dayana bilər

13 Dekabr 2012 11:00 (UTC+04:00)

Əziz Əlibəyli: "Ola bilsin ki, danışıqlar masasına hansısa bir formatda Türkiyə qoşulsun"


Cümşüd Nuriyev: "Yaxın bir – iki il ərzində Azərbaycan daxili separitzmi özü həll etməlidir"


Elxan Şahinoğlu: "Hətta iki rayonun azad olunmasının qarşılığında Azərbaycandan böyük güzəştlər tələb edirlər"


Məlumat verildiyi kimi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin təmsilçisi Tomas Melianla görüşündə Dağlıq Qarabağ münaqişəsiən dair olduqca maraqlı fikirlər səsləndirib. O, Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə danışarkən rəsmi İrəvanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib. Bu isə həm də o analama gəlir ki, qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesi tam dayana bilər.

Həmçinin o da bəllidir ki, Ermənistanın məlum mövqeyi artıq ATƏT həmsədrlərinin regionlara səfərlərinin bir turistik xarakter almasına səbəb olub. Ekspertlər isə faktiki olaraq danışıqlar prosesinin bir fayda vermədiyi üçün Azərbaycanın digər səpkidə addım atmasının zamanının yetişdiyini bildirirlər. Siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, artıq ilin sonudur: "Tərəflər hələ də köhnə, status-kvodan çıxa bilmirlər".

Amma politoloqun sözlərinə görə, 2013-cü ildə diqqət çəkən başqa bir siyasi mənəzərə var: "Belə ki, getdikcə regionda Rusiya - ABŞ və Türkiyə münasibətləri yeni əhəmiyyət kəsb etməkdədir. Ola bilsin ki, danışıqlar masasına hansısa bir formatda Türkiyə qoşulsun. Belə ki, 2009-cu ildə Ermənistan-Türkiyə arasında imzalanan Sürix protokolunun hüquqi qiymət qazanması daha da aktuallaşmaqdadır. Hər halda regionda baş verən hadisələrin axını, bizi gözləmir. Hər an yeni dəyişiklik mümkündür".

Digər politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Melianın çıxışı bizdə belə bir fikir formalaşdırmalıdır ki, Rusiya ilə ABŞ arasında gizli razılaşma var: "Məsələ ondan ibarətdir ki, ATƏT-in həmsədri olan bir ölkənin rəsmisinin, guya Ermənistanın əlində əsir - yesir qalmaları kimi çıxış etməsi inandırıcı görünmür. Hətta Qarabağ məsələsinin həll olunmasında artıq ABŞ-ın maraqlı olmadığı da gündəmə gəlir. Ona görə də bundan sonra Azərbaycan özü Qarabağ məsələsi haqqında düşünməlidir. Yəni, bu 20 il ərzində ATƏT bizə heç bir xeyir vermədisə, bundan sonra da verməyəcək. Lakin 2013 – cü ildə Azərbaycanın hansısa addım atması bir qədər inandırıcı görünmür. Çünki, gələn ilin fevralında Ermənistanda, oktyabr ayında isə Azərbaycanda prezident seçkiləridir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün yerli separitizmi öz gücünə aradan qaldırmaq məcburiyyətində qalacaq. Bizim başqa çıxış yolumuz yoxdur. Çünki, burada xristian həmrəyliyi var, həm də Qafqazla bağlı ABŞ-ın planları baş tutmadığına görə, Vaşinqton Qarabağ məsələsinin həll olunmasını istəmir. Həmçinin, ABŞ-ın Gürcüstan layihəsi "suya" düşdüyünə görə Azərbaycan layihəsi yoxdur. Yəni, onlar Azərbaycan görə Rusiya ilə üz – üzə qalmaq istəmirlər. Rusiya da bütünlüklə Qafqaza sahiblənmədiyindən Qarabağ məsələsinin həll olunmasını istəmir. Azərbaycan uzun müddət Qərbə inteqrasiya yolunu tutsa da, o, Azərbaycan üçün siyasi dividend gətirmədi.

Xüsusi ilə ABŞ və Qərb dövlətləri Azərbaycanı meydanda tək buraxıblar. Düzdür, buna da yalandan demokratiya donunu geyindiriblər. Amma müqayisə etsək, Azərbaycanda o dövlətlərdən çox demokratiya var. Belə bir şəratdə şimal qonşumuzdan da nəyisə gözləmək bir az yersiz olardı. Çünki, hazırda Rusiya – Azərbaycan münasibətləri Moskva tərəfindən gərginləşdirilir. Amma yaxın bir – iki il ərzində Azərbaycan daxili separitzmi özü həll etməlidir. Biz beynəlxalq güclərdən heç nə gözləməməliyik. Çünki, ümidlə yaşayan Fələstinin bəlası 64 ildir ki, sürür. Elə bu gün də Qarabağ probleminin həll olunmamasını istəməyən ABŞ və Fransadır. Rusiya da öz marağına uyğun olaraq onları dəstəkləyir. Ona görə də yeni taktiki konsepsiya, Azərbaycanın aparacağı informasiya müharibəsinin yeni çərçivəsi hazırlanmalıdır. Təəssüf ki, bu gün Qarbağ məsələsində yekdil fikir yoxdur. Müxalifət bir söz, iqtidar başqa bir fikir, QHT-lər də daha fərqli fikir səsləndirirlər. Bəzən də Xarici Işlər Nazirliyinin bəyanatları ilə digər dövlətlərin bəyanatları üst – üstə düşmür. Amma burada konkret mövqe olmalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da indi faktiki danışıqların "donub"durduğunu söyləyir: "Həmsədrlərin bölgəyə səfərləri də nəticə vermir. Amma son səfərdə həmsədrlər Bakı, Xankəndi və İrəvanla yanaşı, işğal altındakı Cəbrayıl və Zəngilanı da səfər etdilər. Bu da ondan irəli gəlir ki, həmsədrlər istəyirlər ki, irəliləyiş olsun. Yəni, model prinsipləri əsasında heç olmasa, işğal altında olan iki rayonun da adı əlavə olunsun. Əvvəl Ağdam və Füzulinin adını çəkirdilər. Sonra yəqin ermənilər buna etiraz etdilər. Çünki, eitrazlarını həmin yerlərin Xankəndinə yaxınlığı ilə əlaqələndirə bilərlər. Daha sonra isə Ağdam və Füzuli Zəngilan və Cəbrayılla əvəz olundu. Azərbaycan isə buna razıdır ki, heç olmasa, Ermənistan bir neçə rayonu azad etsin. Amma görünür, separatçılar buna hazır deyillər. Hətta iki rayonun azad olunmasının qarşılığında Azərbaycandan böyük güzəştlər tələb edirlər. Azərbaycan da həmin addımları ata bilmədiyi üçün irəliləyiş yoxdur. Bütün rayonlar işğaldan azad olunmalıdır ki, bölgənin statusu ilə bağlı danışıqlar olsun. Ona görə də həmsədrlərin gəlib – getməsinin, danışıqların nəticəsi yoxdur. Elə vəziyyət belə də davam edəcək".