İctimai Palata daxilindəki ziddiyyət böyüyür

13 Dekabr 2012 11:30 (UTC+04:00)

Radikal müxalifət daxilində başlanan çəkişmələrin getdikcə daha da dərinləşdiyi müşahidə olunur. Keçən həftə "Asiman" restoranında 8 müxalifət partiyası rəhbərlərinin görüşü belə demək mümkünsə, açıq müstəvidə baş verən həmin çəkişmənin növbəti mərhələsi oldu.

Qeyd edək ki, birlik istiqamətində fikir mübadiləsi aparmaq üçün təşkil edilən həmin görüşə Müsavat Partiyasının başqanı İsa Qəmbər dəvət olunsa da, o burada iştirak etməyib. İştirak etməməyin səbəbini də vahid namizədlik məsələsinin müzakirə edilməməsilə əlaqələndirmişdi. İctimai Palatanın digər təmsilçisi olan AXCP sədri Əli Kərimli isə bu görüşdə iştirak edib. Bu isə o anlama gəlir ki, İctimai Palata təmsilçilərindən biri digər müxalif təşkilatlarla birgə görüşə qatılsa da, digəri orada olmağı vacib bilməyib. Çox güman ki, Əli Kərimlinin "Asiman" restoranına təşrif buyurmaqla başlıca məqsədlərindən biri Müsavat başqanını ofsayd vəzyyətə qoymaq olub. Çünki bu halda cəmiyyətdə İsa Qəmbərin təkləndiyi fikri formalaşır ki, bu da cəbhəçilərin fikrincə, İctimai Palatanın vahid namizədi olmaq uğrunda Əli Kərimliyə əlavə "kozır" verə bilər. Həmin hadisə isə bir daha göstərir ki, İctimai Palatadakı iki qrup arasında münasibətlər gərginləşməkdə davam edir.

Xatırladaq ki, uzun müddətdir, İsa Qəmbər gələn il keçiriləcək prezident seçkilərinə namizədliyini verəcəyini bəyan edir. AXCP isə bu müstəvidə ikili şəkildə danışır. Bir tərəfdən, onlar hazırkı iqtidarın əsas rəqib qismində məhz Əli Kərimlini gördüklərini ı ortaya atırlar. Digər tərəfdən isə seçkilərin boykot edilə biləcəyini də gündəmə gətirirlər. Bir sözlə, açıq-aydın görünür ki, AXCP gələn ilin prezident seçkiləri məsələsilə bağlı konkret fikrə gələ bilməyib. Proseslər isə ondan xəbər verir ki, İctimai Palatada vahid namizəd məsələsinin baş tutacağı inandırıcı deyil. Uzun müddətdir İP-in timsalında bir yerdə olmalarına rəğmən, artıq Əli Kərimlinin bir, İsa Qəmbərin isə başqa bir istiqamətə yönəldiyi hiss olunur. Belə bir durumda isə İctimai Palatanın parçalanmaqdan başqa digər çıxış yolu qalmır. Dəfələrlə vurğulamışıq ki, müxalif düşərgədə şəxsi ambissiyalar üstünlük təşkil edir. Onun hər bir qanadı çalışır ki, məhz özü irəli çıxsın və bu zaman müttəfiqinə quyu qazmaqdan belə çəkinmirlər. Şəxsi ambissiyaların üstünlük təşkil etməsi səbəbindən müxaliflər bir araya gələ bilmirlər. Gələndə də bunu yalnız görüntü xatirinə edirlər və məqam yetişən kimi yenə də bir-birilərini qırmağa başlayırlar. Bütün bunlara görə də müxalifətin yaratdığı birliklərin ömrü uzun olmur və onlar bir müddətdən sonra çökürlər. İctimai Palatada vahid namizəd məsələsinin baş tutmayacağı təqdirdə Müsavat AXCP-ni, ikinci də öz növbəsində birincini qurumdan xaric etməyə çalışacaq.

Bel əfikirlər də səslənir ki, Əli Kərimli "Asiman" restoranında müxalifətin digər qanadı ilə görüşməklə yaxın dönəmdə Müsavatdan kənarda olan bu qüvvələrlə birlik yaratmaq niyyətinə düşüb. Bu isə onun Müsavatla birliyinin sona çatmaq üzrə olduğu mənasına gəlir. AXCP sədrinin bu addımı əslində İctimai Palatada vahid namizəd məsələsinin çözülmədiyinə, çözülərsə belə, bunun Əli Kərimlinin xeyrinə olmayacağına da bir işarədir. Ona görə də o indidən özünü sığortalamaq üçün ADP, ALP, Ümid, VİP, AMİP, ASP kimi partiyalarla bir araya gəlmək yolunu tutub. Ümumiyyətlə, Əli Kərimlinin siyasi fəaliyyətinə diqqət yetirdikdə, onun öz şəxsi məqsədləri naminə başqa partiyalarla qurduğu əlaqələri "uf" demədən qırdığının dəfələrlə şahidi olmuşuq. Belə ki, İctimai Palata fəaliyyətə başlamamışdan öncə Əli Kərimli Müsavatdan kənar bir blokda, daha dəqiqi ALP və ADP ilə birgə "Azadlıq" blokunda təmsil olunurdu. Lakin sonradan o heç bi xəcalət çəkmədən həmin bloku İctimai Palataya dəyişdi. İndi isə proseslərin gedişi ondan xəbər verir ki, yaxın dönəmdə AXCP sədri İP-i də öz şəxsi ambissiyalarına qurban verəcək. Belədə isə Müsavat başqanı üçün meydanda tək qalacağı qorxusu yaranır.

Bütün hallarda indiki dövrdə müxalifətin birləşib və ya parçalanmasından asılı olmayaraq, seçkilərdə hazırkı iqtidarın qələbə çalacağına da heç bir şübhə yeri yoxdur. Bunu hətta xarici ölkə və təşkilat rəsmiləri də açıq şəkildə vurğulayırlar.