Xüsusi təyinatlı maşınlar üçün xüsusi yollar

13 Dekabr 2012 12:30 (UTC+04:00)

Natiq Ələkbərov: "Adətən həmin yollar şəhər yeni salınanda nəzərdə tutulur"


Hazırda ölkəmiz, xüsusən də paytaxt Bakı üçün ənənəvi problemlərdən biri də avtomobil yollarındakı tıxac məsələsidir. Lakin tıxacla bağlı ən qəbuledilməz hal çağırılmış xüsusi təyinatlı maşınların vaxtında ünvana çatmamasıdır ki, bu da sonradan narazıçılıq və hətta xoşagəlməz nəticələrə səbəb olur.

Onu da bildirək ki, bu gün həmin maşınların, məsələn, təcili tibbi yardım, yanğınsöndürən və digərlərnin göstərilmiş ünvana vaxtında çatmamasının kökündə ən çox məhz tıxac amili dayanır. Ünvanın dəqiq olmaması, səhlənkarlıq, məsafə uzaqlığı kimi arqumentlər isə demək olar ki, tıxac səbəbindən sonra gəlir.

Amma xarici təcrübədə xüsusi təyinatlı maşınların sərbəst hərəkəti üçün ümumi yolda xüsusi zolaq salınır ki, bu yolda ancaq həmin avtomobillərin hərəkətinə icazə verilir. Günün bütün saatlarında belə digər mülki maşınların ora daxil olması qadağandır. Dəfələrlə ölkəmizdə belə yolların salınması təklifi irəli sürülsə də, hələlik xüsusi təyinatlı maşınlarımız o zolaqlara həsrətdir.

Lakin perspektivdə bu cür yolların salınması gözlənilir. Bunu "Mövqe"yə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi: "Gələcəkdə xüsusi təyinatlı maşınlar üçün rezerv yollar nəzərdə tutulub. Təbii ki, harada imkan varsa, orada bunu etmək mümkündür və zəruridir. Çünki, elə edilməlidir ki, həm tıxac olmasın, həm də fövqəladə vəziyyətdə həmin maşınlar maneəsiz hərəkət edə bilsinlər. Amma bu layihə təkcə Nəqliyyat Nazirliyinin işi deyil. Bu, bir neçə dövlət strukturunun bərabər həyata keçirəcəyi layihədir".

Namiq Həsənov onu da bildirdi ki, hətta gələcək pespektivdə sərnişin avtobusları üçün də xüsusi yolların olması nəzərdə tutulur: "Ümumiyyətlə, gələcəkdə ABŞ və Avropa ölkələrinin təcrübəsində olan, metrobuslar məsələsi də ola bilər. Amma bunlar gələcək layihələr olduğu üçün ətraflı məlumat vermək olmaz".

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov da hazırda bizim yollarda belə rezerv xətlərə ehtiyac duyulduğunu bildirir: "Bu gün, xüsusi ilə də Bakıda hadisə yerinə çatmaqda həmin maşınlar əksər vaxtı çətinliklərlə üzləşirlər. Hazırda bizdə həmin maşınların tıxaclarda dəqiqələrlə dayanması, heç bir halda həmin maneələrdən çıxa bilməməsi mövcuddur. Elə yanğınların vaxtında qarşısının alınmamasının ən böyük səbəblərdən biri də o maşınlar üçün ayrılmış yolların olmamasıdır. Yaxud da əsas kimi ümumiyyətlə, onların girə bilmədiyi yerlərin də çox olduğunu götürmək olar".

Ekspert bildirir ki, nəninki Avropda, insan hüquqları məsələsini nəzərə aldıqda bütün inkişaf etmiş dövlətlərdə həmin xidmətlər üçün lazımi tədbirlər görülür: "Ona görə də əgər bu gün biz özümüzü inkişaf etmiş ölkə olaraq görürüksə, mütləq bu yolların salınması qaçılmaz olmalıdır. Həm də indiki vəziyyətdə həmin yolların inşası mümkündür. Əgər yollarımızdan istifadə qaydalarında müəyyən islahatlar aparılsa bunu etmək olar və yaxud da nəzərdə tutulmuş tədbirlər planının həyata keçirilməsində mütləq bunlar olmalıdır. Haradasa da rezerv yolların çəkilməsinə maneəçilik yaradan hallar varsa, mütləq aradan qaldırılmalıdır. Fərdi yanaşmalar bunun qarşısını ala bilməz. Burada kommersiya, hüquqi, şəxsi maraqlar heç bir formada maneə yaratmamalıdır. Çünki, insan sağlamlığı, təhlükəsizliyi strateji məsələdir. Bu sahədə maneə törədən obyektlər sökülməli, lazım olan ticarət mərkəzləri köçürülməli, hətta gərək duyularsa, müəyyən təşkilatlar şəhərin mərkəzindən çıxarılmalıdır. Hətta rezerv yolların üzərinə düşən binaların da sökülməsini gündəmə gətirmək olar. Çünki, insan təhlükəsizliyi üçün bunlar mütləq nəzərə alınmalıdır".

"Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərov isə qeyd edir ki, adətən həmin yollar şəhər yeni salınanda nəzərdə tutulur: "Amma bizdə artıq şəhər qurulub. Yalnız bundan sonrakı yol layihələrində bunu etmək olar. Amma bütün yollarda yox, müəyyən ərazilərdə belə zolaqları salmaq mümkün ola bilər. Bunun özü təcili tibbi yardım, yanğınsöndürən maşınlarının təyin olunmuş ünvana çatmasında müsbət rol oynaya bilər".