Bakıda qeyri-adi toy keçirildi - FOTOLAR
27 May 2016 10:50 (UTC+04:00)
Bakıda maraqlı və fərqli toy baş tutub. Bu ay
paytaxt restoranlarının birində ailə həyatı quran Graeme və Vüsalə
Vaughan qeyri-adi toy təşkil ediblər. Ənənəvi toy məclislərdən
fərqlənən mərasimdə cütlük 1920-ci illərin ab-havasını
yaradıblar.
Movqe.az big.az-a
istinadən bildirir ki, bu barədə
lent.az-a danışan gəlin Vüsalə xanım deyib ki, fərqli toy etmək
ideyası onun və həyat yoldaşının caza olan sevgisindən yaranıb:
"Hər ikimiz cazı çox sevirik. Cazın da ən çox inkişaf etdiyi dövr
20-ci illərə təsadüf edir. Caza sevgimizdən belə qərara gəldik elə
toyumuz da cazla zəngin və 20-ci illərin ab-havası,
əhval-ruhiyyəsində olsun".
Vüsalə və Graemenin toyunda restoranın dizaynı və
tərtibatından tutmuş, qonaqların geyimi və saç düzümləri 20-ci
illərə uyğun təşkil edilib. Fərqli toyun xərci də çox olmayıb:
"Dəvətnamədə dress-kod olduğunu qeyd etmişdik. Heç kim də buna
etiraz etmədi. Gəlinliyi modelyer Zümrüd Mirzəliyeva xüsusi olaraq
mənim üçün tikdi. Rəfiqələrimlə də birlikdə alış-veriş etdik,
onların geyimini seçdik. Çox çətin olmadı, əsasən saç düzümü,
aksessuarlar, ayaqqabılarla 20-ci illərin dəbini əks etdirməyə
çalışdıq. Məkanı da özümüz bəzədik. Şəkil çəkdirmək üçün xüsusi
guşə də yaradılmışdı. Sadəcə olaraq dekorasiyaya bir az pul
xərclədik. Demək olar ki, adi toylarla sərf edilən pul qədər
maliyyə xərclədik".
Cütlüyün toyunda da klassik musiqilər üstünlük
təşkil edib. Məclisdə tanınmış müğənnilər Təranə Mahmudova, İlqar
Xəyal, Fuad Əsədov, DJ İlqar Scay, saksafon ifaçısı İlham Nəcəfov
çıxış ediblər. Toyu operator Oqtay Namazov lentə
alıb.