Çoxmərtəbəli yeni binaların yaratdığı dayanacaq problemi
14 Dekabr 2012 10:31 (UTC+04:00)
Bakı şəhərində avtodayanacaq probleminin olması hər kəsə bəllidir.
Bunu nəzərə alan dövlət şəhərdə bir neçə yerdə böyük parkinqlər
salmaq planının icrasını həyata keçirməkdədir və bəzi
avtodayanacaqlar artıq hazırdır. Lakin o da faktdır ki, problemin
qarşısını təkcə dövlət hesabına salınan parkinqlərlə almaq mümkün
deyil.
Ekspertlərə görə, yeni tikilən binaların altında avtodayanacaqların
olması əsas şərtlərdən biridir. Düzdür, bəzi binaların zirzəmisində
avtodayanacaqlar mövcuddur. Lakin orada avtomobilin saxlanılmasına
görə tələb olunan məbləğ o qədər yüksəkdir ki, hətta həmin
binada yaşayan insanlar maşınlarını kənarda, açıq havada saxlamağa
üstünlük verirlər. Apardığımız müşahidələr göstərir ki, binaların
zirzəmisində avtomobil saxlayanlar binada yaşayanların heç 5 faizi
qədərində deyil. Binada avtomobili olan insanların böyük
əksəriyyətinin avtomobili həyətdə, açıq havada saxlanılır. Bir sıra
hallarda yer üstündə qonşular arasında dava-dalaş belə düşür.
Bir sıra hallarda korpoorativ mülkiyyət olan binalarda da
avtomobillərin saxlanılmasına görə sürücülərdən pul tələb
olunur.
Hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, Mənzil Məcəlləsinə görə,
binanın mülkiyyətçisi əgər koorporativ cəmiyyətdirsə və yaxud
mənzillər sosial kirayə əsasında insanlara verilibsə həmin binanın
qeyri-yaşayış sahələrindən istifadə etməkdə sakinlər sərbəstdirlər:
"Həmin Məcəlləyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi
üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə
müvafiq binaların tikintisi və yenidən qurulması, habelə müəyyən
dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin
idarə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərin üzvlüyə
əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab
edilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin
binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə
xidmət etmək üçün nəzərdə tutulan obyektlər - pilləkən
meydançaları, pilləkənlər, liftlər, lift şaxtası, dəhlizlər,
çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən
artıq sahəyə xidmət edən avadanlıq, dam örtükləri, binanın
yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə
mülkiyyətçilərə məxsusdur.
Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik
edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə
müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli
binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən
qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı
ilə yol verilir".
Hüquqşünasın sözlərinə görə, sosial kirayə əsasında və ya
koorporativ binalarda istifadə olunan mənzillərin sahibləri
avtodayanacağı özləri saxlamalıdılar: "Yeni qanuna görə, mənzil
sahibləri özlərinin cəmiyyətini yaradır və cəmiyyət avtomobillərin
saxdlanılmasını təşkil edir. Ora mühafizəçi ayrılır, parkinq təmir
edilir və s. bu, bütün binadakı bütün mənzil sahiblərinin
(avtomobili olanların) razılığı əsasında olur. Əgər binanın sahibi
hüquqi şəxsdirsə, zirzəmi, mansar və s. kənar obyektlər barəsində
sərəncam vermək hüququ ona məxsusdur".
Hüquqşünas hesab edir ki, mülkiyyətçilər binanın, o cümlədən
dayanacağın sahibinə təsir etməklə bağlı hüquqi imkanlara malik
deyil: "Bu məsələ danışıqlar yolu ilə həll oluna bilər. Qiymətlərin
bahalığına etiraz olaraq kampaniya həyata keçirmək olar. Məsələn,
sürücülər sözü bir yerə qoyub avtomobillərini binanın
zirzəmisindəki dayanacaqda saxlamaqdan imtina edirlər və s".