İrandan Azərbaycana böyük təhlükə...

14 Dekabr 2012 11:15 (UTC+04:00)
Cənub qonşumuzun Azərbaycana münasibətdə heç də birmənalı mövqe sərgiləməməsi, əksinə, bəzən ölkəmizə qarşı müəyyən addımlar atması danılmaz həqiqətdir. Bunun ən real təsdiqi isə elə İranın Ermənistanla günü-gündən genişlənməkdə olan əməkdaşlığıdır. Digər tərəfdən İranın Qafqazda hələ də imperiya maraqlarında bulunmasına dair okeanın o tayında maraqlı fikirlər səslənir.
Hətta  Vaşinqtonda siyasətçilər Barak Obama administrasiyasını Cənubi Qafqazdakı müttəfiqlərinin təhlükəsizliyi və özünün geosiyasi-iqtisadi maraqlarını İslam Respublikasının mümkün zərbələrindən qorumağa səsləyirlər.
Bir qayda olaraq, bu səpkili çağırışlarda ötən il İrana bağlı qüvvələrin Gürcüstan və Azərbaycanda Qərb diplomatlarına qarşı həyata keçirdiyi iddia olunan terror cəhdinə istinad edilir. Amerika Sahibkarlıq İnstitutunun eksperti, prezident Corc Buş administrasiyası dövründə Müdafiə Departamentinin İran və İran tematikası üzrə müşaviri olmuş Maykl Rubinə görə, Cənubi Qafqazda Qərblə İran arasında münaqişə varsa, bu, Tehranın regiona, xüsusilə qonşusu Azərbaycana "qonşu gözü ilə" baxmaması və onun suverenliyinə hörmət etməməsindən qaynaqlanır.
Cənab Rubin ötən həftə Konqresin Avropa və Avrasiya üzrə alt komitəsində təşkil olunan "İranın Cənubi Qafqaza təsiri və ətraf region" mövzusunda dinləmələrdə çıxış edib. Onun fikrincə, İslam inqilabının Qafqaza ixracı İranın əsas məqsədi olaraq qalır. "İran regional səylərini xüsusilə Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir. İran hakimiyyəti öz nüfuzunun artırılması üçün bir çox mümkün vasitələrdən, məsələn, xeyriyyə fəaliyyətindən istifadə edir". BBC-yə danışan təhlilçi fikirlərini belə izah edib ki, Tehran kifayət qədər təsir vasitələri, məsələn, din xadimləri hazırlayıb ki, onlar da Qafqazda, xüsusilə Azərbaycanda problemlər yaratsınlar.
Məqsəd, onun fikrincə, regionu nüfuz dairəsinə qaytarmaqla, İranlıların nəzərində "tarixi ədaləti bərpa etməkdir". Bakıda rəsmilər və adi insanlar bunu unutmamalıdırlar. Qafqaz İran qüvvələrinə qarşı çıxsa da, Qərblə ittifaqdan daha çox qazanır, nəinki İranla".
Rubin kimi, bir sıra Vaşinqton təhlilçilərinə görə, İranın terrorizmin əsas sponsoru olduğunu nəzərə alaraq, onun qonşu ölkələrə qarşı da sui-qəsdlərinin təhrik olunması ilə məşğul olmasına təəccüblənməyə dəyməz.
Region üzrə ekspert Brenda Şafferin fikrincə, İranın Qafqazda dörd əsas marağı var: öz şimalında ən böyük etnik azlıq sayılan azərbaycanlıların ölkə daxilində yarada biləcəkləri qeyri-sabitliyi əngəlləmək, Qərbin regiona təsir imkanlarını məhdudlaşdırmaq, regional ticarət və nəzarət medotlarını genişləndirmək, eləcə də nəqliyyat və enerji layihələri vasitəsilə bölgəyə çıxış vasitələrini əldə saxlamaq.
Xanım Şafferə görə, İran rejimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur: "Azərbaycanla din yaxınlığına baxmayaraq, Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir. Fikir versəniz, İrəvan vaxtaşırı olaraq İranın Qarabağ nizamlamasında geniş iştirakının vacibliyini vurğulayır və bu ölkənin münaqişədə mövqeyini alqışlayır". Onun fikrincə, İranın birbaşa yardımları və nəqliyyat yolu olmasa, Ermənistan Qarabağın işğalı ilə bu qədər dözüm gətirə bilməzdi.
Bütün bunlardan ən çox əziyyət çəkənlər isə Bakı ilə yanaşı, İran daxilindəki azərbaycanlılardır, belə ki, onlar baş verənlərə müdaxilə imkanı xaricindədirlər.
Bu yaxınlarda Konqresin Nümayəndələr Palatasına İran azəriləri ilə bağlı qətnamə layihəsini təqdim etmiş Konqresmen Den Rohabaher isə ötən həftə Kapitolidəki dinləmədə Tehran hökumətini "qanqster rejim" adlandıraraq azərbaycanlı əhalinin hüquqlarını kobud şəkildə pozmaqda ittiham edib: "Dünya anlamalıdır ki, Azərbaycan xalqı Azərbaycanla İran arasında bölünüb və əgər istəsə öz müqəddəratını təyin etmək, öz suveren ölkəsini yaratmaq hüququ var". Bu ilin avqust ayında, o, dövlət katibi Hillari Klintona yazaraq məsələyə ABŞ administrasiyasının münasibət bildirməsini istəmişdi. Eyni zamanda, onun fikrincə, bu, Vaşinqtondakı bürokratların və ya İrandakı molla diktaturasının işi deyil, azərbaycanlıların özlərinin işidir.
Hələ ki, Konqresmenin qətnaməsi Xarici Əlaqələr Komitəsində gündəmə gəlməyib, amma cənab Rohabacer gələn ilin əvvəlində Komitədə Avrasiya regionu üzrə alt-Komitənin boş qalmış sədri vəzifəsinə seçiləcəyinə ümid edir və deyir ki, bu baş tutsa, mövzunu asanlıqla həmkarları arasında qaldırmaq imkanı olacaq.
Bəs Vaşinqton rəsmiləri İranın regional hədələri barədə nə düşünürlər? Dövlət Departamentinin dövlətlərarası münasibətlər üzrə məsləhətçisi Con Sitilidesə görə, adətən çətin qonşuluqda da qonşular təxribatçı əməllərdən daha çox öz ailəvi və qonşuluq maraqlarını üstün tuturlar.
Onun fikrincə, Tehranın davranışı və ya buradakı rejim dəyişmədikcə Bakı ehtiyatlı olmalı, təxribatdan uzaq durmalıdır. Eyni zamanda, mütəxəssis əlavə edib ki, NATO-nun üzvü olan və İranla səmimi münasibətləri olan Türkiyə kimi digər qonşular qeyri-sabit geosiyasi vəziyyət fonunda Azərbaycanın regional balansı qoruyub saxlamaq səylərini dəstəkləyə bilərlər.