Azərbaycan Suriya müxalifətini tanıyacaqmı?
14 Dekabr 2012 11:41 (UTC+04:00)
Məlumdur ki, ilk Fransa olmaqla artıq Qərbin bir çox iri
dövlətləri, eləcə də bəzi ərəb ölkələri Suriya müxalifətini rəsmən
tanıyıb. Bunun ardınca isə Türkiyə və Fars körfəzi Əməkdaşlıq
Təşkilatı ölkələri də Suriya Milli Koalisiyasını Suriya xalqının
rəsmi təmsilçisi olaraq tanıdıqlarını bildirdilər. Artıq ABŞ
da Suriya Milli Koalisiyasını Suriya xalqının rəsmi təmsilçisi kimi
tanıyan dövlətlərdəndir.
Siyasi şərhçilər Azərbaycanın da BMT Təhlükəsizlik Şurasının üzvü
olması baxımından Suriya olaylarına, bu ölkənin müxalifətinə
münasibətində atacağı addımların kifayət qədər önəmli əhəmiyyət
kəsb etdiyini vurğulayırlar.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri
bununla bağlı qeyd edir ki, Suriya müxalifətini tanıyan ilk
ölkələrdən birincisinin Fransa və ardınca Türkiyə olduğunu bilirik:
"Onlar bu yöndə daha aktiv olan ölkələrdir. Ən nəhayət isə
ABŞ da Suriya müxalifətini qanuni nümayəndə kimi tanıdığını elan
etdi. Bundan sonra dünya çapında yalnız bu nümayəndə ilə
danışacaqlarını bildirdi. Bu, artıq Suriyanın indiyə qədər rəsmi
hakimiyyəti olan Bəşər Əsəd rejiminin bir növ legitimlik probleminə
böyük bir xələl gətirdi. Bundan sonra artıq Əsəd rejimi qalmasına
rəğmən, dünya dövlətləri tərəfindən tanınmayacaq. Ancaq təbii ki,
bu yöndə ona dəstək verən və havadarları da var. Bu dövlətlər
içərisində Rusiya, Çin və İranı konkret misal çəkmək olar.
Azərbaycanın da indiyə qədər gözləntisində məhz təxminən bu yöndə
bəzi çətinlikləri var idi. Çünki, artıq bir neçə dəfə Suriya ilə
bağlı BMT Təhlükəsizlik Şurası səviyyəsində səsverməyə qoyulmuşdu
ki, Azərbaycan məhz sivil, demokratik dünyadan yana səs vermişdi.
Bu, doğru qərar idi. Sadəcə, artıq bir hökuməti rəsmi tanımaq,
digər hökuməti legitimsizləşdirmək, dövlətlər üçün çox həssas
məsələyə və eyni zamanda bu məsələ müəyyən dünya güclərinin
maraqlarında olduğu üçün, Azərbaycan müəyyən tərəddüdlər keçirə
bilər. Bu, anlaşılandır. Ancaq nəzərə alaq ki, artıq dünyanın əsas
gücləri - ABŞ və AB-nin böyük dövlətləri, xüsusi ilə qardaş Türkiyə
Suriyanın müxalifətini qanuni nümayəndə kimi tanıyıblar. Ona görə
də artıq bundan sonra Azərbaycan üçün elə böyük problem qalmır. Ola
bilsin ki, Azərbaycan prosesin nə iləsə nəticələnəcəyini
gözləyirdi. Məhz bundan sonra qərar vermək fikrində idi. Ancaq
artıq proses tamamilə bəllidir. Çox yaxında Əsəd rejiminin düşəcəyi
göz qabağındadır. Artıq Suriya müxalifəti dağınıq yox, məhz
mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Bundan başqa Suriyada
Əsəd rejiminə qarşı döyüşən bütün qüvvələr vahid komandanlıq
altında birləşdirildi. Bu birləşmiş müxalifətin ordusuna artıq
dünya gücləri tərəfindən həm maliyyə, həm də silah yönündə dəstək
verilir. O da həqiqətdir ki, Dəməşq ətrafında strateji obyektlər
müxalifət tərəfindən tutulub. Bu da yaxında Əsəd rejiminin
düşəcəyinin göstəricisidir. O baxımdan bu proses "ölməmiş"
Azərbaycan dövləti də Suriya müxalifətini tanısa, daha doğru olar.
İndiki şəraitdə artıq nə İranın, nə də Rusiyanın maraqları
haqqında düşünmək vaxtı deyil. Azərbaycanın demokratik dünyanın
yanında olması onun üçün daha faydalı olardı. Çünki, artıq biz
tanımasaq belə, proses ona yaxınlaşmaqdadır. Yaxın iki ayda
hadisələr müxalifətin qələbəsi ilə nəticələnəcək və orada
demokratik proseslərin başlamasına rəcab veriləcək".
Natiq Miri bildirir ki, Azərbaycan dövləti Suriyanın taleyi
məsələlərində əsas söz sahibi deyil: "Suriyanın heç bir "qanad"ına
qarşı Azərbaycan dövlətinin düşmənçilik mövqeyi yoxdur. Məhz bu
yöndə Azərbaycana qarşı konkret hansısa ittihamlar səslənmir.
O baxımdan Suriyanın Azərbaycana qarşı düşmənçilik mövqeyi olmadığı
üçün bizim səfirlik hələ də orada fəaliyyət göstərir. Ancaq Dəməşq
ətrafındakı döyüşlərdəki dairə daralır. Həm də döyüşən qüvvələrin
içərisində müxtəlif səpkili, müxtəlif maraqlara xidmət edən
insanların da olmasını nəzərə alaraq bu, Azərbaycan səfirliyi üçün
konkret təhlükə törədə bilər. Ona görə müvəqqəti də olsa, səfirliyi
bağlamaq və Suriyanın müxalifətini qanuni nümayəndə kimi tanımaq
daha doğru olardı".
Digər
politoloq Qabil Hüseynli bildirir ki, Azərbaycan Suriya ilə hələ
diplomatik əlaqələri kəsməyib: "Hələlik bizim Suriyadakı
səfirliyimiz fəaliyyət göstərməkdədir. Düzdür, onun personalı
müəyyən qədər azaldılsa da, fəaliyyəti tam dayandırılmayıb. Ona
görə də bu gün Azərbaycan Suriya müxalifətini tanıya bilməz. Qaldı
ki, gələcəyə, Azərbaycanın özünün Dağlıq Qarabağ kimi ciddi
problemi var. O sarıdan Azərbaycan ehtiyatlı davranmalıdır. Liviya
məsələsində olduğu kimi hərəkət etməlidir. Onda da Azərbaycan
səfirliyini nisbətən gec çıxardı, həm də yeni qüvvələrin
tanınmasını tələsik həyata keçirməmişdi. Ölçüb - biçəndən sonra bu
qərarı verdi".
Politoloq bildirir ki, hazırda Suriyada Azərbaycan səfirliyi ilə
yanaşı, bir neçə ərəb ölkəsinin səfirlikləri də fəaliyyətdədir:
"Amma Azərbaycan səfirliyinin oradan çıxarılmasının vaxtıdır.
Çünki, artıq dünyada Bəşər Əsədi əvəzedəcək qüvvələrin tanınması
prosesi gedir. Deməli, Bəşər Əsədlə əlaqələrin üzməyin vaxtı gəlib
çatıb. Bizim orada səfirlik, rejimlə diplomatik münasibətlərimizi
saxlamağımız məntiqə uyğun deyil".