“Şəhər istiqrazları”nın Azərbaycanda da buraxılışı aktuallaşır
14 Dekabr 2012 12:29 (UTC+04:00)
Məlumdur ki, bu gün regionların sosial - iqtisadi vəziyyətinin
yaxşılaşdırılması üçün həmin yerlərə investisiya yatırımları həyata
keçirilməkdədir. Bu cür tədbirlərdən biri kimi də ayrı - ayrı
şəhərlərə məxsus şəhər istiqrazlarının buraxılması təklif olunur.
Xatırladaq ki, belə maliyyə aləti xarici təcrübədə mövcuddur.
Məsələn, hal - hazırda Sankt-Peterburqda bunun tətbiqi
istiqamətində müəyyən addımlar atılır. Amma iqtisadçılar indiki
vəziyyətdə bu kimi praktikanın ölkəmizdə həyata keçirilməsinin
qeyri-mümkünlüyünü bildirirlər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı
Ruslan Atakişiyev hesab edir ki, real dövr üçün bunun Azərbaycanda
həyata keçirilməsi erkəndir: "Regionların inkişafı istiqamətində bu
gün iri şəhərlərdə istiqrazların buraxılması əsasında əlavə
investisiyaların həyata keçirilməsi Azərbaycan üçün tezdir və
yenidir. Çünki, indiki vəziyyətdə burada bir sıra problemlər
mövcuddur. Birincisi, hələ Azərbaycanda qiymətli kağızlar bazarı
sona qədər inkişaf etməyib. Bu gün Bakı Fond Birjası, ümumiyyətlə,
qiymətli kağızların idarə olunması istiqamətində fəaliyyət göstərən
dövlət qurumları hələ də beynəlxalq standartlara uyğunlaşmaq
istiqamətində iş aparır. İkinci məsələ ondan ibarətdir ki, bu gün
şəhərlərdə həmin istiqrazlar buraxıldığı zaman əhalidən yığılan
pullar borc pullardır. Bu o deməkdir ki, bir müddətdən sonra
istiqrazlar əsasında cəlb olunmuş vəsaitlər, həmin sənəd əsasında
yenidən üzərinə vəsait əlavə olunmaqla əhaliyə qayıtmalıdır. Bu da
onu göstərir ki, borc vəsaiti toplandığı halda səmərəli idarə və
istifadə olunmalıdır. Lakin bu gün Bakıdan kənardakı şəhərlərdə
əldə olunmuş investisiya vəsaitlərinin səmərəli idarə edilməsi hələ
də mövcud deyil. Həmin vəsaitlər əgər investisiya şəklində cəlb
olunarsa, bunlar şəffaf şəkildə toplanmalı, səmərəli xərclənməlidir
ki, o istiqamətdə də gəlirlər əldə olunsun. Gəlirlilik təmin
olunduqdan sonra əhalidən borc şəkildə yığılmış vəsaitlərin yenidən
əhaliyə qaytarılması mümkün olsun. Bu baxımdan da həmin
istiqrazların Bakıdan kənar yerlərdə təqdim olunması bu gün üçün
aktual deyil".
Ekspert onu da bildirdi ki, hansısa inkişaf etmiş ölkədə şəhərlərin
inkişafı üçün istiqrazlar vasitəsi ilə vəsait cəlb olunursa, bunu
bələdiyyələr həyata keçirir: "Bu da bələdiyyələrin gəlir
mənbələrindən bir istiqamətidir. Ona görə də bu işlərin icra
hakimiyyətlərindənsə, bələdiyyələr tərəfindən həyata keçirilməsi
beynəlxalq tələblərə daha çox cavab verər. Amma bu gün bizim
bələdiyyələrdə maliyyələşmə mexanizmi sona qədər formalaşmayıb.
Odur ki, belə bir istiqrazların buraxılması üçün ilk növbədə
bələdiyyələrdə maliyyə - idarəetmə mexanizmləri mövcud olmalıdır
ki, bunun əsasında hansısa istiqrazlar buraxılsın və əldə olunmuş
vəsaitlər idarə olunsun ki, şəhər inkişaf etsin. Ancaq bu gün
bələdiyyələrin maliyyələşməsi indiki vəziyyəti, investisiya
layihələrinin hazırlanmasında yetərincə təcrübəsinin olmaması
fonunda belə bir maliyyə alətinin tətbiqi Azərbaycan üçün tezdir.
Ona görə "şəhər istiqrazları" buraxılmamışdan qabaq, onunla bağlı
instiosional tədbirlər həyata keçirilməsinə ehtiyac var. Yəni,
bunun fundamenti hazırlanmalıdır. Bu da ondan ibarətdir ki,
Azərbaycanda ümumiyyətlə, qiymətli kağızlar bazarının daha da
inkişaf etdirilməsi istiqamətində islahatlar davam etdirilməlidir.
Regionların, iri şəhərlərin bələdiyyələrində maliyyə idarəetmə
sistemi müasirləşdirilməlidir. Vəsaitlərin idarə olunması,
investisiyaların cəlbi mexanizmi hazırlanmalıdır. Bunun üçün də
həmin institutisional dəstək işləri görülməlidir. Düzdür, bu gün
Azərbaycan regionlarının, iri şəhərlərin, rayonların inkişafı ilə
bağlı müəyyən infrastruktur layihələri həyata keçirilir. Dövlət
büdcəsindən hər il müxtəlif şəhərlərin inkişafı ilə bağlı vəsaitlər
ayrılır və nəzərdə tutulur. Amma hazırki dönəmdə əsas diqqət, iri
şəhərlərdə dövlət tərəfindən ayrılmış vəsaitlərin səmərəli idarə
olunması, xərclənməsi, artırılmasına yönəldilməlidir".
Digər iqtisadçı Oqtay Haqverdiyev isə bildirir ki, "şəhər
istiqrazları"nı prinsip etibarı ilə buraxmaq olar: "Amma hazırda
Bakıdan başqa digər şəhərlərdə həmin mühit yoxdur. İstiqraz deyəndə
bunun arxasında nəsə əmlak durmalıdır. Amma Bakıdan başqa bizim
şəhərlərimizin hamısı büdcədən maliyyələşən şəhər və rayonlardır.
Ona görə də onların bunu etməyə hazırda imkanı da yoxdur. Hətta
sənaye şəhəri sayılan Sumqayıtda olan müəssisələr də dövlətindir.
Dövlətin olduğu halda da hansısa istiqraz buraxması mümkün deyil.
Həm də həmin istiqrazın alıcısı da olmayacaq. Bizdə bəzi açıq
səhmdar cəmiyyətlər var ki, onların müəssisələrinin hamısı
özəlləşməyib. Həmin müəssisələrin bəzi əmlakları hələ də dövlətə
məxsusdur. Amma Maliyyə Nazirliyi büdcədə kəsir olanda kəsri
bağlamaq üçün müəyyən müddətli qiymətli kağızlar buraxır. İş
burasındadır ki, həmin istiqrazları da adi vətəndaş almır. Onu
Mərkəzi Bank alır, sonra da yenidən müəyyən faizlə qaytarır".