Rusiya Ermənistana satdığı qazın qiymətini yenə qaldırır

14 Dekabr 2012 14:39 (UTC+04:00)

Rusiya Ermənistana nəql etdiyi mavi yanacağın qiymətini artırmaq niyyətindədir, erməni tərəfi isə buna yol vermək istəmir. APA-nın məlumatına görə, bu barədə "Azatutyun" radiosuna müsahibəsində Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan bildirib.
Nazir həmçinin qeyd edib ki, Ermənistan hökuməti ilin sonuna kimi qazın qiymətini razılaşdırmağı düşünür: "Danışıqların məqsədi qiymət artımına yol verməməkdir. Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatlarını nəzərə alsaq, Rusiya son yeddi ildə Ermənistana satdığı qazın qiymətini dörd dəfə artırıb".
Qeyd edək ki, Ermənistan hökuməti ilə "Qazprom" arasında danışıqlar bir neçə aydır davam etsə də, hələ yekunlaşmayıb.