“TQDK dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı olan adamlardan daha çox istifadə edir”

14 Dekabr 2012 16:02 (UTC+04:00)
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı olan adamlardan daha çox istifadə edir. Bu adamlar isə dərslikləri keçməyən nəşriyyatlar və onların müəllifləridir".
Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı TQDK tərəfindən həyata keçirilən dərsliklərin monitorinqinə münasibət bildirərkən deyib.
Monitorinqlərin bəzilərində şəxsən özünün və şöbə əməkdaşlarının iştirak etdiyini deyən F.Şahbazlı əlavə edib ki, ibtidai sinif dərsliklərinin monitorinqi hələ ki, bu prosesin ilkin mərhələsidir. Onun sözlərinə görə, monitorinqlər zamanı müəllimlərin sözləri dinlənilir, müxtəlif fikirləri eşidilir və fərqli münasibətlər bildirilir: "Bu prosesə ümumtəhsil məktəblərinin müəllimləri, maraqlı insanları, daha çox dərslikləri keçməyən insanları toplayırlar. Onlar da monitorinqlər zamanı müəyyən fəaliyyət göstərir və əksinə münasibət bildirirlər. Bizdə çalışırıq ki, Təhsil Nazirliyi olaraq onlara müəyyən cavab verək. Hər halda bütün bu işlərin nəticələri bir daha mütəxəssislərin və müəlliflərin iştirakı ilə yüksək səviyyədə müzakirə olunacaq."
Şöbə müdiri onu da deyib ki, bu vaxta kimi aparılan monitorinqlərinin prosedur qaydalarından narazı deyil.