“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”na dəyişiklik edilib
14 Dekabr 2012 17:07 (UTC+04:00)
Azərbaycan Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi
və dəyişdirilməsi Qaydaları"na dəyişikliklər edib. APA-nın NK-nın
rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik "Hərbi
vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə ölkə
prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə qəbul
edilib.
Dəyişikliyə əsasən "Adın, ata adının və soyadın verilməsi və
dəyişdirilməsi Qaydaları"nın 5.8-ci və 6.21-ci bəndlərdə "hərbi
komissarlığa" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə" sözləri ilə,
6.9.6-cı yarımbənddə "çağırış məntəqəsinə təhkim olunma
vəsiqəsinin" sözləri "ilkin hərbi qeydiyyata alınma haqqında
vəsiqənin" sözləri ilə, həmin qaydalara 1 nömrəli əlavənin
cədvəlində "Hərbi uçot yeri" sözləri "Hərbi qeydiyyatda olduğu yer"
sözləri ilə, qaydalara 2 nömrəli əlavədə "___hərbi komissarlığının
uçotundadır" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin ___idarəsində (şöbəsində, bölməsində) hərbi
qeydiyyatdadır" sözləri ilə əvəz edilib.