Avtobus qəzalarının artması ciddi narahatlıq doğurur

14 Dekabr 2012 17:20 (UTC+04:00)

Kamran Əliyev: "Qəzaların baş vermə səbəbi sürücü məsuliyyətsizliyi, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır"


Məzahir Rüstəmov: "Sürücü işə götürülərkən peşəkarlıq nəzərə alınmalıdır"


Natiq Əlkbərov: "Qəzalar daha çox çox sürücülərin təcrübəsizliyi ilə bağlıdır"



Bakı üçün xarakterik olan, qulaqlarımızın eşitməyə adət etdiyi problemlər siyahısında ən əsas yerlərdən birini avtomobil qəzaları tutur. Elə gün olmaz ki, qəza baş verməsin. Son aylarda isə onlar sırasında avtobus sürücülərinin törətdiyi qəzalar da başlıca yer tutur. Cari ilin ilk 11 ayında ölkədə 106 avtobus qəzası qeydə alınıb.

Bəs çoxsaylı sərnişin daşıyan avtobus qəzalarının çox olmasına səbəb nədir? Avtobus sürücülərini şirkətlər tərəfindən işə götürülərkən xüsusi testdən keçirməyə ehtiyac varmı?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məslə ilə bağlı Mövqe. Az saytına bildirib: "Avtobuslarla bağlı yol nəqliyyat hadisələrin də keçən ilin müvafiq dövrü ilə nisbətdə elə də artım müşahidə edilmir. Amma bu qəzalarda ölənlərin və yaralananların sayında bir qədər artım var. Sözsüz ki, qəzaların baş vermə səbəbi sürücü məsuliyyətsizliyi, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır.

Xüsusi testdən keçirilməyə gəlincə, bunu həmin avtobusun aid olduğu şirkət rəhbərləri keçirə və yaxud da ki, bacarıqlarını yenidən yoxlaya bilər. Amma ümumilikdə əgər sürücü D kateqoriyası alıbsa, sərnişinlərin sayı səkkizdən yuxarı olan avtomobilləri idarə edə bilər. Amma o sürücülərin öz işinə nə dərəcədə məsuliyyətli, diqqətli yanaşmasını əlbəttə ki, sürücünün işlədiyi şirkət rəhbərliyi müəyyən etməlidir. Əgər hansısa sürücü il ərzində bir neçə dəfə qəza törədirsə, heç xəsarət olmayan maddi zərərlə nəticələnən qəza da olursa, o şirkət rəhbəri həmin sürücünü işdən azad edə bilər.

Avtobus qəzalarının qarşısının alınmasında, ümumilikdə yol polisi qayda pozan sürücülərə qarşı mübarizə aparır. Marşrutlar sahibkarlar tərəfindən işlədilir. Amma hər halda sahibkarların da sürücüləri nizam-intizama dəvət etmələri, öz işlərinə diqqətlə yanaşmaları, əlbəttə ki, qəzaların qarşısının alınmasına müsbət təsir edə bilər. Nəqliyyat Nazirliyi tərəfindən də bununla bağlı addımlar atılır. Ödənişlərin kart sisteminə keçişlə bağlı artıq mətbuatda da məlumatlar verilir. Kart sisteminə keçəndən sonra ümid edirik ki, bununla yəqin, müştəri üstündə gedən rəqabətə son qoyulacaq. Bunların da hamısı yol nəqliyyat hadisələrinin qarşısının alınmasına öz təsirini göstərəcək".

Nəqliyyat sahəsi üzrə ekspert Məzahir Rüstəmov məsələ ilə bağlı aşağdakı fikirləri səsləndirib: "Qəzaların çox olmasının birinci səbəbi avtobusların düzgün idarə olunmamağıdır. Daha sonra sürücülərin psixoloji durumunun yaxşı olmamağı, eyni zamanda avtobus sürücülərinin plana təhrik olunmasıdır. Sürücünün peşəkarlığının zəif olması da səbəblər sırasına daxildir.

Sürücü işə götürülərkən peşəkarlıq nəzərə alınmalıdır. Çünki, burda söhbət insan taleyindən gedir. Sürücü gün ərzində yüzlərlə, minlərlə sərnişin aparır. Yüzlərlə sərnişinin həyatından söhbət gedirsə, mütləq yoxlanılmalı yox, ümumiyyətlə bu sahədə peşəkarlığı olan sürücülər işə götürülməlidir.

Cəmiyyətdə, ictimai nəqliyyat sahəsində olan çatışmazlıqların aradan qaldırılması üçün birmənalı olaraq nəqliyyat sahəsində islahat davam etməlidir".

Nəqliyyat sahəsi üzrə ekspert Natiq Əlkbərov da mövzu ilə bağlı Mövqe. Az-a aşağıdakıları bildirib : "Qəzaların artmasına səbəb odur ki, sürücülər yeni avtobusla işləməyə öyrəşməyiblər. İkincisi sürücü kontingenti dəyişib. Yaşlı sürücülər artıq bu sahədən uzaqlaşıblar. Onların yerinə yeni təcrübəsiz sürücülər gəlib. Qəzalar da daha çox çox sürücülərin təcrübəsizliyi ilə bağlıdır. Onlar sanki sərnişin daşıdıqlarının fərqində deyillər.

Sürücülər ümumiyyətlə, müəyyən müddət, azı bir-iki ay sərnişin avtobusunda sürücü köməkçisi kimi işləməlidirlər. Ümumiyyətlə, sürücülər müəyyən müddət təlim keçməlidirlər ki, sərnişin daşıyan avtobusun tələblərini öyrənsinlər. Eyni zamanda avtobusda yol hərəkəti qaydalarına alışmalıdırlar. Qəzaların qarşısını almaq üçün ilk öncə sürücüdən başlamaq lazımdır. Hər şey sonda gəlib sürücüyə bağlanır".