AŞPA həmməruzəçisi müxalifətin eyiblərini üzə çıxardı

15 Dekabr 2012 07:36 (UTC+04:00)

Məlumat verildiyi kimi dekabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin iclasında Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsi müzakirə edilərək komitə mərhələsində son variantı təsdiq edilib. İclas zamanı isə Azərbaycan üzrə həmməruzəçilər Cozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana son səfərlərinin nəticələrinə dair məruzələrini açıqlayıblar.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov iştirak edirlər. Səməd Seyidov bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan tərəfinin təklif etdiyi bütün prinsipial əlavə və dəyişikliklər məruzəyə daxil edilib və qəbul olunub: "Təbii ki, bu məruzə yanvar ayında müzakirə olunacaq. Bu, yalnız komitə səviyyəsində təsdiq olunmadır. Amma hər bir halda deməliyəm ki, biz Monitorinq Komitəsinin iclasında konstruktiv yanaşmanın gördük və hesabata qeyri-obyektiv müdaxilələrin qarşısının alınmasının şahidi olduq. Azərbaycanın mövqeyini xeyli insanlar müdafiə etdi və bu da onu göstərir ki, Azərbaycana qarşı hansısa böhtan, yalan atsalar da, bu yalan-böhtanlar ayaq tutsa da yerimir. Belə cəhdlər həmişə boşa çıxıb və əminəm ki, bundan sonra da belə olacaq. Təbii ki, hansısa insan haqları və digər məsələlərlə bağlı biz gələcəkdə də öz işlərimizi quracağıq. Elxan Süleymanovun hazırladığı xüsusi əlavə və dəyişikliklər demək olar ki, yekdilliklə qəbul olundu. Bunların içində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlavələr xüsusi əhəmiyyət kəsb edir və bu əlavələr də qəbul olundu".

Lakin maraqlıdır ki, həmməruzəçilər tərəfindən hazırlanan sənəd indi ölkənin radikal müxalifət düşrəgəsini təmsil edənlər tərəfindən birmənalı qarşılanaraq təndiq edilir. Əsas səbəb də odur ki, sənəddə Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlər təqdir edilir.

Lakin ispaniyalı həmməruzəçi Pedro Aqramunt radikal müxalif qüvvələrin və ona yaxın media orqanlarında hazırladıqları məruzəyə tənqidi prizmadan yanaşılmasını qəbul etmir. Cənab Aqramunt məruzəni obyektiv və balanslandırılmış sənəd kimi səciyyələndirib: "Mən bu məruzənin başqalarına nisbətən daha tənqidi olmasından əmin deyiləm. Zənnimcə, bu, obyektiv və balanslaşdırılmış sənəddir. Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və düzgün istiqamətdə inkişaf edir".

O xatırladır ki, Bakıda olarkən müxalifət də görüşüb: "Bəli. Mən Bakıya səfərim vaxtı vətəndaş cəmiyyəti və müxalifətlə həmişə görüşürəm. Lakin bununla yanaşı deməliyəm ki, bundan əvvəlki səfərimizdə bəzi müxalifət liderləri bizimlə görüşmək istəməyib. Bəzi siyasi partiyalar bizimlə görüşmək istəməyib. Mənə bunun dəqiq səbəbi məlum deyil. Onlar həmməruzəçilərlə görüşdən imtina ediblər. Mən onların strategiyasını başa düşmürəm.

Yekun fikir budur ki, onlar çox söz deyirlər, amma bu, heç də həmişə həqiqət deyil. Onlar düşünürlər ki, biz tamimilə Azərbaycan hökumətinə qarşı olmalıyıq. Biz isə hökumətə qarşı deyilik, biz müstəqilik. Onlar bunu başa düşə bilmirlər".

Pedro Aqramunt BBS-yə müsahibəsində məruzə barədə də olduqca maraqlı fikirlər səsləndirir: "Bəli, tərəqqi aydın görünür. Son bir neçə il ərzində siyasi vəziyyət yaxşılaşmağa doğru gedir. Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərinə hörmət edir. Təbii ki, Dağlıq Qarabağ vəziyyətinin mövcud olması xüsusilə də xarici siyasətə təsir edir, problemlər yaradır. Başqa bir həqiqət odur ki, hökumət düzgün istiqamətdə gedir: qanunlar dəyişdirilir, yaxşı mənada inkişaf edirlər".

İspaniyali həmməruzəçi vurğulayır ki, Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirib: "Başqa tərəfdən biz ifadə və toplaşma azadlığına görə Azərbaycanı tənqid edə bilərik. Azərbaycanın bu sahədə bəzi problemləri var. Lakin bu yalnız Azərbaycan yox, bütün Avropa ölkələrinə aiddir. Onların hamısında bu sahədə problemlər mövcuddur. Azərbaycanda yürüş və mitinqlər keçirilir. Onlardan bəzisi leqal, digərləri qeyri-leqaldır və belə olduğu təqdirdə onların nəticələri də olur. Bu başqa Avropa ölkələri və Azərbaycanla qonşu dövlətlərdə də baş verir".

Cənab Aqramunt onu da xatırladır ki, Azərbaycan demokratiyası cəmi 20 illik tarixə malikdir: "Onun ərazisi Avropa Şurası üzvü olan başqa bir ölkə tərəfindən zəbt olunub. Bü çox xüsusi bir məsələdir".