"Xarici terrorçu qrupların tərkibində döyüşlərdə iştirak edən 10 nəfər saxlanılıb"

15 Dekabr 2012 07:45 (UTC+04:00)

Bu il Dövlət Sərhəd Xidmətinin 421 binadan ibarət 41 kompleksdə tikinti işləri aparılıb, zabitlərin mənzillə təminatı üçün 1226 mənzil inşa edilib.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib. Onun sözlərinə görə, bu il DSX üçün döyüş hazırlığı, dövlət sərhədlərinin mühafizəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir silah və texnika ilə təchizat baxımından uğurlu olub. O deyib ki, DSX-nin xüsusi tapşırıqlarının icrası üçün yeni silah və texnikaların ölkəyə gətirilərək yerləşdirilməsi təmin olunub, Yevlaxda yeni hərbi hissə açılıb: "Bu il dövlət sərhədinin mühafizəsi çərçivəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 Azərbaycan, 2 xarici ölkə vətəndaşı saxlanılıb. O cümlədən xarici terrorçu qrupların tərkibində təlimlər keçmiş və döyüşlərdə iştirak edən 10 nəfər saxlanılıb. Sərhəd naryadlarına qarşı sərhəd pozucuları tərəfindən 10 halda silah tətbiq edilib. Sərhəd naryadlarının təlimata uyğun həyata keçirdikləri tədbirlər nəticəsində 1 İran vətəndaşı yaralanıb, 1-i isə dünyası dəyişib".