Köhnə avtomobillərin utilizasiyası üçün ekoloji vergi

16 Dekabr 2012 10:11 (UTC+04:00)

Azərbaycanda işləməyib atılan çoxsaylı köhnə maşınların sayı elə də az deyil. Bəzən həmin maşınları hətta belə küçələrdə harda gəldi qoyurlar. Belədə isə şəhərin gözəlliyinə ziyan vurmaqla yanaşı, zibillik də yaradırlar. Sözügedən maşınların utilizasiyası isə həyata keçirilmir. Halbuki, bu, çox vacib sayılır. 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da bu günlərdə bildirmişdi ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqramın hazırlanmasına ehtiyac var: "Azərbaycanda köhnə avtomobillərin sayının məhdudlaşdırılması işləri aparılır, amma onların sayı çoxdur. Bundan əlavə, indiki avtomobillər də köhnəlir. Bu proqramın olması məsələsi getdikcə aktuallaşacaq". Onun sözlərinə görə, Azərbaycanın iqtisadi durumu elə vəziyyətdədir ki, bu işlərin aparılması üçün şərait yetişib: "Şəhərimiz müasirləşir, yaxşı şəhərsalma texnologiyaları tətbiq olunur. Bakıda elektrik avtomobilləri və onların akumulyatorlarının doldurulması üçün məntəqələrin yaradılsa, ətraf mühit üçün yaxşı olar". 

Ukraynada isə bu problemin həlli üçün avtomobillərlə bağlı ekoloji vergi tətbiqi nəzərdə tutulur.  Hər gətirilən maşına görə belə bir vergi tutulacaq. Bu isə büdcəyə əlavə vəsaitin daxil olması ilə yananı, köhnə maşınların da utilizasiyasını asanlaşdıracaq. Bu mənada görəsən, Azərbaycanda da avtomobillərə münasibətdə ekoloji vergilərin tətbiqi mümkündürmü?

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov məsələyə müsbət yanaşır: "Belə bir verginin ölkəmizdə də tətbiqi lazımdır. Ümumiyyətlə, bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaq da zəruridir. Ukrayna keçmiş postsovet ölkəsi olaraq ümumi dəyərlər baxımından Azərbaycana daha çox yaxındır. Bu baxımdan hesab edirəm ki, atılmış maşınlara münasibətdə ekoloji verginin tətbiqi variantından istifadə ölkəmiz üçün keçərlidir".

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev də köhnəlmiş maşınlara qarşı ekoloji verginin tətbiq edilməsini vacib sayır: "Əslində belə maşınlara münasibətdə ekoloji verginin tətbiqinə çoxdan keçmək lazımdır. Biz bu sahədə gecikmişik. Ekoloji verginin tətbiqilə bir növ texniki cəhətdən nasaz maşınların ölkəyə gətirilməsinin də qarşısı alınır. Bu halda hamı çalışacaq ki, yeni, ekoloji tələblərə cavab verən maşınları alsın. Sağlam ətraf mühitdə yaşamaq vətəndaşların hüququdur. Bu baxımdan düşünürəm ki, konstitusion vəzifələrin qorunması baxımından köhnəlmiş maşınlara ekoloji verginin tətbiqi məsələsinə ciddi önəm vermək lazımdır. Cəmiyyət inkişaf etdikcə, texnika inkişaf etdikcə köhnəlmiş maşınların ekologiyaya vurduğu təsirlər də artır. Ümumiyyətlə əvvəlki dövrlərlə müqayisədə indi köhnəlmiş maşınların ekologiyaya vurduğu ziyanlar daha da artıb. Alimlər hazırda ekologiyaya vuarn ziyanın qarşısıın almaq üçün müxtəlif tədbirlər üzərində düşünür. Ekoloji verginin tətbiqi də bu mənada atılması vacib şərtlərdəndir. 

Onun həyata keçməsi Bakının atmosferinin çirklənməsinin qarşısını ən azından bir qədər ala biləcək. Həqiqətən də bir sıra insanlar var ki, artıq işlətmədikləri maşınları küçədə harda gəldi atırlar. Hətta zibil qutusuna belə çevirirlər. Polis şöbələrində də çoxsaylı bu tip maşınlar mövcuddur. Ölkəmizdə də bu mənada Ukrayna və digər ölkələrdə olduğu kimi, ekoloji vergi tətbiq olunarsa, vətəndaşlar istər-istəməz köhnəlmiş maşınların ləğvində maraqlı olacaqlar. Ona görə də biz də bu təcrübədən yararlanmalıyıq".