Yağış yenə böyük problemlər gətirir

16 Dekabr 2012 12:17 (UTC+04:00)

Yağış suları, deyəsən, paytaxt Bakının bəzi küçələri və bir sıra ətraf qəsəbələr üçün  əməlli-başlı problemə çevrilməkdədir. Belə ki, son günlər yağan yağışlardan sonra Bakı ətrafındakı ərazilərdə    qurunt suları yenidən üzə çıxmağa başlayıb. Ümumiyyətlə, Abşeron yarımadasının torpağı elədir ki, yağış yağan kimi qurunt suları üzə çıxmağa başlayır. Görəsən, yağış nəticəsində qurunt sularının üzə çıxmasının səbəbi nədir? Ona qarşısını almaq üçün nə kimi tədbirlər görmək olar? 

Ekoloq Telman Zeynalov qurunt sularının səviyyəsinin qalxmasını sırf yağıntılarla əlaqələndirdi: "Son 5-6 ildə yağıntıların miqdarı hardasa 30 faizə qədər artıb. Yağıntının miqdarı artdıqda isə qurunt suları torpağın çox da dərininə getmir. Havalar isti keçmədiyindən qurunt suları torpağın dərininə işləyə bilmir. Qurunt suları üzdədir, yağış yağanda miqdarı artır və belədə qurunt suları üzə çıxırlar. Bu qanuni aksiomadır. Yağıntının miqdarı artdıqca qurunt sularının səviyyəsi də yuxarı qalxır. Proses həmişə belə olacaq. Qorxulu məqam isə yağıntının miqdarının artması ilə bu və ya digər ərazilərdə sürüşmələrin baş vermə təhlükəsilə bağlıdır. Daşqın, sel, qurunt sularının səviyyəsinin qalxması yağıntılarla bağlı məqamdır. Burada başqa məqam yoxdur. Quraqlıq olanda isə qurunt sularının səviyyəsi aşağı düşür, meşələr yanmağa başlayır. 

Yağıntının miqdarının artması ilə Aran zonasında da qurunt sularının səviyyəsi qalxır ki, belədə də torpaqlar şoranlaşır. Belə ki, qurunt sularının səviyyəsinin qalxmasının ardınca buxarlanmadan sonra duz yerdə qalır və o da torpağı şoranlaşdırır". 

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə Bakı ətrafında yağışdan sonra qurunt sularının qalxmasını kanalizasiyaların durumunda  görür: "Su kanalizasiya sistemindəki çatışmazlıqlar səbəbindən yağışdan sonra qurunt suları qalxır. Vaxtilə Bakının əhalisi cəmi 1 milyon idi. O zaman qurulan kanalizasiya sistemləri də məhz bu qədər əhalinin təminatı üçün hesablanmışdı. Hazırda isə paytaxtın əhalisi 3-4 milyona çatır. Digər tərəfdən yağan yağış suları da vəziyyəti qəlizləşdirir. Nə qədər ki, Bakı ərazisinin su kanalizasiya sistemi təzədən işlənilməyib, yağışdan sonra qurunt sularının qalxması kimi problemlər də kəskin olaraq qalacaq. İndiki halda kanalizasiyalar özündən 2-3 dəfə artıq yük götürdüyündən belə vəziyyət yaranıb. Məsələ ancaq və ancaq şəhərin həddən artıq yüklənməsi və kanalizasiya sistemlərinin aşağı səviyyədə olması ilə bağlıdır. Digər tərəfdən, ola bilsin bir sıra ərazilərdə mövcud oan çökəkliklər də qurunt sularının qalxmasına rəvac verir. Çünki çökəklik olan halda yağış suyunun torpağın alt qatına düşməsi prosesi tədricən baş verir".