“Azərbaycanla möhkəm əlaqələr Gürcüstanın müstəqilliyi üçün lazımdır” - FOTO
17 Dekabr 2012 10:12 (UTC+04:00)
Bazar günü Fransa Senatının üzvü, Qafqaz üzrə Fransa Dostluq
Qrupunun sədr müavini Natali Qule və Fransanın Gurcustandakı
səfirliyinin nümayəndəsi Qzav ye Ruar Marneuliyə səfər ediblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanlıların
Mədəniyyət Mərkəzində gənclər və ziyalılarla görüşən xanım Natali
Qule Gürcüstana gəlişinin səbəbini açıqlayıb: "Gürcüstana səfərdə
məqsədim yeni hakimiyyətlə əlaqələr yaratmaq, parlament rəhbərliyi
ilə görüşməkdir. Şadam ki, Marneulidə azərbaycanlılar və ermənilər
sülh şəraitində yaşayırlar. Əgər Gürcüstanda azərbaycanlılar və
ermənilər sülh şəraitində yaşayırlarsa, deməli, ümidvaram ki, nə
vaxtsa, onlar Azərbaycanda, Dağlıq Qarabağda da belə yaşayacaqlar.
Bu iki millət sülh içində yaşamağa hazır olmalıdırlar. Amma bunun
üçün zaman lazımdır. Bunu tarix tələb edir. Mən Marneulidə
azərbaycanlılar arasında özümü evimdəki kimi hiss edirəm. Buradakı
Mədəniyyət Mərkəzində çox əhəmiyyətli və böyük işlər görülür.
Burada mədəniyyətlərarası inteqrasiya mövcuddur".
Natali Qule qeyd edib ki, Gürcüstanla Azərbaycan həmişə dost ölkə
kimi inkişaf etməlidir. "Bu, Gürcüstanın müstəqilliyi üçün
lazımdır. Azərbaycanın Gürcüstanla iqtisadi və enerji layihələri
sahəsində əməkdaşlığı var və Azərbaycan bu ölkəyə çox kömək
edir".
Sonra Senat üzvü gənclərin və ziyalıların suallarını cavablandırıb.
Xocalı soyqırımı haqqında sualı cavablandıran Fransa Senatının üzvü
bu hadisəni "dəhşət" adlandırıb.
Tədbirdə AMM-in rəhbəri Fazil Həsənov qonağa Dağlıq Qarabağ və
Xocalı faciəsi haqqında ədəbiyyat bağışlayıb.
Natali Qule jurnalistlərə açıqlamasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində
fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəif
olduğunu da inkar etməyib.
Senat üzvü Avropanın Cənubi Qafqaz üzrə real siyasət yürütmədiyini
deyib.
APA-nın Türkiyə tərəfinin tarixi arxivləri araşdırmaq barədə
komissiya yaratmaq təşəbbüsü ilə bağlı sualına cavab verən Senat
üzvü qeyd edib ki, bu məsələyə sivil qaydada yanaşmaq lazımdır.
"Fikirimcə, cəmiyyət buna hələ hazır deyil. Bunun üçün birgə
işləmək lazımdır".