İyun ayının 4-də əfsanəvi boksçu Məhəmməd Əli dünyadan köçdü. Zamanında adı əfsanələşən, boksdakı uğurlarıyla yanaşı siyasi fikirləri ilə də insanların qəlbində taxt quran Məhəmməd Əlinin həyatına kinematoqrafçılar da biganə qalmayıblar.
İndiyə kimi böyük boksçunun həyatından bəhs edən bir neçə ekran
əsəri çəkilib. Bu filmlərin bəzilərində Məhəmməd Əli özü çəkilsə
də, bəzi ekran əsərlərində Əli obrazını Hollivudun məşhur
aktyorları canlandırıb.
Movqe.az teleqraf.com-a istinadən həmin
filmləri təqdim edir.
İlk film
1977-cı ildə çəkilmiş "The Greatest" filmi məşhur boksçunun
həyatını ekranlaşdıran ilk filmdir. Məhəmməd Əli, Ernest Borgnayn
və Corc Marleyin baş rollarda oynadıqları film boksçunun daha çox
idman həyatına işıq tutur.
1979-cu ildə ekranlara çıxan "Freedom road" filmi isə Məhəmməd Əlini bir başqa aspektdən tamaşaçılara tanıtdı. "Xoşbəxtlik paylaşdıqca gerçək olur" ifadəsi ilə hafizələrdə yer alan filmdə Əli obrzını Gidon Cekson yaradır.
Uğurlu film
Məhəmməd Əlinin həm siyasi, həm idman sahəsindəki fəaliyyətinə işıq
salan, bəlkə də ən gözəl film məhz 2001-ci ildə ekranlara çıxan
"Əli" filmidir. Məşhur aktyor Uil Smitin baş rol oynadığı filmdə
Əlinin boks sahəsində qazandığı uğurlar, eləcə də məğlubiyyətləri,
siyasi fəaliyyəti, Vyetnam müharibəsində iştirak etməkdən boyun
qaçırması, Malkolm X.-lə yaxınlaşması və müsəlmanlığı qəbul etməsi
kimi vacib məqamlara toxunulub.
Film Uil Simitə də böyük uğur gətirdi. Hollivud aktyoru məhz bur rolla ilk dəfə Oskar mükafatına namizəd olub. Smit boksçunun vəfatı günündə sosial şəbəkədə bu sözləri yazmışdı: "Ağıllı müəllimim, dostum. Həyatımı dəyişdirdin. Hüzur içində uyu".
Rəqibləri danışır
"Facing Ali" adlı sənədli film digər ekran əsərlərinə nisbətən
boksçunun simasını daha fərqli biçimdə təqdim edir.
2009-cu ildə istehsal olunan bu sənədli filmdə Məhəmməd Əli
rəqiblərinin gözündən tanınır. Corc Çuvalo, Henri Kuper, Corc
Foreman kimi idmançıların yer aldığı filmin rejissoru Pit
Makkormakdır.
Klar Livisin ssenarisini yazıb, rejissorluğunu etdiyi bir başqa
sənədli film "I am Ali" adlanır. Film boksçu haqda çəkilən ən dəqiq
və detallarla zəngin sənədli filmdir. Filmdə Əlinin ən gənc
yaşlarından tutmuş günümüzə qədərki fotoları təqdim
olunur.
Bununla yanaşı filmdə vaxtilə məşqlər zamanı çəkilmiş ağ-qara
formatda video və müsahibələr də var.