Komitədən nazirliyə çağırış
17 Dekabr 2012 17:58 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin
dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının "TQDK
dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı olan
adamlardan daha çox istifadə edir" fikrinə münasibət bildirib.
TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında
deyib ki, Komissiya tərəfindən orta məktəblərdə qüvvədə olan
dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vəsaitlərinin
monitorinqi ilə bağlı keçirilən seminarlarda iştirak tam
sərbəstdir: "Bununla əlaqədar TQDK-nın rəsmi internet saytında
əvvəlcədən məlumat və seminarların iş cədvəli asılıb. Seminarlarda
bütün orta məktəblərdən olan müəllimlər, müstəqil ekspertlər,
pedaqoq və repetitorlar, ayrı-ayrı dövlət orqanlarında çalışan
işçilər iştirak edə bilərdilər. Biz müxtəlif tədris şöbələrinə də
müraciət edib onların müvafiq fənlər üzrə müəllimlərinin bu
seminarlarda fəal iştirakını təmin etməsinə köməklik göstərməsini
xahiş etmişdik. Yəni TQDK bu seminarlara kimisə seçərək xüsusi
olaraq dəvət etməyib və etmir. TQDK yalnız xüsusi olaraq Təhsil
Nazirliyini dəvət edib. O nazirlikdən də müvafiq şöbənin müdiri
Faiq Şahbazlı bu seminarlarda müntəzəm olaraq iştirak edir.
Seminarlar tam açıqdır və şəffaflıq şəraitində keçir. Burada
alternativ fikirlər də səslənə bilər. Nəyisə müzakirə edib
nöqsanları müəyyənləşdirmək və daha təkmil bir iş ortaya qoymaq
üçün yalnız tərifləri eşitmək lazım deyil, tənqidləri də dinləmək
lazımdır. Bu fikirlərdən narahat olmaq lazım deyil. Biz insanları
əvvəllər dərslik müəllifi, yaxud narazı olub-olmamasına görə
müəyyənləşdirib dəvət etməmişik. Seminar iştirakçılarının tam
əksəriyyəti orta məktəb müəllimləridir. Seminarlarda Təhsil
Nazirliyinin tabeliyində olan məktəblərin müəllimləri tərəfindən
daha çox narazılıqlar ifadə olunur, nəinki narazı qalan dərslik
müəllifləri".
TN-in dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə
APA-ya deyib ki, dərs ilinin başa çatmasına 5 ay müddət qalıb. Bu
müddət ərzində dərsliklər istifadə olunmadan, praktikada onlara
şagirdin, müəllimin, valideynin münasibəti ortalığa çıxmadan
dərsliklərin monitorinqini aparmaq düzgün deyil: "Əslində TQDK
Təhsil Nazirliyinin qiymətləndirməsini hörmətdən salmaq üçün yeni
bir qiymətləndirmə modeli yaradır. Çünki gərək dərsliklərin
istifadəyə verilməsindən bir il keçsin ki, ondan sonra bu barədə nə
isə deyək. Amma I, IV və V sinif dərslikləri bu il yenidən
hazırlanaraq kurrikulum əsasında istifadəyə verilib. Belə halda
monitorinqi necə etmək olar?"
Elnur Nağızadə isə deyib ki, hələ TQDK-nın monitorinqləri başa
çatmayıb: "Prosesi qabaqlamaq lazım deyil. Hələ bu
qiymətləndirmənin nəticələri açıqlanmayıb. Monitorinqin nəticələri
yekunlaşmamış indidən buna qarşı çıxmaq doğru deyil".