Avtobus sürücüləri aksiya keçirdi: "Məqsəd isə "Baku-Bus"ı..."
11 İyun 2016 21:00 (UTC+04:00)
Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə ləğv
edilən 16, 18 və 96 saylı marşrut xətləri ilə hərəkət edən
avtobusların sürücüləri etiraz aksiyası keçiriblər.
Sürücülər işə bərpa olunmalarını tələb edirlər. Aksiya xətlərin
artıq sabiq sahibi olan "Xaliq Faiqoğlu" MMC-nin qarşısında
keçirilib.
Movqe.az bildirir ki, "Xaliq Faiqoğlu" MMC-nin direktorunun müavini
Fizuli Sadıqov "APA-Economics"ə açıqlamasında aksiyanın
keçirildiyini təsdiqləyib: "Sürücülər haqlı olaraq işə bərpa
olunmasını tələb edirlər. Bilirsiniz ki, Bakı Nəqliyyat
Agentliyinin müvafiq qərarından sonra bizim 50 avtobusumuz
xətlərdən çıxarılıb və hazırda qarajdadır. Beləliklə, 200-ə yaxın
sürücü işsiz qalıb. İndi onlar bizdən tələb edirlər ki, onları işə
bərpa edək. Necə və hara bərpa edək? Sağ olsun bəzi qurumların
rəhbərləri: onların gördüyü işin nəticəsidir ki, 200 nəfər işsiz
qalıb. Bu boyda skandal kimə lazım idi? 2005-ci ildən o avtobuslar
xətdə işləyir".
Şirkət rəsmisi deyir ki, BNA bu addımı "BakuBus" MMC-nin işini
asanlaşdırmaq üçün atıb: "İllərdir 18 saylı marşrut xətti ilə bizim
avtobuslar hərəkət edirdi. Bakı Nəqliyyat Agentliyi həmin marşruta
"BakuBus"ın 7 saylı avtobuslarını buraxdı. Bundan başqa, 96 saylı
marşrut xətti də bizə məxsusdur və illərdir fəaliyyət göstərir.
Yenə də həmin marşruta "BakuBus"ın 14 saylı avtobusları buraxıldı.
"BakuBus"a məxsus 2 saylı marşrut xətti üçün bizim 65 saylı marşrut
xəttini sıradan çıxardılar. Səbəb bəllidir: biz "BakuBus" MMC-nin
pul yığmağına mane oluruq. Amma düşünmürlər ki, biz də həmin xəttin
lisenziyasını almaq üçün pul vermişik! Düşünmürlər ki, avtobusların
alınmasına milyonlarla pul xərcləmişik! Düşünmürlər ki,
şirkətimizdən yüzlərlə insan ailəsinə çörək pulu aparır! Bakı
Nəqliyyat Agentliyi vaxtilə yuxarı instansiyalara yalan sata-sata
şarı köpürtdü və dedi ki, şarın içində hər şey var. İndi isə şar
partlayıb və məlum olur ki, şarın içində heç nə yox imiş. İndi də
"BakuBus" pul yığa bilmir deyə-deyə düşüblər şirkətlərin canına.
Məqsəd odur ki, bazarda sırf "BakuBus" qalsın. Halbuki, biz bütün
tələbləri çoxdan yerinə yetirmişik, hətta "BakuBus" fəaliyyətə
başlamayandan. Təkcə kart sisteminə keçid üçün 421 min dollar xərc
çəkmişik".
F. Sadıqov əlavə edib ki, şirkətin avtobus parkının müvafiq
standartlara cavab verməməsi ilə bağlı iddialar həqiqəti əks
etdirmir: "Gəlib, özünüz baxa bilərsiniz. Bizim parkımız olduqca
müasirdir. Üstəlik, burada işlər davam etdirilir".
O əlavə edib ki, şirkət parkın yenilənməsinə külli miqdarda xərc
çəkib: "Bizim hazırda bir neçə banka 20 milyon manata yaxın kredit
borcumuz var. Avtobuslarımız işləmədikcə, kreditin ödənişində də
problemlər yaranacaq. Bunları düşünən yoxdur".
Şirkətin ümumilikdə 14 marşrut xətti var və F. Sadıqov hesab edir
ki, bu gedişlə, onların sayı azalmaqda davam edəcək. "Bizim 250-ə
yaxın avtobusumuz var. Hazırda fəaliyyətsiz (bağlanan marşrut
xətlərindəkilər - red.) olan avtobusları mövcud xətlərə buraxmaq da
düzgün deyil, çünki xaos yarana bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, aparılan optimallaşdırma və təkmilləşdirmə işləri
ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) şəhər
nəqliyyatının müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən
daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş
əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən
hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan
şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir
görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.
Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun
şəkildə bu gün, iyunun 9-dan etibarən 16, 18 və 96 saylı marşrut
xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan
marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılıb.
Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər
mərhələli şəkildə davam edəcək.
Əlavə olaraq qeyd edilib ki, daşıyıcı şirkət standartlara və
tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ
yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri
dəyərləndiriləcək./APA/