İctimai nəqliyyatda güzəştlər yenidən bərpa olunur

18 Dekabr 2012 07:28 (UTC+04:00)

İctimai nəqliyyatda güzəştlərin bərpa edilməsi yenidən aktual müzakirə mövzularından birinə çevrilib. Əsas səbəb də nəqliyyat nazirinin müavini Musa Pənahovun verdiyi açıqlamalar olub. Nazir müavini "New Baku Post"a müsahibəsində bununla əlaqədar bildirib: "İctimai nəqliyyatda kiçikyaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlər nəzərdə tutulur".

M.Pənahov deyib ki, hazırda avtobuslarda gediş haqqını kartla ödəmə sistemi üzərində iş aparılır: "Daşımaların sivil formada olması üçün buna ehtiyac var. Mütəxəssislər cəlb etmişik. Sistemin tətbiqi ilə bağlı işlərə başlanılıb, bu proses gələn ilin ortalarına qədər başa çatacaq".

Xatırladaq ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Sovet dövründə də bu sistem var idi. 12 yaşına qədər olan uşaqlara, tələbələrə, əlillərə, müharibə iştirakçılarına və təqaüdçülərə güzəşt edilirdi. Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt edilir.

Güzəştlər ləğv edilənə qədər təqaüdçülərə, müharibə veteranlarına, müəllimlərə, şəhid ailələrinin üzvlərinə və əlillərə ictimai nəqliyyatda gediş haqqına güzəştlər vardı. Lakin qeyd olunduğu kimi sonra bu güzəştlər ləğv olundu. Mütəxəssislər və sürücülər bunun bir səbəbini də nəqliyyat sahəsinin özəlləşdirilməsində görür. Çünki güzəştlər qüvvədə olan dövrdə sürücülərə aylıq maaş verirdilər. Bu səbəbdən də sürücülər üçün bu güzəştlərin olub-olmaması əhəmiyyətli deyildi. Lakin sonradan avtobus marşrutları özəlləşdirilərək sahibkarlar tərəfindən alındı və sürücülərə gündəlik plan qoyuldu. Bundan sonra isə sürücülər üçün sərnişinləri pul müqabilinə daşımaq da aktual məsələyə çerildi.

İndi də belə hesab edilir ki, sürücülər intellektual idarəetmə sisteminə keçdikdən və onlar üçün maaş müəyyən edildikdən sonra güzəştlərin yenidən tətbiqi mümkündür və bu edilməlidir. Məsələn, qonşu Rusiyada hələ də bu güzəştlər mövcuddur.

Ekspertlər də cəmiyyətin az təminatlı təbəqələrinə nəqliyyatda gediş haqqına güzəştlərin edilməsinin tərəfdarıdır. Həmçinin, iqtisadçı-ekspertlər intellektual idarəetmə sisteminin belə güzəştlərin tətbiq edilməsinə imkan verdiyini bildirirlər.

Lakin Azərbaycanda pensiyaçıların, müharibə veteranlarının, əlillərlərin və digər imtiyazlı təbəqələrin sayının çox olması ilə əlaqədar bu prosesin mərhələli aparılması vacib sayılır. Onu da bildirək ki, Polşa, Macarıstan, Rusiya, Türkiyə, Amerika və s. ölkələrdə ictimai nəqliyyatda belə güzəştlər tətbiq edilir. Azərbaycanda da bu güzəştlər mərhələli şəkildə tətbiq edilməlidir. Hazırda yaradılan intellektual idarəetmə sistemi buna imkan verir.

Qeyd edək ki, qonşu Türkiyədə tələbələr şəhər nəqliyyatından yarı qiymətinə istifadə edirlər. Rusiyada da tələbələrə nəqliyyatda güzəşt edilir. Tələbə biletini göstərən tələbə metroda, elektrik qatarında və s. birdəfəlik bileti 2 qat ucuz ala bilər. Başqa şəhərdən olan tələbələrə də ildə bir dəfə evlərinə pulsuz olaraq gedib qayıtmaq hüququ verilir.

Bu ilin sentyabrından isə Tiflisin bələdiyyə nəqliyyatında yeni güzəştli ödəniş sistemi tətbiq edilir. Belə ki, sentyabrın 15-dən "Metromoney" kartı vasitəsi ilə bələdiyyə nəqliyyatında ilk gediş üzrə ödəniş edən sərnişinlər növbəti 1,5 ay ərzində metro və avtobuslardan pulsuz yararlana bilir.

Hazırda Tiflisdə ictimai nəqliyyatda müəyyən güzəştlər mövcuddur. Paytaxt avtobuslarında və metropolitendə gün ərzində ilk gediş 0,5 lariyə (0,25 AZN), ikinci gediş 0,3 lariyə (0,16 AZN), bundan sonrakı gedişlər isə 0,2 lariyə (0,1 AZN) başa gəlir. Bununla yanaşı bəzi kateqoriya vətəndaşlar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Məsələn, müəllimlər və pensionerlər üçün metro və avtobuslarda gediş haqqı 0,2 lari (0,1 AZN), sosial baxımdan aztəminatlı ailələrin üzvləri üçün isə 0,1 lari (0,5 AZN) təşkil edir. ABŞ-da da tələbələrə müəyyən güzəştlər var. Məsələn, nəqliyyatda, kitab mağazalarında, tələbə kafelərində, internet klublarında onlar başqalarına nisbətən az pul ödəyirlər. Almaniyada da tələbələr nəqliyyatda gediş haqqını güzəştlə ödəyirlər. Həmçinin, digər aztəminatlı təbəqələr üçün müxtəlfi variantlardan istifadə olunur. Belə güzəştlərin isə Azərbaycanda da tətbiqinə hazırlıq gedir. Lakin bunun kimlərə şamil ediləcəyi və hansı formada olacağı hələ dəqiq bilinmir.