"Müxalifətin gurultulu bəyanatları güc müəyyənləşdirmir"

30 Noyabr 2011 12:52 (UTC+04:00)

"Bu gün Azərbaycanda iqtidar-müxalifət dialoqu meydanda şəxslərarası münaqişə formasında yox, ideya mükaliməsi formasında olmalıdır". Bunları "Azadinform"a müsahibəsində Ana Vətən Partiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, müxalifət ultimatum formasında hərdən kimlərisə debatlara dəvət edir və sanki bununla özlərinin sosial güclərini nümayiş etdirmək istəyir. "Amma istənilən nəticə əldə olunmadı. Çünki bu cür gurultulu bəyanatlar güc müəyyənləşdirmir", - deyə Z.Oruc vurğulayıb. Deputatın fikrincə, əgər debat lazımi formada baş tutarsa, iqtidarla müxalifət arasında kifayət qədər müzakirə olunası mövzu var. "Ölkədə iqtisadi proseslərin gedişi, beynəlxalq əlaqələr, regiondakı vəziyyət, Qarabağ məsələsinə münasibət, siyasi konsensus və onun şərtləri, siyasi sistemin mükəmməl işləməsi üçün birgə modellərin hazırlanması və sair. Gündəmdə kifayət qədər mövzu var, yetər ki debatın niyyəti xoş olsun" - deyə o bildirib.