Qiyamət günü əndişəsi davam edir

18 Dekabr 2012 17:28 (UTC+04:00)
İndi çoxları tərəfindən qiyamət ünü olaraq da adlındarılan 21 dekabr yaxınlaşdıqca bu fonda dünyanın dağılağağına dair yenə də müxtəlif fikirlər səslənməkdədir. Özü də son vaxtlar camaatı xofa salacaq məlumatların sayı artmaqda davam edir. Səsləndirilən bəzi fikirlərə görə artıq planetlərin düzülüşündə də dəyişikliklər yaşanır. 
Bəs söylənilən bu fikirlərin nə dərəcədə əsası var?
Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mıkayılov  məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında aşağıdakıları deyib: "Ümumiyyətlə, dünyanın sonu, 21 dekabrda nə isə baş verəcəyi ilə bağlı yazılan məlumatların hamısı cəfəng söhbətlərdir. Belə şeylərə fikir vermək lazım deyil. Dünyada gündəm yaratmaq üçün belə şeyləri ortalığa atırlar. Bunların heç bir elmi əsası yoxdur. "21 dekabr dünyanın sonudur", "4-5 gün yer üzünə qaranlıq çökəcək" kimi fikirlər ümumiyyətlə, mümkün olan bir şey deyil. Qaranlıq nə vaxt çökə bilər? O vaxt çökə bilər ki, ya Günəşin qarşısı tamamilə tutulmalı, ya da ki, Günəş ümumiyyətlə dağılmalı, məhv olmalıdır. Bunu buddistlərin Dalay Lamasının ortaya atdığı deyilirdi. Sonradan məlum oldu ki, heç o deməyib. Haradansa ortalığa atılıb. Camaat panikaya düşüb. Şam alan kim, konserv alan kim. 21 dekabrdı  elə bir hadisə baş verməyəcək. Nəinki 21 dekabr, yaxın illərdə, on illiklərdə belə şey ümumiyyətlə gözlənilmir".
Son dövrlər bəzi elm adamları Mayya təqviminə, yəni qiyamətin qopacağına inanmağa başlayıblar. Asrofizik bu məsələyə də fikir bildirib: "Mayyalar qədim hindu tayfalarıdır. Onlar həqiqətən vaxtilə bəzi dəqiq astronomik təqvimlər veriblər.  Məsələn, Yerin Günəş ətrafında fırlanma periodunu bir neçə saat dəqiqliklə deyiblər. Bu olub. Uzun illər müşahidələr nəticəsində formalaşmış bir təqvim ola bilər. Mayyaların təqviminə görə, Günəş sistemi bir neçə dəfə yaranıb məhv olub. İndi bu 5-ci sikldir. Bu da 5126 il yaşayır. Onların da təqvimi 3114-cü ildən başladığına görə hesablamalar nəticəsində belə bir rəqəm əldə ediblər. Onu da mayyalılar deməyib. İndiki bəzi alimlər araşdırmalar aparıblar ki, xronologiyanın başladığı tarixi indiki 5126 deyilən ədəddən çıxsaq gəlib 2012 edir. Bunlar da ona əsaslanaraq deyirlər ki, dünya dağılacaq. Mayyalıların təqvimindəki 5 sikl söhbəti yanlışdır. Çünki, Günəşin özünün ömrü 10-11 milyard illərlə ölçülür. Bu saat Günəşin yaşı 4.7 milyard il ətrafında  göstərilir. Hələ Günəş orta yaşdadır. Elmi cəhətdən yanaşsaq, bundan sonra hələ Günəş 5-6 milyard il də yaşayacaq. Onun da təkamül mərhələsi var. Yəni yaranır, müəyyən inkişaf mərhələsi keçib ölür. Bu da onu göstərir ki, hələ Günəş orta yaşdadır. Bu baxımdan da dünyanın sonunun olması mümkün olan şey deyil. Bunu ancaq o tək Allah bilir ki, nə vaxt dünyanın axrıdır. Onun yaratdığı insanlar heç vaxt onu deyə bilməz".
BDU Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə də məsələ ilə bağlı Mövqe. Az-a açıqlamasında yayılan məlumatların cəfəngiyat olduğunu deyib: "Mən bu məsələ ilə bağlı televiziyada da çıxış eləmişəm. Bunların hamısı cəfəngiyatdır. Heç bir dəyişiklik olmayacaq. Bunların heç bir əsası yoxdur. Mümkün olan şey deyil. Son vaxtlar NASA-da bəyanatlar verdi ki, belə bir şey yoxdur.  Səsləndirilən fikirlərin, yayılan məlumatların heç bir elmi əsası yoxdur. Əhalinin narahatlığına əsas yoxdur.
Bu məlumatları yayanların da öz məqsədləri var. Bəziləri üçün biznes əhəmiyyəti var. Çox şeylərin satmaq məqsədi ilə şayiə buraxdılar. Bu məsələdə bəzi dini fikirlər də var.
Bu  təkcə bizdə deyil. Bu qlobal məsələdir. Bu məlumatlar bütün dünyanı bürüyüb. Amma narahatçılığa heç bir əsas yoxdur".