Yağışın palçığa boyadığı yollar

19 Dekabr 2012 10:15 (UTC+04:00)
Bir neçə gündür fasilələrlə yağan yağış Bakının bir sıra ərazilərdə asfalt yollarının çirkaba, palçığa bulaşmasına səbəb olub. Məsələ burasındadır ki, yağış suları yolları yuyub təmizləmək əvəzində ətrafdakı zir-zibili, toz-torpağı palçıq halına salıb asfalt yollara yayır. Avtomobillərin təkərləri altından ətrafı sıçrayan çirkab sular, palçıq kənardakı insanların üst-başlarını abırdan salır. Niyə küçələrimiz palçıqlıdır?
Bu sualla müraciət etdiyimiz ekspertlər bildirirlər ki, son illər Bakının palçıqlı şəhər olması barədə cəmiyyətdə fikir formalaşıb.
Aparılan tikinti və qazıntı işləri zamanı yaranan toz-torpaq təmizlənmədiyindən yağış yağanda şəhər palçıqlı olur. Yayda tozdan, qışda isə palçıqdan əziyyət çəkən Bakı sakinləri bir sıra hallarda çantalarında, ciblərində ayaqqabılarını, üst-başlarını təmizləmək üçün əski, "şotka" daşımalı olurlar.
Yaşıllar Partiyasının sədri, ekoloq Mais Güləliyevin sözlərinə görə,  Bakı küçələrinin, yolların palçıqlı olmasının əsas səbəbi yolların yuyulmamasıdır: "Yollar yuyulmur. Hər gün yuyulub təmizlənsə, yağış yağanda palçıq olmaz.  Həmçinin, Bakıya yağıntı az düşür. Elə şəhərlər var ki, ora hər həftə yağış yağır və yollardakı çirkbalar, palçıqlar yuyulur. Bizdə Bakı şəhərində ildə bir neçə dəfə yağış yağır ki, bu qeyd etdiyiniz problemlərin üzə çıxmasına səbəb olur".
Ekspert həmçinin bildirdi ki, yolların tez-tez qazılması, asfalt örtüyünün dağılması yolların bərbad hala düşməsinə gətirib çıxarır: "Sovet dövründə Bakı şəhəri hər gün səhər tezdən yuyulardı. Yağış yağanda yolda palçıq yaranmazdı. Amma indi tamam başqa stiuasiyadır. Nəqliyyat Nazirliyinin tabeliyində olan bəzi yollar yuyulur. Lakin bunu bütün yollar barəəd demək olmaz. Əgər yağış yağanda körpülərdən lil axırsa deməli, bu, tozdan yaranıb. Səkilərin kənarındakı qalın palçıq isə qazıntı zamanı asfaltın üstünə atılmış və sonradan təmizlənməmiş torpaqdır. Ona görə də xoşagəlməz vəziyyət yaranır". 
Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərli isə qeyd etdi ki, küçələrin vaxtı-vaxtında süpürüldməməsi və yuyulmaması yağışlı günlərdə palçığın yaranmasına səbəb olur: "Vaxtında təmizlik işləri aparılsa, yollarda qazıntı işləri aparılarkən təmizliyə riayət olunsa, problem yaranmaz. Yağış yağandan sonra avtoyuma məntəqələrinin qarşısında növbə olur. Küçə uşaqları əllərində süngər (maçalka) dururlar yollarda. Yağış yağanda avtomobillər yuyulmaq əvəzinə, kir-pasın içində olur. Palçıq maşınları görünməz hala salır".
Ekspert bildirir ki, şəhərin palçıqlı olmasına digər səbəb zibil qutularının vaxtı-vaxtında boşaldılmamasıdır: "Aşıb-daşan zibil qutuları ətrafı çirkləndirir. Avtomobillərin təkərləri altında ətrafa səpələnən zibillər sonradan palçıqla qarışıb əcaib mənzərə yaradır. Bundan başqa, yarımçıq qalmış binalardan küləyin ətrafa səpələdiyi toz-torpaq da sonradan palçıqa çevrilir. Yolların təmizliyini həyata keçirən qurumlar həqiqətən də təmizlik yaratmaq istəyirlərsə, ilk növbədə səbəbləri öyrənməli, sonra nəticələri aradan qaldırmağa başlamalıdılar".