“Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”
19 Dekabr 2012 11:31 (UTC+04:00)
"2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa
sahələrdə çox uğurlu il olub. Deyə bilərəm ki, ölkə qarşısında
duran bütün əsas vəzifələr bu il də icra edilib. İqtisadiyyatımız
uğurla inkişaf edib. Sosial məsələlərin bir çoxu həllini
tapıb".
Movqe.Az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Milli
Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunmuş
mərasimdəki çıxışında deyib.
Prezident deyib ki, uzun illərdir ki, sovet dövründən dondurulmuş
vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanıb: "
Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük. Əlbəttə,
güclü iqtisadi potensial bizə imkan verəcək ki, gələcəkdə idman
sahəsinə daha da böyük həcmdə investisiyalar qoyaq.
İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf
edir".
Ölkə başçısı bildirib ki, bu ilin yekunlarına görə, qeyri-neft
iqtisadiyyatımız təxminən 10 faiz artacaq: "Bu, onu göstərir ki,
iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf
edir".
Ölkə başçısı bu il neft sahəsində hasilatda müəyyən tənəzzül
olmasına da toxunub: "Mən bu barədə fikirlərimi, iradlarımı
bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə
dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı
Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə
bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş
yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp
şirkəti bu fikirlərə, iradlara çox böyük məsuliyyətlə yanaşıb. Bu
gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək
illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların
arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda
dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq,
doğrudan da, güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq
iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə
olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin
ediləcək".
Prezident onun iradlarından sonra bu istiqamətdə açılan
polemikalara da toxunub: "Azərbaycanı istəməyən xarici qüvvələr,
erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan
daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə
verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı
ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun
tərəfdaşları arasında hansısa problemlər var. Problemlər ola bilər.
Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər
aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk.
Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə
yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən
qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki,
idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl
medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların
yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət
sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu
inkişafını istəməyən xarici qüvvələr sevinməsin".
Ölkə başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı güclüdür: "Neft-qaz
sektorumuz iqtisadiyyatın dayağıdır. Yenə də qeyd etmək istəyirəm
ki, bu sahədə Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşlarımızın
məsuliyyəti və bp-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam
etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alındı və
gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf
təmin ediləcək".