"Səkkizlik" İctimai Palatanı sıradan çıxarır

19 Dekabr 2012 11:42 (UTC+04:00)
Kamil Seyidov: "Bundan sonra müxalifətin güc mərkəzinin "səkkizliyə" cəmlənə biləcəyini düşünmək olar"

Artıq açıq şəkildə görünür ki, müxalifət düşərgəsində yeni birlik formalaşmaqdadır. İctimai Palatanın alternativi kimi dəyərləndirilən yeni birliyin birincini sıradan çıxarması da bəziləri tərəfindən qaçılmaz sayılır. Söhbət artıq "səkkizlik" adı alan qüvvələrdən gedir. Məlumatlara görə "səkkizlər"in yaxın günlərdə daha bir görüşü reallaşa bilər.
Növbəti belə bir tədbir AMİP sədri Yusif Bağırzadə tərəfindən təşkil olunmalıdır. Hətta məlum olub ki, AXCP sədri bu görüşə də dəvət ediləcəyi təqdirdə qatılacaq. Belə bir açıqlama ilə AXCP Ali Məclisinin sədri Həsən Kərimov çıxış edib. O, İctimai Palatada olmayan partiyalarla funksional əməkdaşlıq etdiklərini söyləyib. Ona görə də onların dəvətlərindən imtina etməyəcəklərini də diqqətə çatdırıb. Belə bir açıqlama isə o anlama gəlir ki, AXCP artıq sözün həqiqi mənasında İctimai Palata ilə əlaqələri kəsməyə doğru istiqamət götürüb. Bu halda isə İctimai Palatanın dağılması qaçılmaz olacaq. Deməli artıq Əli Kərimlinin Müsavat başqanını ofsayd vəzyyətinə qoymaq planı da gerçəkəlşir. Belədə artıq cəmiyyətdə İsa Qəmbərin təkləndiyi fikri formalaşacaq. "Səkkizlər"in ikinci görüşünə də Əli Kərimlinin qatılmaq niyyəti bir daha göstərir ki, İctimai Palatadakı iki qrup arasında münasibətlər hələlik üzdə görünməsə də artıq gərginləşib. Belə bir durumda İctimai Palatanın parçalanmaqdan başqa digər çıxış yolu qalmır. Əvəzində isə yuxarıda da qeyd etdiyimiz kimi, müxalifətin güc mərkəzi "səkkizlik" ətrafında toplanır.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz AMİP funksioneri Əli Orucov da vurğuladı ki, İctimai Palatadakı namizəd məsələsində fikir ayrılığı tədricən müxalifətin güc mərkəzinin "səkkizlik" ətrafında toparlanmasına stimul verə bilər: "Müxalifətin vahid namizəd məsələsində razılığa gələ bilməməsi təəssüf doğurur. Bu isə artıq İctimai Palatanın özünün mövcudluğuna ciddi təhlükənin yaranması deməkdir. İstərdim ki, İctimai Palata və ondan kənarda olan müxalifət dairələri bir yerə yığılıb vahid namizədlik məsələsində ən azından fikir mübadiləsi aparsınlar. Onların mütləq mənada razılığa gəlmələri şərt deyil. Hər halda ilkin fikir mübadiləsinin və rəylərin dinlənilməsi işin xeyrinə olardı. İctimai Palata və Məşvərət Məclisində hər bir partiya fərdi qaydada təmsil olunur. Hər iki qurumda təmsil olunan təşkilatlar siyasi kurslarında müstəqildirlər. Onlar üzərlərinə hər hansı bir öhdəlik götürməyiblər. Ona görə də görünür, İctimai Palatadakı fikir ayrılıqları müxalifətin yeni güc mərkəzinin yaranması üçün müəyyən addımların atılmasına, görüş və təmaslar barədə razılıq əldə olunmasına imkan yaradır. İstəməzdim ki, Müsavat Partiyası bu müzakirələrdən kənarda qalsın. Amma hər bir partiya müstəqil kurs yeritməkdə sərbəstdir. Bu yöndə onlara hər hansı bir irad tutmaq da yersizdir. İctimai Palatada vahid namizəd məsələsində razılıq olmasa, orada təmsil olunan Müsavat Partiyası ilə AXCP seçkilərə fərdi qaydada, ayrı-ayrılıqda qatılacaqsa, İsa Qəmbər öz ətrafında yeni bir güc mərkəzinin yaradılmasına çalışacaq. Əli Kərimli də həmçinin çalışacaq ki, iddialı namizəd kimi özünün favorit olduğu bir güc mərkəzində təmsil olunsun. Bu isə o demək olacaq ki, artıq İctimai Palata öz fəaliyyətini sona çatdırır. Vahid namizəd məsələsində təəssüf ki, hər bir müxalifət partiyası öz namizədinin üzərində israr edir. Bu isə heç də yaxşı sonuclar gətirmir. Lakin nə etmək olar ki, vəziyyət belədir".
ADP sədri Sərdar Cəlaloğlu isə sözügedən məsələ barədə indidən nəticə çıxarmağın hələ tez olduğunu düşünür: "Hələlik "səkkizlər"in fəaliyyətində irəliyə doğru yeni bir təşəbbüs və gəlişmələr yoxdur. Bu səbəbdən də indilikdə düşünürəm ki, "səkkizlərin" müxalifətin güc mərkəzinə çevrildiyi barədə nəticə çıxarmaq hələ tezdir. Amma bütün hallarda situasiyanın məhz bu istiqamətdə getməsini arzulayırıq".
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da bu qənaətdədir ki, bir müddətdən sonra müxalifətin əsas güc mərkəzi "səkkizlik" adlanan qurumda cəmlənə bilər: "Artıq gün kimi aydındır ki, İctimai Palatada Əli Kərimli ilə İsa Qəmbər arasında vahid namizədlik məsələsində ortaq məxrəc əldə olunmayacaq. Hər iki lider ambissiyalarını önə çəkdiyindən bir-birinə güzəştə getmək fikrindən çox uzaqdırlar. Belədə bir müddət əvvəl "Asiman" restoranında baş verən tədbir müxalifətin yeni güc mərkəzinin yarana biləcəyindən xəbər verir. Hansı ki, İP-də təmsil olunan AXCP sədrinin də həmin toplantıya qatılması sözügedən qurumun yaxın zamanlarda parçalanacağına bir işarədir. Bəllidir ki, İP-də güc mərkəzi Müsavatla AXCP ətrafında toplaşıb. AXCP-nin "səkkizlər"lə təmas qurması isə İP-də yaxın dönəmdə yalnız Müsavatın qalacağından xəbər verir. Bu isə istər-istəməz İP-in bir qədər də zəifləyəcəyi anlamına gəlir. AXCP isə görünür, bundan sonrakı fəaliyyətini "səkkizlik" daxilində davam etdirəcək. Belə vəziyyət isə İP-nin zəifləməsinə, əvəzində "səkkizlik" adlanan qrupun güclənməsinə gətirib çıxarmalıdır. Bu halda da bundan sonra müxalifətin güc mərkəzinin "səkkizliyə" cəmlənə biləcəyini düşünmək olar. Amma bütün hallarda müxalifətin hazırkı gücü iqtidar üzərində qələbə çalmaqdan qat-qat aşağı səviyyədədir. Onlar hətta vahid blokda birləşsələr belə, uğurlu siyasət aparan hazırkı iqtidar qarşısında acizdirlər".