Tikinti şirkətlərinin mənzil fırıldağına son qoyacaq təklif
19 Dekabr 2012 12:01 (UTC+04:00)
Səməd Vəkilov: "Çıxarış əldə edilərsə, həmin
mənzilin ikinci bir şəxsə verilməsi mümkün olmayacaq"
Ölkədə tikinti şirkətləri tərəfindən mənzil hüququ pozulan, bu
şirkətlərin fırıldağının qurbanı olan hələ də xeyli insan var.
Xatırlatmaq yerinə düşərdi ki, adları artıq cəmiyyətə bəlli olan və
payçıları aldadan MTK - lar barədə hazırda istintaq aparılır. Lakin
bu, hələ də aldanmış payçıların mənzil hüququnun bərpa olunmasına
gətirib çıxarmayıb.
Belə halların təkrar olunmaması üçün isə belə təklif də
səsləndirilir ki, vətəndaş yeni binada mənzilə yiyələnmək
istəyirsə, gərək o mənzil üçün Dövlət Reyestr Xidmətindən çıxarış
edilsin. Ekspertlər isə təklifi müxtəlif cür qiymətləndirirlər.
"Müvəkkil" Hüquq Mərkəzinin sədri Səməd Vəkilov isə qeyd edir ki,
burada qanunvericilikdə problem yoxdur: "Mülki qanunvericiliyə
görə, mülkiyyəti təsdiq edən yeganə sənəd, Əmlak məsələləri üzrə
Dövlət Komitəsinin təsdiq etdiyi çıxarışdır. Bu olmadan vətəndaşın
mülkiyyətini təsdiq etmək mümkün deyil. Amma problem ordadır ki,
vətəndaş tikinti şirkətinə müraciət edən zaman, həmin şirkətin ona
çıxarış vermək imkanı olmur. Çünki, tikinti başa çatmayıb. Tikinti
başa çatandan sonra müvafiq dövlət orqanları onu istismara yararlı
olmasını təsdiq edir və o, mülkiyyət hüquqlarına dair çıxarış ala
bilər. Hazırda ilkin sənədlər, icarə müqaviləsi əsasında hansısa
mənzili vətəndaşa verirlər. Eyni mənzili digər vətəndaş müraciət
edərkən icarə müqaviləsi əsasında ona da verirlər. Hətta həmin evi
10 nəfərə də verə bilərlər. Çünki, bina hazır olmamışdan qabaq ucuz
olduğuna görə, vətəndaş oradan ev almağa can atır. Amma bina hazır
olanda həmin mənzilin qiyməti artır. Problemlər buradan yaranır.
Ona görə də əgər çıxarış əldə edilərsə, həmin mənzilin ikinci bir
şəxsə verilməsi mümkün olmayacaq. Sadəcə olaraq dövlət bunu
nəzarətə götürməlidir. İcarə müqaviləsi əsasında verilən tikililərə
ümumi bir nəzarət olmalıdır. Qanunvericiliyə bu cür təklif etmək
olar ki, tikinti şirkətlərinin nəzarət mexanizmi olsun. Amma bunun
özü də kapitalist münasibətləri sistemində o qədər də real
görünmür. Çünki, sahibkar müstəqildir. Odur ki, hazırda hansısa
sahibkar dələduzluq edirsə, o, fərdi qaydada
cəzalandırılmalıdır".
Hüquqşünas bildirir ki, bu kimi halların qarşısını almaq üçün,
fərdi sahibkarların fəaliyyətinə korrupsiyaya qarşı mübarizə
kontekstində yanaşmaq lazımdır: "Fəaliyyətləri vaxtaşırı
yoxlanmalıdır. Hökumət onların mühasibatlığını yoxlamaqla, icarə
müqaviləsindən əldə olunan gəlirlərə nəzarət etməklə, icarə
müqaviləsinin reyestrini aparmaqla nəzarət edə bilər. Yəni,
reyestrdə bir nəfərin adı keçirsə, həmin mənzili icarə müqaviləsi
ilə ikinci şəxsə vermək mümkün olmayacaq. Amma bunlar
aparılmadığından hazırda aldanmış payçılar çoxdur".
Daşınmaz əmlak məsələləri üzrə digər bir ekspert Emil Cəfərov
bildirir ki, özünü doğrultmuş şirkətlər heç vaxt belə işlər
etmirlər: "Hətta elə tikinti şirkətləri var ki, əvvəlcə bütün
mənzilləri özəlləşdirir, ondan sonra satışa çıxarır. Yəni, bina
tikiləndə artıq özəl sayılır. Onların özlərində bütöv bina üçün
kupça olur. Evi də öz adından birbaşa payçının adına keçirirlər.
Amma hazırki vəziyyətdə bütün tikintilərdə evləri özəlləşdirmək
çətin məsələdir. Ona görə də təklif olunan praktika bu gün üçün
keçərli hesab oluna bilər. Hətta bu praktika xaricdə də var. Belə
olsa, bütün şirkətləri əhali arasında etibar qazanar. İşlər
notariusdan olsa, kompüter vasitəsi ilə yaddaşa yazılsa, eyni
mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Bundan başqa,
gərək qanunvericilikdə cəza tədbirləri sərtləşdirilsin".