Bivalyuta səbətinin bərpası aktuallaşır
19 Dekabr 2012 13:13 (UTC+04:00)
Məlum olduğu kimi hazırda Azərbaycan manatının məzənnəsi ancaq ABŞ
dolları ilə müəyyənləşir. Dolların isə digər valyutalara
münasibətdə məzənnəsinin gah qalxdığı, gah da endiyi müşahidə
olunur. Belə hal isə milli valyutanın kursunun ancaq bir valyuta
ilə, dollarla müəyyənləşməsinin bir qədər riskli olduğunu düşünməyə
əsas verir.
Ona görə də bəzi mütəxəssislərə görə Azərbaycan manatının kursu
təkcə dollarla deyil, avro və dollar əsasında müəyyən
olunmalıdır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də
manatın kursunun məhz avro və dollar əsasında
müəyyənləşdirilməsinin tərəfdarı olduğunu bildirdi: "Təxminən
2008-2010-cu illər arasında Azərbaycanda bivalyuta səbətindən
istifadə olunurdu. Yəni həmin illərdə Azərbaycan manatının kursu
dollar və avrodan ibarət bivalyuta səbəti vasitəsilə müəyyən
olunurdu. Bu zaman dolların payı 90, avronun payı isə 10 faizə
qədər idi. 2011-ci ilin əvvəlindən başlayaraq isə Mərkəzi Bank bu
sistemdən imtina etməyə başladı. Belədə qurum manatın kursunun
ancaq dollar əsasında həyata keçirilməsi siyasətini yürütməyə doğru
istiqamət götürdü. Həmin andan başlayaraq istər avro, istərsə də
funt sterlinq olsun, digər valyutaların manata nisbətən kursu
çarpaz kurslar vasitəsilə, yəni dollar vasitəsilə müəyyən edildi.
Bivalyuta səbətindən bir çox ölkələr bəhrələnirlər. Məsələn,
Rusiyada rublun kursu bivalyuta səbətilə müəyyənləşir. Orada
dolların səbətdə nisbəti 55, avronun nisbəti isə 45 faiz təşkil
edir. Bu səbəbdən neftin qiyməti qalxsa da, rus rublunun
ucuzlaşmasını müşahidə edirik. Amerika dollarının kursunda isə 6
digər valyutalar iştirak edir ki, burada iyenadan tutmuş funt
sterlinq, avro yer alır. Bivalyutada əsas məqsəd isə milli
valyutanın kursunun optimal səviyyədə saxlanılmasına nail olmaqdan
ibarətdir. Yəni milli valyutanı ancaq bir valyutanın kursundan
asılı olmayan vəziyyətə gətirmək. Azərbaycanda görünür, bivalyuta
sisteminə keçid Mərkəzi Bank üçün çətinlik törədir. Manatın kursunu
saxlamaq üçün Mərkəzi Bank dollar bazarının tənzimlənməsinə gedir.
Lazım olanda dollar satışını həyata keçirir. Yaxud da manatın
kursunu qaldırmaq istədikdə dollar alıb onun qıtlığını yaradır və
manat bahalaşır. Bivalyuta sistemində isə hökumət həm avro, həm də
dollar bazarını bu mənada tənzimləməlidir. Bivalyutada isə dollar
bahalaşanda avronun düşməsi nəticəsində milli valyutanın kursunu
optimal vəziyyətdə saxlayır. Azərbaycanda da bivalyuta sisteminə
keçilməsi fikrimcə, daha yaxşı olardı. Mərkəzi Bank isə bu mənada
manatın kursunu saxlamaq, inflyasiyanın qarşısını almaq üçün manatı
sırf dollardan asılı vəziyyətə salıb. Bivalyuta səbəti isə prosesi
daha optimal səviyyədə saxlamağa imkan verəcək. Həmin proses
gələcəkdə manatın ucuzlaşmasını da rahat həzm edə bilər. Bilirik
ki, neftin qiyməti bahalaşır, ölkəyə dollar axını başlayır, bu da
manatı möhkəmləndirir. Bu baxımdan Mərkəzi Bank bivalyuta sistemini
tətbiq etməklə manatın kursunun daha optimal səviyyədə
saxlanılmasını təmin edə bilər".