Reproduktiv sağlamlıqla bağlı qanunun gələn il qəbulu gözlənir

19 Dekabr 2012 15:19 (UTC+04:00)
Azərbaycanda övladı olmayanların sayının artdığı bir məqamda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin mediada səslənən fikirləri xüsusi diqqət cəlb etdi. Həmin açıqlamadan belə məlum olurdu ki,
"Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin parlamentdəki müzakirəsi dayandırılıb. Belə fikirlər də səslənirdi ki, Hadı Rəcəbli burada dinlə uyğunsuzluq olduğuna görə bütövlükdə məsələnin gündəmdən çıxarıldığını bildirib.
Lakin Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev mediada yayılan məlumatın yanlış olduğunu bildirir və "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin sadəcə payız sessiyasının gündəliyindən çıxarıldığını qeyd edir. Mövqe. Az saytına açıqlamasında bu xüsusda o, aşağıdakı fikirləri səsləndirib: "Bu məsələ sadəcə payız sessiyasında gündəlikdən çıxarılıb. Çünki, payız sessiyasında cəmi iki iclas qalıb. "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaz sessiyasının gündəliyinə salınacaq və müzakirə ediləcək. Payız sessiyasında qanun layihəsinin gündəlikdən niyə çıxarılmasına gəlincə, bu maliyyə məsələsi iəl bağlı olub. Maliyyə ilə bağlı müddəalarda Maliyyə Nazirliyi ilə razılaşmamağımıza görə, "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsini saxladıq. Gələnilki yaz sessiyasında maliyyə ilə bağlı məsələyə də aydınlıq gətriləcək. Yaz sessiyasında isə "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi mütləq qəbul olunacaq. Bu, gündəlikdən çıxarılası qanun deyil".
Musa Quliyev ölkə daxilində süni mayalanmanın həyata keçirilməsini də vacibb sayır: "Süni mayalanma ölkə daxilində həyata keçirilir və keçiriləcək də. Ekstrokarparal mayalanmadan söhbət gedir. Bəli, bunlar həyata keçiriləcək. Sadəcə mübahisəli məqamlardan biri də budur ki, süni mayalanma yalnız dövlət müəssisəsində olsun, yoxsa özəl müəssisələr də burada iştirak etsin. Bu məsələni müzakirə edəcəyik. Yəqin ki, yaz sessiyasında məsələyə baxılacaq və tam aydınlıq gətiriləcək. İstisna edilmir ki, yaz sessiyasında "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi qəbul ediləcək".