Azərbaycan Hüquqşunasları Konfederasiyasına yeni Baş katib təyin olundu
19 Dekabr 2012 16:11 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycan
Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə heyətinin sədri,
Millət vəkili Əli Hüseynli tərəfindən AHK-ya yeni baş katibi təyin
olunub. Bu günədək AHK-nın Baş katibi olmuş Nadir Adilov bundan
sonrakı sosial - ictimai fəaliyyətini AHK Sədrinin müavini olaraq
davam etdirəcək.
AHK-nın yeni təyin olunmuş Baş Katibi Kamal Cəhərov ixtisasca
hüquqşünasdır. K.Cəfərov Bakı Özəl Türk Liseyini bitirdikdən sonra,
yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil
olub və bakalavr təhsilinin birinci ilində ABŞ-ın Mərkəzi Texas
Kollecinin hüquq fakültəsində mübadilə proqramında iştirak edib.
Daha sonra o, Böyük Britaniyanın Kral Kollecinin hüquq fakültəsinin
magistr təhsili alıb. K.Cəfərov Luksemburqda tanınmış hüquq
firmasında vergi hüququ üzrə məsləhətçi işləyib, tələbəlik
illərində aktiv ictimai fəaliyyətlə məşğul olub. O, ən böyük hüquq
tələbələr assosiasiyası olan Avropa Hüquq Tələbələri
Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin rəhbəri və
Avropa Gənclər Parlamentinin Azərbaycan regional bölməsinin
həmtəsisçisi olub, həmçinin Azərbaycan Hüquqşünasları
Konfederasiyasının Beynəlxalq Vəkillər Assosiasiyası ilə
əlqələndircisi və AHK-nın Gənc hüquqşünaslarla iş üzrə katibi olub.