ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki ABŞ-ın Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib.
Bəs, belə yanaşma qarşılıqlı münasibətlərə nə vəd edir? Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirir: "Öncə onu qeyd edim ki, Azərbaycan-Amerika münasibətləri strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Bir sıra, xüsusən də enerji təhlükəsizliyi məsələsi və beynəlxalq terrorizmə qarşı mübarizə prosesində hər iki tərəf məhz strateji tərəfdaş kimi çıxış edirlər. Bu prosesdə ortaq mövqeyə malikdirlər.
Azərbaycanın çoxvektorlu, balanslı, tarazlaşdırılmış, çeviklik taktikasına söykənən xarici siyasət kursunda ABŞ-ın məxsus yeri var. Dünyanın fövqəldövləti olan ABŞ-la əlaqələrin inkişafında maraqlıyıq. Bu əlaqələr həm siyasi dialoq, həm iqtisadi sahəni, təhlükəsizlik sferası, həm də humanitar sahələri özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycan da ABŞ-ın maraq dairəsindədir.
ABŞ-ın Cənubi Qafqaz, Mərkəzi Asiya regionunda strateji maraqları cəmlənib. Cənubi Qafqazın həlledici dövləti Azərbaycandır. Rəsmi Vaşinqton da bunu bilir. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ dövlət başçısı Barak Obamanın Respublika Günü, həm də beynəlxalq neft-qaz sərgisilə bağlı təbrik məktublarında da Vaşinqtonun Bakının sülh və təhlükəsizliyə verdiyi rola xüsusi qiymət verdiyi bir daha öz əksini tapdı. Xüsusən də Cənub Qaz Dəhlizi layihəsilə bağlı Azərbaycanın atdığı addımlar rəsmi Vaşinqton tərəfindən yüksək dəyərləndirilib.
Məsələyə bu kontekstdə yanaşdıqda hesab edirəm ki, yüksək rütbəli ABŞ məmurunun iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini vurğulaması əslində, ikitərəfli münasibətlərin strateji xəttə malik olduğunu və fundamental məsələlərdə ortaq mövqedən çıxış etdiyimizi bir daha təsdiqləyir. Xüsusən də Azərbaycan Prezidentinin müstəqil xarici siyasət kursu ABŞ-da təqdir və müdafiə olunur. Ümumiyyətlə, Azərbaycanın milli maraqlara söykənən tərəfdaş dövlətlərin maraqlarını da mütləq nəzərə alan siyasəti çox müsbət qiymətləndirilir. Məsələyə bu kontekstdə yanaşdıqda bir reallığı da qeyd etmək istəyirəm. O da ondan ibarətdir ki, Azərbaycanın ABŞ-la münasibətlərinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə deyil. Yalnız və yalnız hər iki dövlətin milli maraqlarına söykənir, üçüncü tərəfin əksinə yönəlməyib. Azərbaycanın Rusiya ilə də münasibətləri strateji xarakterlidir və bu münasibət də üçüncü dövlətə qarşı yönəlməyib. Yəni Azərbaycan dövləti yalnız milli maraqlardan çıxış etməklə siyasətini həyata keçirir və bu zaman qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bərabər hüquq əsasında münasibətlərin qurulması prioritetdir. Bütün bu reallıqları da rəsmi Vaşinqton dəyərləndirir. Hesab edirəm ki, ABŞ rəsmisinin ikitərəfli münasibətlərin strateji yönümlü olması ilə bağlı qiymət verməsi də eyni məntiqdən qaynaqlanır".
Politoloq Fikrət Sadıxov da bu qənaətdədir ki, Brinkinin həmin yanaşması iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına bir təkandır: "Əslində, Azərbaycanın ABŞ-la əlaqələri strateji münasibətlər səviyyəsindədir. Azərbaycan həmişə də bu münasibətlərə yüksək qiymət verib və verir. Sadəcə olaraq, bir ara müəyyən məsələlərlə bağlı etirazımızı da bildirdik. Bu da onların ölkəmizin daxili işlərinə qarışması, bizə ağıl nəsiyyət vermələrilə bağlı idi. Təbii ki, müstəqil ölkə olaraq bunu normal qarşılaya bilmərdik. Ona görə də bu məsələdə açıq çəkildə sözümüzü demişik.
Vaşinqton hesab edirsə ki, münasibətlər yaxşı səviyyədədirsə, biz də etiraz etmirik. Özümüz də həmişə istəmişik ki, Qərbə yaxın olaq. Qərblə hələ keçən əsrin 80-cı illərindən müxtəlif layihələr, enerji, nəqliyyat sahəsində layihələr, humanitar siyasi münasibətlər var və bu istiqamətdə əlaqələrin inkişafında maraqlıyıq. Eyni zamanda, heç zaman, heç kimə imkan vermərik ki, daxili işlərimizə müdaxilə etsinlər. Məhz daxili işlərimizə kənar müdaxilələri qəbul etmirik. Amma digər məsələlərdə ABŞ-la tərəfdaşıq. Eyni zamanda onu da istərdik ki, ABŞ Minsk qrupunun həmsədri kimi öz qəti sözünü desin. Super dövlət olaraq ABŞ bilir ki, Azərbaycanın torpaqları işğal altındadır. 1993-cü ildə Vaşinqton BMT Təhlükəsizlik Şurasında işğal olunmuş torpaqlarımızın azad olunmasına səs verib. İndi zəhmət çəkib işğalçıya təzyiq göstərsinlər. Bizim onlardan istəyimiz bax budur. Azərbaycan öz-özlüyündə ABŞ-la əlaqələrini hərtərəfli şəkildə inkişaf etdirməyə hazırdır".