Sertifikatsız uşaq oyuncaqları
19 Dekabr 2012 18:56 (UTC+04:00)
Məlumdur ki, Nazirlər Kabinetinin 1 iyul 1993-sü il tarixdə
çıxardığı 343 saylı sərəncamına əsasən uşaq oyuncaqları
sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər
siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara
keyfiyyət sertifikatı verilməlidir.
Düzdür, Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi
tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub.
Amma təəssüf ki, bazarlarda hələ də keyfiyyətsiz, bəzən isə
uşaqların səhhətiən təhlükə yarada biləcək oyuncaqlara rast gəlmək
mümkündür.
Bəs bu keyfiyyətsiz oyuncaqların nə kimi zərərləri var? Problemin
aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov məsələ ilə
bağlı Mövqe. Az saytına açıqlamasında bildirib: "Bu məsələdə
sualdan sual yaranır. Ola bilsin ki, sertifikatı olsun, ancaq
oyuncaq zərərlidir. Burda sertifikat məsələsi yetmir. Uşağın
sağlamlığından söhbət gedir. Bu sahədə qanunu sərtləşdirmək
lazımdır. İstər sertifikatı olsun, istər olmasın, kim uşaqların
sağlamlığına ziyan gətirsə, məsuliyyət daşımalıdır. Özü də ağır
məsuliyyət. Bunun üçün cinayət işi açılmalıdır, kim gətiribsə,
hansı firmadan alıbsa, cinayət törətdiyi üçün məsuliyyətə cəlb
olunmalıdır. Ola bilsin, sertifkat da verilsin, amma oyuncaq
zərərli olsun. Belə hadisələr bütün dünyada müşahidə olunur.
Digər tərəfdən uşaq oyuncaqları ilə bağlı yerli istehsal ona görə
yox səviyyəsindədir ki, mexanizm yoxdur. Xaricdə bu mexanizm
hazırdır. Ordan məhsul birbaşa gətirilir. Burada istehsal yaratmaq
üçün maya qoyulmalıdır. Sahibkar burada az xeyir əldə edir.
Xaricdən gətimək isə daha sərfəlidir".
Tibb
elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı aşağıdakı
fikirləri səsləndirib: "Plastik materiallardan istifadə ilə bağlı
xeyli ciddi problemlər var. Çində istehsal olunmuş və Azərbaycan
ərazisinə daxil olan oyuncaqların təhlükəliliyi haqqında dəfələrlə
həyəcan təbili çalınıb. Plastmas materialda dioksin adlanan maddə
ifraz olunur. Bu da uşaq orqanizmi üçün həddən artıq ziyanlıdır.
Müxtəlif orqanlarda problemlərin yaşanmasına gətirib çıxara bilər.
Ona görə də Çin istehsalı olan uşaq oyuncaqlarından istifadəyə,
uşaqların onunla təmasına çalışmaq lazımdır ki, imkan verilməsin.
Nəinki plastik materialdan olan uşaq oyuncaqları, ümumiyyətlə,
plastik qablardan istifadə edilməsi ziyanlıdır. Sakit okeana o
qədər bu cür plastik qablar tullanıb ki, onu təmizləmək üçün
təxminən 25 il vaxt lazımdır. Bütün ekologiya korlanır. Sonra
bunların məhv edilməsi problemi ortaya çıxır. Ona görə də hesab
edirəm ki, bu çox ciddi bir məsələdir. Artıq dünyada bununla bağlı
ciddi şəkildə düşünülür.
Vətəndaşların zərərli oyuncaqların qarşısının alınmasında aktiv
iştirakı isə ondan ibarət olmalıdır ki, insanlar bu cür oyuncaqları
baykot etsinlər, almasınlar. Belə oyuncaqlar alınmadıqda
gətirilməsinə də maraq azalacaq. Hələlik bizim əlimizdə olan vasitə
budur. Azərbaycan ərazisinə daxil olan, orqanizmə zərər vuran
məhsulların keyfiyyət parametrlərinə nəzarət olmalıdır. Çox
təəssüflər olsun ki, bəzən bu məsələlərdə problemlər ortaya
çıxır.
Bu sahədə yerli istehsal da var. Amma yerli istehsalın özünün də
xeyli problemləri var. Yerli istehsalda da ilkin xammalın haradan
gətirilməsinin böyük önəmi var. Azərbaycanda, əsasən də Sumqayıtda
çoxlu plastik materialların hazırlanması üçün lazım olan ilkin
xammal istehsal olunur. Onlardan istifadə oluna bilər. Amma hər
halda məhsullar müəyyən beynəlxalq standartlara cavab verməlidir.
Materiallar tam təhlükəsiz olmalıdır".