Artıq deyəsən, bir çox ölkələr milli valyutalarını fiziki formada da möhkəmləndirmək qərarına gəliblər. Belə ki, yaxın gələcəkdə Böyük Britaniyada dövriyyədə kağız yox, plastik əskinaslar olacaq. Bu cür praktika digər ölkələrdə də var. Məsələn, Kanadada artıq 20 dollarlıq plastik əskinaslar istifadəyə verilib. Həmçinin 50 və 100 dollarlıq plastik əskinaslar da istifadəyə verilmək üçün hazırlanır. Bu pullar polimer materialdan olduğu üçün kağızdan daha çox davamlıdır.
O islanmır, formasını itirmir. Bu səbəbdən daha uzun müddət istifadə olunur. Həmçinin onu saxtalaşdırmaq mümkün deyil. Bu baxımdan gələcək dövr üçün manatın da plastik olmasını əhəmiyyətli olardı. Amma ekspertlər bunun hələ Azərbaycan üçün prioritet məsələ olmadığı fikrindədirlər. İqtisadçı ekspert Samir Əliyev təklifin maraqlı olduğunu bildirir: "Məsələ ondan ibarətdir ki, bu, Azərbaycanda nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən reallaşması sual doğurur. Çünki, bu gün Azərbaycan üçün hələ ki, bir nömrəli prioritet nağdsız dövriyyənin artırılmasıdır. Bizdə nağdlı ödəniş həddindən artıq çoxdur. Bunun da həyata keçirilməsində məqsəd kağız pullardan imtina etməkdir. Çünki, kağız pullar həm tez sıradan çıxır, həm də onların saxtalaşdırılma imkanları daha rahatdır. Amma plastik əskinaslar uzunömürlüdür, eyni zamanda onların saxtalaşdırılması da çox çətin olacaq. Bu baxımdan plastik pulların üstünlüyü var. Amma həmin əskinaslar daha baha başa gəlir. Odur ki, yaxın 5-10 ildə Azərbaycanda bunun tam tətbiqi qeyri - mümkündür. Lakin plastik pullara da keçid olarsa, bu, inflyasiyaya təsir etməyəcək. Çünki, bir qayda olaraq hansısa bir nominalın, yaxud da dizayn və formanın dəyişməsi inflyasiya ilə nəticələnə bilməz. Lakin plastik əskinasların da başqa mənfi xüsusiyyətləri var".
Digər iqtisadçı ekspert Akif Nəsirov bildirir ki, plastik pullara keçid bir qədər bahalı prosesdir: "Böyük dövriyyəyə malik olan dövlətlərdir ki, onlar indi - indi plastik pullardan istifadəni reallaşdırmaq istəyirlər. Azərbaycanda bu cür pulların dövriyyəyə buraxılması iqtisadi cəhətdən səmərəli olmaz. Yəni, Azərbaycanın pul dövriyyəsi o qədər geniş deyil ki, pulları dəyişmək, pul islahatları etmək haqqında fikirləşilsin. Bu praktikanın inkişaf etmiş ölkələrdə hansı nəticələr verəcəyini gözləməliyik. Praktikadan sonra bu barədə düşünə bilərik. Amma indi Azərbaycan üçün bir qədər tezdir. Bu, hələ sınaqdan çıxan bir məsələ deyil. Sınaqdan çıxmayan bir praktikanı tətbiq edəndə itirilən vəsait Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli məbləğ olacaq. Böyük iqtisadiyyata malik olan dövlətlərdə məhdud şəkildə praktikadan keçiriləndən sonra düşünə bilərik".
Ekspert bildirir ki, həmin pullar uzun müddət istifadə oluna bilir: "Amma indiki kağız pullar vaxtaşırı yenidən çap olunur. Həm də sıradan çıxan kağız pullar dövriyyədən çıxarılır. Yəni, hər il əskinasa vəsait qoyulur. Plastik pullara keçid olarsa, ən azı həmin vəsait qoyuluşu aradan qaldırılar. Yəni, ən böyük üstünlüyü əskinaslara çəkilən xərclərə qənaətdir. Çünki, plastik pullar dövriyyədə uzun müddət qala bilir. Amma plastik pulların müəyyən çətinlikləri də var. Həmin problemlərin həlli üçün də infrastruktur yaradılmalıdır".
Akif Nəsirov onu da qeyd etdi ki, əgər maliyyə sferasında pulun kütləsi dəyişmirsə, onun formasının dəyişməsi inflyasiyaya elə ciddi təsir edə bilməz: "Amma plastik əskinasların yaratdığı problemlərin digər məsələyə təsirləri var".