“Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq”

20 Dekabr 2012 07:09 (UTC+04:00)

"Azərbaycanlılar və gürcülər arasında heç vaxt problem olmayıb. Hansısa anlaşılmazlıqlar baş veribsə də, bunlar dostyana həll edilib". Bu sözləri Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlər qurulmasının 20 illiyi ilə əlaqədar Bakıda keçirilən tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. O, təəssüflə vurğulayıb ki, iki xalqın taleyi bir-birinə bənzərdir, həm Azərbaycan, həm də Gürcüstan təcavüzə məruz qalıb, nəticədə yüz minlərlə insan məcburi köçkün durumuna düşüb. Nazir bildirib ki, vaxt gələcək, bu problemlər beynəlxalq hüquq çərçivəsində həllini tapacaq: "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq".

Z. Məmmədov iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahədə əlaqələrin inkişaf etdiyini söyləyib: "Ölkələrimiz arasında infrastruktur layihələri uğurla inkişaf edir. Bizim enerji ehtiyatlarımız Gürcüstan ərazisi vasitəsilə dünya bazarına çıxır. Hazırda Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi gedir. Bu layihə təkcə Azərbaycan-Gürcüstan və Türkiyə arasında yeni bir dəhliz olmayacaq, eyni zamanda Azərbaycanı Avropa ilə birləşdirəcək".