Minsk qrupunun həmsədrləri lazım olan prinsipiallığı göstərmirlər

20 Dekabr 2012 07:15 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri lazım olan prinsipiallığı göstərmirlər. Bunu çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. O qeyd edib ki, Xocalı hava limanının açılışı ilə bağlı məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri utancaq mövqedə dururlar.

"Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa, böyük bir böhran ola bilər ki, Azərbaycan ümumiyyətlə bu qeyri-qanuni aktı bağışlamayacaq və susmayacaq", - o deyib. Ermənistanın danışıqlar prosesindən yayınmasının həmin ölkədə qarşıdan gələn seçkilərlə bağlılığı barədə sualı cavablandıran A.Əzimov bildirib ki, hər 5 ildən bir seçkilər keçirilir və artıq Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz.

"Ermənistan rəhbərliyi ümumiyyətlə məsələnin həll edilməsində maraqlı deyil", - o Araz Əzimov qeyd edib.

Araz Əzimov Avropa İttifaqının təmsilçisi Filipp Lefortun sözügedən qurumun rəsmilərinin Azərbaycanın işğal altında olan, o cümlədən Dağlıq Qarabağa səfər etməsi ilə bağlı mövqeyini ortaya qoymasına münasibətini bildirərkən qeyd edib ki, Avropa İttifaqının təmsilçilərinin Dağlıq Qarabağa səfərlərinin ilk öncə səbəbi və məqsədi məlum olmalıdır. A.Əzimovun bildirdiyinə görə, Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan heç kim və heç bir beynəlxalq qurum Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edə bilməz.

Xarici işlər nazirinin müavini bildirib ki, bu bölgəyə yalnız Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri lazım olan məqamlarda səfər edə bilərlər və bunu vaxtaşırı olaraq reallaşdırırlar.

"Ancaq ATƏT-in Minsk qrupunun həmsədrlərindən savayı heç bir beynəlxalq qurumun nümayəndəsi Azərbaycanın icazəsi olmadan bu və ya digər məqsədlə bağlı həmin bölgəyə səfər edə bilməzlər.

Aİ-nin təmsilçisi Filip Lefortun fikrinə gəlincə, qeyd edim ki, ilk növbədə bu qurumun bu məsələ ilə bağlı məqsədinin nədən ibarət olduğu ortaya qoyulmalıdır.

Hələlik bu qurum Qarabağ münaqişəsinin həllində iştirak etmir, ancaq ola bilər ki, münaqişənin həlli ilə bağlı müəyyən məqamların reallaşdırılmasında bu qurum da yer ala bilər. Ancaq hələlik bu məsələ-bu münaqişə ilə bağlı danışıqlar prosesi ciddi bir nəticə vermədiyi üçün Avropa İttifaqının burada hansısa iştirakından da söhbət getmir.

Ona görə Avropa İttifaqının bu səfərlə, ümumilikdə bu məsələ ilə bağlı məqsədinin tam nədən ibarət olduğunun ortada olmadığı üçün o qurumun təmsilçilərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa da səfəri mümkün deyil".

Jurnalistlərlə söhbətində A. Əzimov, həmçinin yaxın zamanlarda Ermənistan Azərbaycan prezidentlərinin və xarici işlər nazirlərinin görüşünün də nəzərdə tutulmadığını da bildirib.