İtkiyə gedən meyvə-tərəvəz

20 Dekabr 2012 11:01 (UTC+04:00)

"Bazarlarda İran və Türkiyənin zay məhsulları meydan sulayır"

Azərbaycanda əksər kənd təsərrüfatı məhsullarının mövsümü artıq bitib. Açıq şəraitdə becərilən meyvə-tərəvəz məhsulları artıq dərilmir. Ən yaxşı hallarda şəxsi və ya dövlət hesabına tikilən anbarlarda, soyuducularda saxlanılır. 

Dövlət hesabına tikilən soyuduculara daha çox iri fermer müəssisələri müraciət edirlər. Bir-iki ton xurma, heyva, nar toplamış kəndliyə öz məhsulunu soyuducu anbarlarda saxlamaq nə sərf edir, nə də onun buna həvəsi var. Sirr deyil ki, bu gün Azərbaycanda iri fermer təsərrüfatları çox deyil. Meyvə-tərəvəzə olan tələbatın böyük hissəsini yenə də kəndlinin becərdiyi məhsullar ödəyir. Amma həmin məhsullar becərilərkən, yığılarkən, anbarlarda saxlanılarkən və bazara çıxarılarkən itkilərə məruz qalır. 

Məsələn, çürümə, zay olma riski böyük olan nar, heyva, pomidor, qoz, fındıq kimi məhsulları zərərvericilərdən qorumaq, bitkiyə  vaxtı-vaxtında qulluq etmək, dərmanlamaq tələb olunur. Azərbaycanda açıq havada bitən meyvə-tərəzə texniki qulluq, demək olar ki, göstərilmir. Ona görə də, qurd düşmüş meyvələr vaxtsız tələf olur. 

Təxmini hesablamalara görə, bu gün kəndlinin əldə etdiyi məhsulun 20-25 faizi saxlama müddətində tələf olur. Zay olmuş məhsullar ən yaxşı halda ucuz qiymətə araq və ya şirə istehsalını həyata keçirən zavodlara satılır. 

Ekspertlər bildirirlər ki, məhsulu saxlamaq üçün kəndlinin imkanları o qədər də geniş deyil. İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsularını soyuducu anbarlarda saxlayırlar: "Bizdə soyuducu anbarların sayı azdır. Və ya fermerlər məhsul saxlamaqda maraqlı deyillər. Bir neçə rayonda soyuducu anbarlar var ki, onlar hazırda fəaliyyətsizdir. Anbar idarə edənlər bildirirlər ki, müştəri olmadığından onu işlətmək sərf etmir. Gərək kifayət qədər məhsul olsun ki, soyuducu anbarlar işə düşsün. Axı məhsul yoxdur. Anbarda saxlanılmalı olan məhsulların əksəriyyəti satılıb qurtarıb. 

İndi satışda olan məhsullar xaricdən gətirilənlərdir. Siz "Meyvəli" adlanan meyvə-tərəvəz topdan və pərakəndə satış bazasına baş çəksəniz, reallığı görərsiz. Ora gətirilən məhsulların əksəriyyəti İran, Türkiyədən daşınır. Yerli məhsul yoxdur. Xurma deyirsiz. Həmin məhsulun tələf olma ehtimalı azdır. 

O da faktdır ki, məhsullarımız daha çox acağda tələf olur. Çünki vaxtı-vaxtında qulluq edilmir. Kəndlilərin aqrar bilik səviyyəsi aşağıdır. Ağacdan bol məhsul götürmək, onu ziyanvericilərdən qorumaq barədə məlumatsızdılar, ya da lazımi dərmanları ala bilmirlər".

İ.Hüseynli sual edir ki, necə olur Türkiyədən gətirilən heyva təmiz, yerli heyvalar içə çürük olur: "Deməli, biz düzgün qulluq etmirik. Ümumiyyətlə, qulluq etmirik. Məhsul öz-özünə yetişir. 

Alma istehsalı sahəsində Quba fermerləri müəyyən nailiyyətlə əldə ediblər. Almanı saxlaya bilirlər. Digər məhsulların durumu ağırdır. İndi istixana mövsümüdür. Pomidor, xiyar və digər tərəvəz meyvələri istixanalarda becərilir. Amma satmaq üçün Rusiya bazarlarına aparırlar. Çünki Rusiyada bizim məhsullara tələbat böyükdür. Bazarlarda isə İran və Türkiyənin zay məhsulları meydan sulayır. Başqa ölkələrdə bitkiyə o qədər dərman verirlər ki, heç bir qurd ora yaxın durmur. Meyvə də dadsız olur. Genetik modifikasiya olunmuş məhsullar görünüşcə cəzbedici olsa da, onların zərərləri də az deyil. Mən bütün istehlakçılara məsləhət görərdim ki, çürük, nahamar olsa da yerli məhsul alsınlar". 

R.QAÇAYOĞLU