Yol cərimələrinin maşının qiymətinə görə təyin edilməsi aktuallaşır
20 Dekabr 2012 15:36 (UTC+04:00)
Məlumdur ki, bu gün nəqliyyat vasitələrinin gömrük rüsumu həmin
nəqliyyat vasitəsinin mühərrikinin işçi həcminə görə hesablanır.
Bundan başqa nəqliyyat vasitəsinin icbari sığortası və texniki
baxışı zamanı da köçürülən məvaciblər də eyni prinsip əsasında
həyata keçirilir. Lakin hazırki qanunvericiliyə görə, eyni
bir yol hərəkəti qaydasını pozan müxtəlif nəqliyyat vasitələrinin
sahiblərinin ödədikləri cərimənin miqdarında fərqlilik yoxdur.
Yəni, artıq burada cərimələr tətbiq edilən zaman mühərrikin işçi
həcmi nəzərdə tutulmur.
İqtisadi elmlər doktoru, professor Zahid Məmmədov isə burada da
mühərrikin həcminin nəzərə alınmasını təklif edir: "Yol hərəkəti
qaydaları ilə əlaqədar dəyişikliklər olub, sərtləşdirməyə doğru
ciddi çalışmalar gedir. Bu sahədə istər inzibati, istərsə də
əhalinin maarifləndirilməsi mövzusunda proqramlar olur. Amma
təəssüflər olsun ki, bu sahədə hələ də problemlər davam etməkdədir.
Xüsusi ilə də avtoxüliqanlar fəaliyyətlərini davam etdirməkdədir.
Bunların inzibati yox, cinayət məsuliyyətinə cəlb olunması
istiqamətində işlər aparılmalıdır. Çünki, nəticədə avtoşlar təkcə
özlərinin yox, bütünlüklə cəmiyyətin həyatını təhlükə altına
qoyurlar. Amma bununla yanaşı, cərimələr sisteminə yenidən baxış
olmalıdır. Nəzərə alsaq ki, maşınların idxalı prosesində, texniki
baxış vaxtı mühərrikin həcminə və maşının qiymətinə uyğun olaraq
fərqli qiymətlər tətbiq olunur. Yəni, dəyəri 200 min manat və 15
min manat olan maşınlar arasındakı ödəmələr fərqlidir. Hətta
sığorta sistemində maşınların sığortalanması maşının qiymətinə
uyğun aparılır. Amma cərimə prosesində də sərtləşmə olmalıdır. 200
min manatlıq maşın sürən insana kəsilən 20-40 manat cərimə onun
büdcəsinə heç bir təsir etmir. Hətta, bəzi hallarda o, yol
hərəkətini pozmaqla psixoloji olaraq zövq alır. Özünü cəmiyyətdə
göstərmək üçün mütləq işıqforun qırmızı işığından keçməli, digər
qaydaları pozmalıdır. Belələrini tərbiyə etməyin çıxış yolu da
budur ki, maşının dəyərinə bağlı olaraq fərqli cərimələr
edilməlidir. Bu gün avtomobillərin sığortası məcburidir. Cərimə də
sığortanın həcminə uyğun olaraq müəyyənləşdirilməlidir. Burada
sürücüyə cərimə tətbiq edildiyi zaman onun sığortasına baxılacaq.
Sığortaya ödədiyi vəsaitin müəyyən hissəsi qədər cərimə ödəməlidir.
Bu cür cərimələnmə sığorta şirkəti üçün də sərfəlidir. Sığorta
şirkəti görsə ki, vətəndaş dəfələrlə yol hərəkəti qaydalarını
pozur, onunla sığorta müqaviləsinə yenidən baxacaq. Sığorta
şərtlərini sərtləşdirəcək. Artıq güzəştli qaydada sığorta
etdirməyəcək. Yəni, burada vətəndaş, sığorta və polis əməkdaşı
arasında proses gedəcək. Yol hərəkətini pozanlar "qara siyahı"ya
düşəcək, bununla da sığorta şirkətləri ondan imtina edəcək. Necə
ki, bank sistemində olduğu kimi. Belə olanda da bütün sığorta
şirkətləri də ondan imtina edə bilər".