Bakı Təhsil İdarəsindən “qiyamət” çağırışı
20 Dekabr 2012 15:33 (UTC+04:00)
"21 dekabrda qiyamət olacağı söz-söhbətinə görə bir sıra
məktəblərdə artıq bu gün tədrisin dayandırıldığı barədə şayiələr də
yayılıb". Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Baş Təhsil
İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı
söyləyib.
Zəminə Əliqızı bu gün bununla bağlı bir neçə jurnalistin də İdarəyə
zəng açdığını və onlara da xəbərlərin əsassız olduğu, həmin
məktəblərin açıq olduğunu, tədrisin bu gün davam etdiyini nəzərə
çatdırdığını bildirib : "Bakı şəhər Baş Təhsil İdarəsi bütün
bunlara görə valideynlərə çağırış edir. Birinci tədris yarımilin
sonudur, uşaqlar yarım illə bağlı yazılacaq qiymət alırlar. Bu
arada uşaqların tədris prosesindən uzaqlaşdırılması düzgün deyil.
Valideynlərə çağırış edirik ki, uşaqları dərsdən saxlamasınlar.
Dekabrın 21-də də heç bir fövqəladə hal baş verməyəcək, məktəblər
sabah qrafiklə, adi qaydada işləyəcək. Biz də o "fövqəladə gün" iş
başında olacağıq".