Avro ətrafında yeni təhlükələr baş qaldırır

21 Dekabr 2012 07:02 (UTC+04:00)

Bəllidir ki, artıq uzun müddətdir, Avrozona böhran içindədir. Problemdən qurtuluş üçün müəyyən tədbirlər görülsə də, Yunanıstanda başlayan böhran bu günə qədər bir çox Avropa ölkələrini əhatə edib. Böhranın mənfi tərəflərindən biri isə onun Avropanın vahid valyutasını dəyərdən salmasıdır. Bu kontekstdə Avropa İttifaqına daxil olan bəzi ölkələr artıq avrodan imtina üçün tədbirlər planı hazırlayırlar.

Başda Yunanıstan olmaqla, sonradan Almaniya, indi isə Böyük Britaniya, İngiltərə və İtaliya da yenidən milli valyutalarına qayıtmaq üzərində düşünməyə başlayıblar. Təbii ki, ittifaqa daxil olan iri ölkələrin vahid valyutadan imtina etmələri və avronun dəyərdən düşməsi dünyadakı maliyyə proseslərinə təsirsiz ötüşməyə bilməz. Xüsusi ilə də avro ilə edilən yatırımların gələcək taleyi sual altına düşə bilər. Xatırladaq ki, Azərbaycanın da valyuta rezervlərinin təqribən 30 faizə yaxını avro ilə saxlanır. Ona görə də Avrozonadakı hadisələrin fonunda Azərbaycanın avroya etdiyi yatırımların gələcək taleyi yenidən aktualaşıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, son zamanlar Avrozonada böhranın davam etməsi orada gələcəyə yeni baxışlar formalaşdırıb: "Bu da ondan ibarətdir ki, son dövrlər Avrozonada böhranın dərinləşməsi artıq Avropa məkanında inteqrasiya proseslərinin dərinləşməsinə gətirib çıxarıb. Avropanın böhrandan əziyyət çəkən böyük ölkələrinin siyasi elitası, daha çox Avropa İtifaqında inteqrasiyanın dərinləşməsində maraqlıdırlar. Çünki, burada iki yol var. Birincisi, inteqrasiyanın dərinləşməsi, ikincisi isə inteqrasiyadan əl çəkib dezinteqrasiya proseslərinə getməkdir. Böhrandan əziyyət çəkən ölkələr Avrozonadan çıxmaq istəsələr bu, onları indikindən daha sərt böhrana gətirə bilər. Çünki, iri sərmayəçilar öz vəsaitlərini ölkədən çıxarıb, Avropanın digər ölkələrinə getməyə meylli olacaqlar. Öz milli valyutalarını çıxarmasında da böhrandan qurtulma ehtimalları azdır. Ona görə də bu gün Avropa zonasında diqqət, Avropaya inteqrasiya prosesinin daha da dərinləşməsinə yönəlib. Sadəcə burada iqtisadi proseslərlə yanaşı, siyasi məsələlər də işə qarışdığına görə, hadisələr gərginləşib. Bu da ondan ibarətdir ki, inteqrasiyanın dərinləşməsi prosesində Almaniya və Fransa öndə olmaq uğrunda siyasi mübarizədədirlər. Həmçinin, İngiltərə inteqrasiyanın dərinləşməsini milli maraqlarına uyğun hesab etmədiyi üçün dərinləşən inteqrasiya prosesindən kənarlaşmaq istəyir. Həmçinin, bu gün Almaniya və Fransanın maliyyə ehtiyatları, Avropanı bugünkü ağır iqtisadi durumdan çıxarmağa imkan verir. Həm də gələcəkdə Avropada inteqrasiyanın dərinləşməsi, sonradan böhranın azalmasına və avronun dəyərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Ona görə də bu gün avronun bir valyuta kimi zəifləməsi, ondan imtina olunması barədə danışmaq tez olar".

Ekspert onu da bildirir ki, bu gün ehtiyat vəsaitlərimizin bir hissəsi avro ilə saxlanılır: "Amma Azərbaycanın avrodan imtina etməsi düzgün olmazdı. Avropada baş verən proseslər bu gün Azərbaycanın maliyyə bazarına kəskin şəkildə təsir etməyəcək. Çünki, bu gün Avropa daha da dərinləşən inteqrasiyaya doğru gedir. Böhranın bu şəkildə dərin olması bir növ Avropanın inteqrasiya prosesinə xeyir gətirdi. Bu da gələcəkdə avroya öz müsbət təsirini göstərəcək".

Digər iqtisadçı ekspert Oqtay Haqverdiyevin fikrincə, bu gün avronun qüvvədə qalması o qədər də önəmli deyil: "Çünki, böhranda olan ölkələrin vəziyyəti o qədər çətinləşib ki, avronun gələcəyi çox böyük sual altındadır. Ayrı - ayrı ölkələri böhrandan çıxarmaq üçün hazırda 700 milyard avroluq maliyyə olmalıdır. Amma bu günə qədər 300 milyarda qədər yığılıb. Qalan hissəsini isə toplamaq sual altındadır. Çünki, həmin ölkələrin borcları onların ÜDM-dən daha çoxdur. Bu, onu göstərir ki, onlar mayadan o qədər xərcləyiblər ki, illik istehsalları da o borcları bağlaya bilmir. Ona görə də ümumiyyətlə, Avropa İttifaqının, xüsusi ilə də avronun gələcəyini yaxşı qiymətləndirmək olmaz. 3 ilə qədər ola bilsin ki, nəyinsə hesabına özlərini saxlaya bilsinlər. Amma gələcəyi demək olmaz. İndi də Yunanıstanı böhrandan çıxarmaq üçün ona 130 milyard avro ayırırlar. Amma 130 milyard avronu ona bağışlamırlar, axı. Yunanıstan yenidən onu qaytarmalı olacaq. Sadəcə, Yunanıstanın "ölümünü" bir az uzadırlar. Problemi birdəfəlik həll etmək üçün illər lazımdır".

Ekspert onu da bildirdi ki, indi bizim valyuta ehtiyatlarımıza həm qızıl, həm də əmlak alınır: "Çünki, bu, daha az riski olan istiqamətdir. Amma qiymətli kağızların riski çoxdur. Ona görə də çox ehtimal ki, gələcəkdə bizim valyuta ehtiyatlarımızın strukturu dəyişəcək".