Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalır

21 Dekabr 2012 08:49 (UTC+04:00)
Hər il Təhsil Nazirliyi müəssisələrdə kimsəsiz məzunların yerləşdirilməsi ilə bağlı problemlərlə üzləşir. Bu barədə Azərbaycanda Dövlət Uşaq Müəssisələrində uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı çərçivəsində 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat konfransında təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, məzun olduqdan sonra bu müəssisələrdəki uşaqlar həmin yerdə yaşamağa məcbur olurlar. Bu istiqamətdə Təhsil Nazirliyi Prezident Administrasiyası və Nazirlər Kabinetinə təkliflər göndərib.
Nazir deyib ki, 2011-2012 təhsil ilində uşaq evlərində 715 məzun olub. Onlardan 489 nəfəri 9-cu sinif, 226 nəfəri isə 11-ci sinif məzunudur. 11-ci sinif məzunlarından 51 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyi tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalır. O deyib ki, 2006-cı ildə 21 min, 2007-ci ildə 18 min 400, 2008-ci ildə 14 min 389, 2009-cu ildə 10 min 55, 2010-ci ildə 9 min 827, 2011-ci ildə 9 min 776, 2012-ci ildə isə 8 min 336 nəfər olub. Dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayında da ildən ilə azalma müşahidə edilir. 2008-ci ildə 4055, 2012-ci ildə isə 3671 nəfərə qədər azalma baş verib.
Misir Mərdanov ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı Milli Məclisdə müzakirə olunan məsələyə münasibət bildirərkən deyib ki, ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması onların imkanlarını daha da artırar.
O vurğulayıb ki, bu olsa, yaxşı olar: "Mən də arzu edirəm ki, belə bir qanun qəbul edilsin. Universitetlərin əlavə dəyər vergisindən azad olunması onların imkanlarını daha da artırar. Bu yeniliyin özəl universitetlərə şamil olub-olunmayacağını isə qanunu hazırlayanlar biləcəklər".
Misir Mərdanov deyib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı həm qanunvericilikdə, həm də dövlət proqramlarında bir sıra dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb.
O bildirib ki, YUNİCEF-in dəstəyi ilə Milli Məclisdə İnklüziv təlimlə bağlı hazırlanan yeni qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq. Nazirin sözlərinə görə, hökümətə isə kiçik qrup ailələrlə bağlı əsasnamələrin təsdiq edilməsi və digər məsələlərlə bağlı təkliflər təqdim edilib.
Onun sözlərinə görə, müəyyən məsələləri isə pilot layihə olaraq il ərzində həyata keçirilib. Artıq pilotların vaxtı bitdiyindən beynəlxalq təşkilatların da bizə ayırdığı dəstəyinin vaxtı bitib: "Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Əgər Təhsil Nazirliyinin həm Milli Məclis, həm də hökumətə təqdim etdiyi bu təkliflər qısa zamanda nəzərə alınarsa, gələn il uşaqların ailələrə verilməsi istiqamətində uğurlarımız daha çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər bu qanun qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik".