Order üzünə həsrət bina sakinləri

21 Dekabr 2012 10:16 (UTC+04:00)
Bakı şəhərində istifadəyə verilən bir sıra yeni çoxmərtəbəli binalardan mənzil alan vətəndaşların əksəriyyəti order üzünə həsrətdilər.  Mənzil sahibləri bildirirlər ki, mənzil alarkən binanı inşa edən tikinti şirkətinin rəhbərliyi "bütün sənədlər qaydasındadır" kimi yalan sözlərlə onları əmin ediblər.
Elə ki, bina tikilib qurtarıb və mənzillər sahiblərinə paylanılıb ən vacib olan sənəd - qeydiyyat orderi vətəndaşlara verilməyib. Məlum olub ki, bina Dövlət Qəbul Komissiyası (DQK) tərəfindən istismara təhvil götürülməyib.  Qeyd edək ki, order verilmədiyindən vətəndaşlar mənzilin yerləşdiyi rayon üzrə qeydiyyata düşə bilmirlər.  Qeyd edək ki, problemin kökü mənzil tikinti koorporativləri (MTK) ilə DQK arasında razılıq əldə olunmaması ilə bağlıdır.
DQK binanın istsmara yararlı olması barədə rəy verdikdən sonra, mənzillərdə yaşamaq mümkündür. Binalar istismara təhvil verilmədiyinə və texniki şərtləri olmadığına görə, onlara təbii qaz çəkilmir. 
Müvafiq rəsmi  qurumlar bildirir ki,  yeni tikililərdə bütün texniki şərtlərə əməl olunmalı və bina təhvil verilməlidir. Yalnız bundan sonra binaya qaz və digər kommunal xidmətlər göstərilə bilər. Ekspertlər hesab edirlər ki,  vətəndaşların order olmadan mənzildə yaşamaları qanunsuzdur.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Qalib Salahzadənin sözlərinə görə, vətəndaşlara orderin verilməməsi binanı inşa edən tikinti şirkətinin günahıdır: "Dövlət Qəbul Komissiyası yaradılanda artıq bəzi binalar tikilib qurtarmışdı. Həmin binalarda mənzillər satılıb qurtarıb. Binanın hüquqi sahibi isə binanı qeydiyyatdan keçirməkdə maraqlı deyil. Əvvəla binanın keyfiyyətilə bağlı komissiya əvvəlcə rəy, sonra onun istsmara verilməsinə razılıq verilməlidir. Hələ bilmək olmaz, həmin binalar komissiyadan uğurla keçə biləcək ya yox. Bütün hallarda mənzillərə order verilməməsinə görə, məsuliyyəti tikinti şirkətlərinin rəhbərləri daşıyır".
Mİllət vəkilinə görə, qeydiyyat məsələsini sürətləndirmək, birdəfəlik həll etmək lazımdır. Qeydiyyatları olmadığı üçün mənzildə yaşayanlar banklardan kredit götürə, sosial durumlarını yaxşılaşdıra bilmirlər.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə, MTK-lar vətəndaşlarla bağladıqları müqavilədə mənzillərin orderlərinin alınmasını vətəndaşların öz üzərlərinə qoyur: "Müqavilədə göstərir ki, orderi vətəndaş özü almalıdır. Bunun üçün 2 saylı forma və mənzildə yaşayanların razılığı ilə Texniki İnventarlaşdırma Bürosuna müraciət etmək lazım gəlir.  15-25 manat arasında dövlət rüsumu ödənildikdən sonra mənzilə kupça - qeydiyyat nişanı verilir.  Amma bizdə orderin alınması prosesi o qədər mürəkkəbdir ki, vətəndaş bu işə baş qoşmaq belə istəmir.  Qanunda nəzərdə tutulub ki, binanın sahibi hüquqi şəxsdirsə order Dövlət Reyester Xidməti, dövlət və bələdiyyəyə aiddirsə, rayon icra hakimiyyəti tərəfindən verilir.
Binalar DQK-ı tərəfindən istismara təhvil götürülmədiyi üçün aidiyyəti dövlət qurumları mənzil sahiblərinə order vermirlər. Düz edirlər. Bəlkə bina keyfiyyətsizdir, komissiya onu yaşamaq üçün təhlükəli hesab edəcək. O, zaman orderi verən dövlət qurumundan soruşacaqlar ki, yaşamaq üçün təhlükəli olan mənzilə niyə order vermisən?". N.İbrahimli onu da bildirdi ki, vətəndaşlar mənzil alarkən ehtiyatlı olmalıdılar: "DQK-sı tərəfindən istismara təhvil götürülməyən binalardan mənzil almaqdan çəkinmək lazımdır. Order ala bilməyəcəksən. Ordersiz mənzili isə heç kəsə satmaq, banka girov qoymaq olmur".