İri qabaritli avtomobillər də tıxaca səbəb olur
21 Dekabr 2012 11:18 (UTC+04:00)
Azərbaycanda əhalinin sosial-maddi durumu yaxşılaşdıqca, bahalı
avtomobillərin də sayı artır. Hətta indi elə ailələr var ki,
az qala hər üzvünün bir avtomobili var. Müşahidələr onu da göstərir
ki, azərbaycanlılar bahalı, xüsusilə də, iri qabaritli
avtomobillərə üstünlük verirlər.
"JEEP", "Toyota Prado", "Mitsubişi Pajero", "Volksvogen Tuoarek"
kimi iri qabaritli avtomobillər Azərbaycanda çox sevilir. Düzdür,
qiyməti ucuz və dözümlülüyü yüksək olduğu üçün hələlik bazarda
"mercedes benz"lər "at oynadırlar". Amma imkanı olan şəxslər məhz
iri qabaritli maşın almağa üstünlük verirlər.
Azərbaycanlıların belə avtomobilləri xoşlamasının psixoloji
və təbii səbəbləri var. Bunu sosioloji araşdırmalar da sübut
edir.
32 yaşlı Rauf Bağırov deyir ki, o, "mercedes benz"ini satıb "Toyota
prado" almaq istəyir. Səbəbini belə izah edir: "İşimlə əlaqədar
olaraq tez-tez rayonlara getməli oluram. Bakının və respublika
əhəmiyyətli yollar babat olsa da, kənd rayonların yolları hələ tam
yaxşı deyil. "Toyota prado" belə yerlərə getməyə əl verir. Həm də
gözəgəlimli maşındır".
Digər həmsöhbətimiz 38 yaşlı Fuad isə iri qabaritli avtomobillərin
daha cəzbedici olduğunu düşünür: "Belə maşınların yeri başqadır.
Həmin maşınları sürəndə özünü güclü və zəngin hesab edirsən. Sanki
həyatda yüksəlmək üçün xırda maneələri tapdalayıb irəli gedirsən.
Böyük maşınlardan aşağı baxdıqda balaca maşınlar sənə cılız
görünür".
Avtomobil satış mərkəzləri də etiraf edirlər ki, iri qabaritli
avtomobillərə maraq daha böyükdür. Onu da öyrəndik ki, iri
qabaritli avtomobilləri alanlar əsasən orta biznesin
nümayəndələridir. Mütəxəssislər isə bildirirlər ki, iri maşınlar
güclü, möhkəm təsiri bağışlasalar da, avtoqəza zamanı onların aşma
ehtimalı daha böyükdür. Onlar yüksək sürət şəraitində kiçik maneəyə
toxunmaqla aşa bilirlər. Sözsüz ki, kələ-kötür yolları qət etmək,
daşlı-çınqıllı, torpaqlı yollarda şütümək və dağlıq ərazilərə
çıxmaq üçün iri qabaritli avtomobillərin anoloqu yoxdur.
İqtisadçı ekpert İlham Hüseynlinin sözlərinə görə, yalnız Şərq
ölkələrində iri qabaritli avtomobillərə böyük maraq var: "Mən
dünyanın bir sıra ölkələrində olmuşam. Avropa ölkələrində bizdəki
qədər iri qabaritli avtomobil dəbdə deyil. Düzdür, onlar bahalı
avtomobil sürürlər. Amma iri qabaritli olanını yox. Şəhər
yerlərində belə avtomobillərə ehtiyacları da yoxdur. Yolları
o qədər hamar, nəqliyyatın hərəkəti o qədər sərbəstir ki, altı
yerdən 10 santimetr hündür olan maşını sərbət idarəetmək olur.
Bizdə isə gənclərdə sanki avtomobil xəstəliyi yaranıb. Birisi
avtomobil alan kimi və ya bahalı maşına minən kimi ürəyimizdə "mən
də bundan alacam" fikirini keçiririk. Sonuncu qəpiklərimizi belə
avtomobilin yolunda xərcləməyə hazırıq. Şəhər yerində, xüsusilə də,
mərkəzdə yaşayanların, ümumiyyətlə, avtomobilə ehtiyacları böyük
deyil. Bizim metro nəqliyyatımız var. Avtobus marşrutları pis-yaxşı
işləyir. İctimai nəqliyyatla nə qədər hərəkət etsən, gün ərzində 1
manatdan artıq xərcləmərsən. Əgər bu imkan var ikən nə üçün
avtomobil alıb, xarici şirkətləri zənginləşdirməliyik? Yəni
düşünürəm ki, bizdəki iri qabaritli avtomobil sevgisinin arxasında
heç bir iqtisadi məntiq yoxdur".
Ekspert əlavə etdi ki, biz avtomobil istehsal edən ölkələrin
vətəndaşlarından özümüzü daha zəngin göstəririk: "Yaponiya
istənilən formada, keyfiyyətdə avtomobil istehsal edir. Amma
insanları çox sadədir. İşə bəzən hətta velosipedlə gedib-gəlirlər.
Biz avtomobil istehsal etmirik, amma velosipedə minməyi eyib hesab
edirik. Bu, bizim psixologiyamızla bağlıdır. Baxırsan ki,
tələbədir, amma altında bahalı, iri qabaritli maşın var. Avropalı
bunu eləməz. Harvardda, Oksforda, Sarboniyada tələbələr dərsə
qatarla, avtobusla, velosipedlə gedib-gəlirlər. Orada oxuyan
ərəblər isə bir milyonluq maşın sürürlər. Belələrinə münasibət heç
də yaxşı deyil".
Hələlik isə müşahidələr göstərir ki, Bakıda iri qabaritli
avtomobillərin sayı durmadan atır və tıxacların yaranmasında belə
avtomobillər də müəyyən qədər rol oynayır. Çünki onlar yollarda
daha çox sahə tuturlar.